Gürcüstanın Ermənistan-Azərbaycan sülh prosesində neytral vasitəçi kimi iştirak etmək istəyi regional güc balansına necə təsir edə bilər?- Şərh
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhə töhfə verəcək ki, bu da region ölkələrinin siyasi mövqeyinin gücləndirilməsi üçün son dərəcə vacibdir.
Gürcüstan Baş naziri İrakli Kobaxidze "TRT World" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin imzalanması ölkələrin iqtisadiyyatının yaxşılaşdırılmasına da kömək edəcək.
"Mən bu sülh sazişini son dərəcə vacib hesab edirəm. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və dənizə çıxışı olmayan qonşularımız Ermənistan və Azərbaycan üçün çox önəmli rol oynamağa davam edir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında həlledici rola malikdir. Məhz buna görə də biz iki ölkə arasında sülh sazişinin imzalanmasına çox şadıq.
İndi hər üç ölkədə yüksək iqtisadi artım templəri müşahidə olunur və bu, sülh və üç ölkə arasında çox yaxşı əməkdaşlıq sayəsində mümkün olub. Buna görə də biz eyni ruhda davam etməliyik. Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı baxışı belədir", - İ.Kobaxidze qeyd edib.
Azərbaycanın və Ermənistan arasındakı normallaşma prosesinin Cənubi Qafqaza təsiri, həmçinin Gürcüsanın proseslərdəki rolu və perspektivlər barədə Crossmedia.az-a danışan siyasi şərhçi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nəsibə Mirzəyeva deyib ki, Qafqaz regionunun tarixi, geosiyasi və iqtisadi kontekstində Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış etmə istəyi xüsusi əhəmiyyət kəsb etməkdədir: "Uzun müddət davam edən münaqişə regional aktorların dialoqunu, o cümlədən vasitəçilik məsələsini strateji bir amil halına gətirib. Bu məzmunda Gürcüstanın rolu yalnız onun coğrafi mövqeyinə deyil, həm də diplomatik neytrallığına və regional əməkdaşlıq siyasətinə əsaslanır. Ölkənin həm Azərbaycan, həm də Ermənistanla sərhədə malik olması, Qara dənizə çıxışı region ölkələri üçün tranzit və iqtisadi əməkdaşlıq baxımından mühüm körpü rolunu təmin edir. Gürcüstanın bu mənada tərəflərə konstruktiv dialoqun aparılması üçün xarici siyasətində balanslı və neytral mövqeyə əsaslanan platforma təqdim etməsi onun vasitəçilik potensialını gücləndirir.
Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına verdiyi müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi istiqamətində atılan ciddi addımlar Cənubi Qafqaz regionunda sülhün daha da möhkəmlənməsinə və ölkələrin iqtisadi inkişafına mühüm töhfə verəcək. Hökumət başçısının sözlərinə görə, sülh sazişi region üçün olduqca vacibdir və son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və bu gün də dənizə çıxışı olmayan Ermənistan və Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır. Gürcüstanın iki ölkə ilə iqtisadi əməkdaşlığı onların iqtisadi inkişafı üçün həlledici rol oynayır. İki ölkə arasında sülh sazişinin imzalanmasının ölkələrin siyasi mövqelərinin güclənməsi və iqtisadiyyatlarının inkişafı baxımından da əhəmiyyəti baş nazir tərəfindən dilə gətirilib. İ.Kobaxidze hesab edir ki, sülh yüksək iqtisadi artım templərinə malik üç ölkə arasındakı əla əməkdaşlığın nəticəsidir. Bu baxımdan gələcəkdə də bu xətt davam etdirilməlidir".
O, əlavə edib ki, beynəlxalq münasibətlər nəzəriyyələri çərçivəsində Gürcüstanın rolu müxtəlif aspektlərdən təhlil oluna bilər: "Realist yanaşmadan baxıldığında Gürcüstanın hərəkətlərini regional güc balansını qorumağa yönəldilmiş strateji addımlar kimi qiymətləndirə bilərik. Ölkə Azərbaycan və Ermənistanla münasibətlərində balanslı strategiya tətbiq edərək regionda sabitliyin təmin olunmasına xidmət edir. Liberal nəzəriyyəyə müvafiq olaraq isə regional əməkdaşlıq və qarşılıqlı asılılıq sülhün əsas təminatçısı kimi ön plana çəkilir. Bu yerdə Gürcüstanın vasitəçilik funksiyası tərəfləri iqtisadi və tranzit əlaqələri vasitəsilə birləşdirərək etimadın formalaşmasına töhfə verir. Konstruktivist perspektiv isə dövlətlərin davranışlarını onların kimlikləri, qəbul etdiyi norma və prinsiplərlə izah edir. Gürcüstanın neytral mövqeyi və regional diplomatik nüfuzu onun tərəflər tərəfindən vasitəçi kimi qəbul edilməsini, sülh təşəbbüslərində etibarlı tərəfdaş rolunda çıxışını təmin edir".
Ekspertin fikrincə, Kobaxidzenin fikri nəzəri baxımdan haqlı görünür, dənizə çıxışı olmayan Azərbaycan və Ermənistan üçün Gürcüstan həm tranzit, həm də diplomatik vasitəçilik baxımından strateji əhəmiyyət daşımaqdadır: "Gürcüstanın coğrafi mövqeyi, iqtisadi infrastruktur imkanları həm iqtisadi əməkdaşlığı genişləndirir, həm də regional diplomatik təşəbbüslər üçün əlverişli şərait yaradır. Bu baxımdan, Gürcüstanın vasitəçilik funksiyası yalnız nəzəri və diplomatik kontekstdə deyil, praktiki olaraq da regional inteqrasiya, iqtisadi əməkdaşlıq və sabitliyin təşviqi üçün mühüm bir amil kimi qiymətləndirilə bilər.
Bununla belə,
Gürcüstanın vasitəçilik imkanları müəyyən məhdudiyyətlərlə də üzləşir. Azərbaycan
və Ermənistan arasındakı uzunmüddətli gərginlik və etimad çatışmazlığı vasitəçilik
prosesinin effektivliyini məhdudlaşdırıb. Buna baxmayaraq, ölkənin neytral
mövqeyi və regional iqtisadi imkanları vasitəçilik funksiyasının strateji əhəmiyyətini
azaltmayıb.
Nəticə olaraq, Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirə biləcək regional aktordur. Onun coğrafi mövqeyi, iqtisadi infrastrukturu və diplomatik neytrallığı regionda sabitliyin, əməkdaşlığın və sülhün təşviqi üçün mühüm bir amil kimi çıxış edir. Gürcüstanın vasitəçilik rolu Cənubi Qafqazda regional inteqrasiyanın, etimad quruculuğunun və diplomatik dialoqun davamlı şəkildə inkişaf etdirilməsi üçün strateji bir imkan kimi qiymətləndirilə bilər".
19:09 07.11.2025
Oxunuş sayı: 15524