Paşinyanın kilsəyə qarşı “səlib yürüşü”: O nəyə hazırlaşır?
Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu gün erməni apostol kilsəsində katolikos yoxdur.
“Əgər Ktriç Nersisyanın övladı varsa və o uşaq subaylıq andını içdikdən sonra dünyaya gəlibsə, o, bütün ermənilərin katolikosunun taxt-tacını tuta bilərmi? Niyə Ermənistanda bu sual qaldırılmır? Ktriç Nersisyan katolikos deyil”, - Baş nazir bildirib.
Məlum olduğu kimi, son vaxtlar hakimiyyətlə müxaligət və kilsə arasında gərginlik artır. Paşinyan bütün imkanları ilə çalışır ki, rəqiblərinin imkanlarını zəiflətsin. Bu, iqtidara bir tərəfdən daxili sabitlik, digər tərəfdən isə qarşıdan gələn parlament seçkilərində “əlini gücləndirmək” üçün lazımdır.
Politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Abdullayev Paşinyanın müxalifətə qarşı “səlib yürüşü” barədə Crossmedia.az-a açıqlama verib: “Ermənistanda artıq bir aydır kilsə ilə hakimiyyət arasında gərginlik artır. Paşinyan əvvəlcə kilsəni nüfuzdan salan məlumatlar yaydı, sonra həbslərə başladı və indi də kilsə daxilində parçalanma yaratmağa çalışır.

Əhali II Qaregini dəyişmək istəsə də, bunu hökumətin həyata keçirməsindən narazıdır. Paşinyanın aşağı reytinqi də bu mübarizədə onun əlini zəiflədir. Eyni zamanda kilsə də həm daxildə, həm diaspor vasitəsilə Paşinyana qarşı təzyiq göstərir”.
Onun fikrincə, mübarizənin daha da kəskinləşəcəyi gözlənilir: “Paşinyanın əsas məqsədi seçkilərə qədər kilsənin təsir gücünü azaltmaqdır. Çünki kilsə ucqar bölgələrdə belə ictimai rəyi formalaşdıra bilir. Sorğular isə göstərir ki, kilsənin reytinqi yüksəkdir. Buna görə hökumətin çox sərt addımlar atması ehtimalı azdır. Seçkilərə təsir baxımından kilsə 1–2% səsləri müxalifətin xeyrinə dəyişə bilər, lakin ümumi nəticəni dəyişəcək gücə malik deyil. Buna baxmayaraq, Paşinyanın planlaşdırdığı hədəflərə qismən çatacağı ehtimal olunur”.
Lalə Rəvəndi
22:30 06.11.2025
Oxunuş sayı: 1690