Rusiyada hakimiyyət dəyişikliyi: Ukrayna ilə müharibənin həzin sonu...
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Kiyevdən gələn yeni bəyanatlar regionda diplomatik vəziyyətin gərginliyini bir daha gündəmə gətirib. Ukrayna Prezidenti Vladimir Zelenskinin “Ukrayna yalnız cəbhə xəttində atəşkəsə hazırdır” sözləri, ölkənin mövcud strateji mövqeyini və diplomatik prinsiplərini açıq şəkildə ifadə edir. Bu bəyanat həm Ukraynanın geri çəkilməz mövqeyindən, həm də sülh danışıqlarına yalnız ədalətli və suverenlik çərçivəsində yanaşmaq niyyətindən xəbər verir.
Zelenskinin sözlərinə görə, Kiyev diplomatik proseslərdə güzəşt və ərazi itkilərinə əsaslanan razılaşmalara getməyəcək. “Biz diplomatiyaya yalnız mövqeyimizdən yanaşırıq. Dövlətimizin heç bir hissəsindən geri çəkilməyəcəyik”, – deyə Ukrayna lideri bildirib. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin sülh danışıqlarından yayınmaq üçün müxtəlif yollar axtarır və hazırkı mərhələdə Moskva üçün Ukrayna ilə razılaşma prioritet deyil.
Digər tərəfdən, Ukraynanın yaxın perspektivdə 250-yə qədər yeni döyüş təyyarəsi F-16, Gripen və Rafale tipli aviasiya vasitələri əldə etməyi planlaşdırması, ölkənin hərbi potensialını və müdafiə strategiyasını əhəmiyyətli dərəcədə gücləndirməyə yönəlib. Bu addım həm Ukraynanın müdafiə qabiliyyətinin artırılması, həm də Qərb tərəfdaşları ilə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zelenskinin bəyanatı göstərir ki, Kiyev diplomatik masaya yalnız güclü mövqedən oturmağı planlaşdırır. Ukrayna rəhbərliyi müharibənin sonunun yalnız ədalətli şərtlər daxilində, ölkənin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildikdən sonra mümkün olacağı qənaətindədir. Bu isə yaxın gələcəkdə Rusiya-Ukrayna münasibətlərində siyasi kompromisin yaranma ehtimalını bir qədər də azaldır və münaqişənin uzunmüddətli xarakter daşıyacağını göstərir.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Təbii ki, bu, gec-tez baş verəcək- sülh müqaviləsi imzalanacaq və atəşkəs tərəflərin səmimi iradəsi nəticəsində müharibələr sülh yolu ilə sona çatacaq. Lakin görünən odur ki, bu, yaxın vaxtlarda olmayacaq; səbr və zaman tələb edən bir prosesdir. Ukrayna ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Rusiyanın işğal edilmiş ərazilərdən çıxması üçün müxtəlif siyasi nəticələrdən biri hakimiyyət dəyişikliyi ola bilər; həmçinin başqa mümkün ssenarilər də mövcuddur. Lakin mühüm olan budur ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü təmin etməlidir. Bu səbəbdən qarşıda hələ uzun və çətin münaqişə perspektivi görünür".
Ekspert, həmçinin Ukraynanın yeni silahlar və müasir döyüş təyyarələri əldə etməsi onun strateji məqsəd qoyduğunu və güclənmə niyyətini açıq şəkildə göstərdiyini qeyd edib: "Bu isə o deməkdir ki, müharibə davam edə bilər və tərəflər öz gücünü artırmaq üçün planlar həyata keçirirlər. Qərbin əsas hərbi yardımı təmin etmə niyyəti də Rusiyanın mövqelərinə daha ciddi zərbələr vurmaq məqsədilədir. Nəticədə, bu əməliyyatlar işğaldan azad edilmiş ərazilərin taleyinə və Rusiya hakimiyyətinə əlavə təzyiqlər yarada bilər ki, bu da sülhə məcbur etmə faktorlarından biri ola bilər".
Elmir Heydərli
11:58 30.10.2025
Oxunuş sayı: 2762