Qarabağda talançılıqla tanınan Manvel Qriqoryanın ailəsi yeni ittihamlarla üzləşdi
Hərbi cinayətkar və talançı Manvel Qriqoryanın qızına, Ermənistanda ümumi yurisdiksiya məhkəməsinin hakimi Naira Qriqoryana ittiham irəli sürülüb. Antikorrupsiya Komitəsi məhkəmə sisteminin nümayəndəsinə qarşı ittiham irəli sürülməsini təsdiqləyib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir. “Məhkəmə sisteminin nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə (Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsi) və bilə-bilə ədalətsiz hökm, qərar və ya başqa məhkəmə aktı çıxarmaqda (CM-nin 482-ci maddəsi) ittiham olunur”, – deyə qurumun açıqlamasında bildirilir.
Bundan əvvəl məlum olmuşdu ki, Ermənistan məhkəməsi Manvel Qriqoryanın yaxınlarının və qohumlarının 3 milyon dollardan artıq məbləğdə əmlakını müsadirə edəcək.
Xatırladaq ki, hərbi cinayətlərdə və talançılıqda ittiham olunan Manvel Qriqoryan Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulini işğal etmiş erməni silahlı birləşmələrinə komandanlıq edib. O, azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlıqla yadda qalıb.
Qriqoryan bir müddət həbsdə saxlanılmışdı, lakin 2020-ci ilin yanvarında səhhətindəki problemlərə görə – onkoloji xəstəlik və şəkərli diabet səbəbilə məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılmışdı. O, 2020-ci ilin noyabrında vəfat edib.
Türkanə Məşədiyeva
14:51 11.11.2025
Oxunuş sayı: 1273