Politoloq: Ermənistan o vəziyyətdə deyil ki...
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.
"Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib.
N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir.
Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb.
Bu, həm daxili, həm də xarici auditoriyaya verilmiş mesajdır. Paşinyan açıq- aydın silahlanmaya və beləlikə, həm də növbəti müharibəyə qarşı çıxır.
Politoloq Tofiq Abbasov bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, parlamentdə borc haqqında danışıqlar, debatlar, müzakirələr xəbərdarlıq xarakteri daşıyan bir açıqlamadır: "Çünki faktiki olaraq Ermənistanın iqtisadi vəziyyəti bu borcun ödənməsinə imkan vermir. Adətən belə ölkələr borca düşəndə onun restrukturlaşmasını aparırlar. Sonra xarici maliyyə institutları prosesdə iştirak edirlər, bəzi ölkələr donor olur. Amma indi Ermənistan elə vəziyyətdə deyil ki, hansısa ölkə ona kömək etsin. O borcun yükü Ermənistan xalqının üzərindədir. Ona görə də baş nazirin bu prosesi diqqətə gətirməsi xəbərdaredici bir işarədir. Paşinyan bildirir ki, ölkədə ehtiyatları qənaətlə xərcləmək, əlavə xərcləri azaltmaq, digər tərəfdən islahatlar keçirmək lazımdır. Paşinyanın verdiyi əsas mesajlar bunlardır".
Fatimə Nəzərli
17:04 14.11.2025
Oxunuş sayı: 1736