Azərbaycan ərazisindən istifadə etməsi ermənilər üçün də səmərəli olacaq - Dəhliz açılır!
Azərbaycan və Türkiyə arasında nəqliyyat infrastrukturunun inkişafı sürətlə davam edir. Region üçün strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsi, ölkələrin iqtisadi və tranzit imkanlarını artıracaq. Layihə, Azərbaycan və Türkiyə tərəfinin demək olar ki, tamamladığı işlər üzərində qurulub, Ermənistan hissəsində isə işlərin tamamlanması gözlənilir. Bu dəhliz, regional ticarət və yük daşımalarında yeni imkanlar yaradacaq. Eyni zamanda, dəhlizdən keçid həm beynəlxalq arenada Ermənistanın mövqeyini gücləndirə bilər. Layihə yalnız nəqliyyat yox, həm də iqtisadi əlaqələrin inkişafı baxımından vacib hesab edilir. Ekspertlər vurğulayır ki, gələcəkdə bu dəhliz TRIPP layihəsi çərçivəsində daha geniş miqyasda fəaliyyət göstərəcək.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Crossmedia.az-a açıqlama verib.
Elməddin Muradlı bildirib ki, işlər sürətlə gedir, çünki Azərbaycan və Türkiyə tərəfi işin çox hissəsini artıq tamamlayıb: “Qalıb Ermənistana aid olan hissələrdəki işləri həll etmək. Bizim üçün maraqlıdır Ermənistan iqtisadi imkanları nə yerdədir, məsələləri hansı səviyyədə həll edəcək?”. Ekspert əlavə edib ki, layihənin region üçün böyük əhəmiyyəti var və Ermənistan baş naziri də Amerikada üçtərəfli görüşdə layihəni təsdiqləyib.
Ekspert vurğulayıb ki, yaxın vaxtlarda Ermənistan cəmiyyəti də layihənin səmərəliliyini dərk edəcək: “Beynəlxalq arenaya açılması və nəqliyyat blokadasından çıxması üçün Azərbaycan ərazisindən istifadə etməsi onlar üçün səmərəli olacaq. Eyni zamanda, Zəngəzur dəhlizindən maneəsiz keçid imkanları Azərbaycan vətəndaşları üçün də təmin olunacaq”. O əlavə edib ki, gələn il layihənin TRIPP çərçivəsində beynəlxalq səviyyədə işə başlaması gözlənilir və Azərbaycan üçün də əhəmiyyətli tranzit imkanları yaradacaq.
Fidan Bəhmənova
17:28 19.11.2025
Oxunuş sayı: 1170