Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi nə vəd edir? – Ekspert açıqladı
“Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan iki dəfə açıqlama verərək bildirib ki, Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq. O, hətta bunun üçün marşrut xəttini də təklif edib: Marqara-Yeqnadzor-Sisian-Gorus yolu”.
Bunu Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, bunun Azərbaycan jestinə adekvat reaksiya kimi görünməsinə baxmayaraq, Bakının tranzit qadağasını ləğv etməsi ilə Paşinyanın təklifi arasında fərq var: “Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən birbaşa keçidi hələ gündəmdə deyil: məsələn, Qazaxıstandan Ermənistana gedən yüklər Azərbaycana daxil olaraq Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bu yolla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, lakin Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi tezliklə açmağa təşviq etmək məqsədi daşıyır. Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin əsas bir neçə məqsədi var. Biricisi, Gorusdan sərhəd keçidini açmaqla yüklərin birbaşa tranzitini təmin etmək və Marqara keçid məntəqəsini işlək vəziyyətə gətirərək Türkiyə ilə sərhədin açılması presedentini yaratmaqdır. İkincisi, Ankaranın sərhədin açılması üçün tələb etdiyi “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirməkdir”.
Müsahibimiz söyləyib ki, bu baxımdan, Paşinyanın açıqlamalarında məqsəd sadəcə “jestə cavab vermək” deyil: “Azərbaycanın məsələyə reaksiyasının olmaması isə İrəvanın niyyətindən xəbərdar olduğunu göstərir. Perspektivdə Azərbaycan Ermənistan tranzitindən “pilot layihə” kimi istifadə edə bilər, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın tam bərpası mümkün olmayacaq. Bakı üçün regional kommunikasiya paket şəklində açılmalıdır.”
Lalə Rəvəndi
20:58 28.10.2025
Oxunuş sayı: 1819