Ermənistan öz hərbi büdcəsiini artıracaqsa Azərbaycan buna səssiz qalmayacaq - MÜHARİBƏ OLA BİLƏR?
Azərbaycan son illərdə hərbi-siyasi sahədə tarixi dönüş mərhələsini geridə qoyub. Ölkə öz ərazi bütövlüyünü bərpa edib, separatizmi tamamilə neytrallaşdıraraq bütün sərhədləri üzərində nəzarəti təmin edib. Bu reallıq müdafiə siyasətində yeni inkişaf mərhələsinin başlanmasına səbəb olub. Əvvəlki dövrlərdə müharibə şəraitinin diktə etdiyi zərurətlər nəticəsində hərbi xərclərdə daha kəskin artım müşahidə olunurdusa, hazırkı mərhələdə bu dinamikanın nisbətən sabitləşməsi təbiidir. Bununla yanaşı, dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcinin ümumi xərclərin 21 faizini təşkil etməsi – yəni 8,7 milyard manatın ayrılması – ölkənin təhlükəsizlik prioritetlərinin hələ də strateji əhəmiyyət daşıdığını göstərir.
Mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Crossmedia.az-açıqlama verib: “Ümumdaxili məhsulun 2026-cı il üçün müdafiə və təhlükəsizlik sahəsinə 21%-i, yəni 8,7 milyard manat ayrılıb. Bildiyim qədər, bu vəsait güc strukturlarının ehtiyaclarını təmin edəcək. Yəni silah-sursatın alınması, infrastrukturun yenilənməsi və bu kimi məsələlər büdcədə nəzərdə tutulub. Mənə elə gəlir ki, bu, son artırmalardan biridir. Çünki biz artıq Qarabağ məsələsini həll etmişik və əsas işlər görülüb. Sadəcə, bəzi xırda işlərə görə bu vəsaiti ayırırıq. Gələn illərdə artıq bu dərəcədə vəsait ayırmağa ehtiyac qalmayacaq. Çünki hərbi hissələrin işğaldan azad olunmuş ərazilərdə yerləşdirilməsi, o cümlədən infrastrukturun yenilənməsi işlərinin xeyli hissəsi həyata keçirilib. Qalır hərbi qulluqçuların təminat məsələsi: orada mənzillərin tikilməsi, onların həyat və fəaliyyətinin yaxşılaşdırılması. Bu istiqamətdə də bəzi işlər nəzərdə tutulub”.
Ekspert bildirib ki, gələn il ehtiyatda və istefada olan hərbiçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenə də 35 milyon manat vəsait ayrılacaq: “Ola bilsin ki, gələn illərdə bu vəsait yenidən formalaşdırılsın və əvvəlki kimi tam şəkildə silah-sursata deyil, imkanların genişləndirilməsi məsələsinə yönəldilsin. Ona görə də hesab edirəm ki, 21% gələn illərdə bir qədər azaldılacaq. Bu həm də regionda gedən proseslərdən asılı olacaq. Əgər bizim qonşular – şimal, cənub, o cümlədən Ermənistan – öz hərbi büdcələrini artıracaqlarsa, biz də məcburiyyət qarşısında qalıb bəzi addımlar atmalı olacağıq. Son hadisələr onu göstərir ki, ümid edirik, silahlanma yarışı olmayacaq. Silahlanma yarışı olmayacağı təqdirdə, bu qədər vəsaitin də bu sahəyə ayrılmasına ehtiyac qalmayacaq. Vəsaitin 2026-cı il üçün ayrılmasını bu şəkildə dəyərləndirərdim”.
Zeynəb Xuduyeva
17:42 19.11.2025
Oxunuş sayı: 1242