Rusiya-Ermənistan iqtisadi əməkdaşlığının təsiri məhdud və asılı xarakter daşıyır - Açıqlama
Ermənistanın Rusiya ilə yaxın tərəfdaşlığı və bu münasibətlərin regiondakı güc balansına təsiri diqqət mərkəzindədir. Bu əlaqələr həm Ermənistanın Qərblə münasibətlərinə, həm də Cənubi Qafqazdakı iqtisadi və geosiyasi proseslərə təsir göstərir. Ukrayna müharibəsi və Rusiya-Qərb qarşıdurması bu prosesləri daha da aktuallaşdırıb. Ermənistanın Rusiyadan iqtisadi və enerji sahəsində asılılığı ölkənin Qərbə inteqrasiyasına mane olur.
Mövzu ilə bağlı BMTM-in eksperti Fuad Abdullayev Ermənistanın Rusiya ilə yaxın tərəfdaşlığının regiondakı siyasi və iqtisadi təsirləri barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Ermənistan-Rusiya münasibətləri Ermənistanın Qərblə əlaqələrinə və beynəlxalq siyasətinə birbaşa təsir göstərir. Ermənistanın Rusiya ilə yaxın tərəfdaşlığı, eyni zamanda, Ermənistan-Qərb münasibətlərində də öz əksini tapır. Yaxın tərəfdaşlıq təbii olaraq bu münasibətlərə təsir göstərir. Ukrayna müharibəsi və Rusiya-Qərb qarşıdurmasının davam etməsi, hazırda Ermənistan-Qərb münasibətlərinə, yəni Ermənistan-Rusiya münasibətlərinə təsir edən əsas amillərdən biridir. Bu vəziyyət Ermənistanın qərblə əlaqələrinə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində məhdudlaşdırıcı təsir göstərir. Ermənistanın Rusiyadan həm iqtisadi, həm də enerji sahəsində asılılığı bu təsiri daha da artırır və ölkənin Qərbə inteqrasiyasına birbaşa mane olur. Ermənistan Rusiya ilə münasibətlərini balanslaşdırmadığı müddətdə, beynəlxalq aləmdə uğurlu siyasət aparması çətinləşəcək,” – deyə ekspert vurğulayıb.
F. Abdullayev Rusiya ilə Ermənistanın iqtisadi əlaqələrinin Cənubi Qafqazdakı güc balansına təsirinə toxunaraq bildirib ki, real iqtisadi dinamika və beynəlxalq əlaqələr baxımından regionda aparıcı güc mərkəzi Azərbaycanın roludur: “Rusiya-Ermənistan iqtisadi əməkdaşlığının təsiri məhdud və asılı xarakter daşıyır. Ermənistanın kiçik iqtisadi bazara və məhdud istehsal imkanına malik olması bunu daha da məhdudlaşdırır. Cənubi Qafqazın iqtisadi və enerji balansının əsasını Azərbaycan regional layihələr vasitəsilə formalaşdırıb və proses davam edir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz xətti və Bakı-Tiflis-Qars dəmir yolu. “Azərbaycan həm enerji ixracatçısı, həm də transit ölkə kimi Qərb və Mərkəzi Asiya arasında birləşdirici körpü rolunu oynayır. Bu layihələrdən kənarda qalmaq Ermənistanı regiondakı iqtisadi və geosiyasi proseslərdən təsir imkanlarından məhrum edir".
Ekspert həmçinin bildirib ki, Ermənistanın Rusiyadan asılı qalması onun müstəqil siyasət yürütməsinə müəyyən qədər mane olur və bu asılılıq iqtisadi, enerji və təhlükəsizlik sahələrində özünü göstərir.
Fidan Bəhmənova
21:24 27.10.2025
Oxunuş sayı: 2556