Cənubi Qafqazda heç zaman olmadığı qədər əlverişli siyasi mühit formalaşıb- Parlamentari
Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı bir dövrdə dialoq və qarşılıqlı etimad mühiti sülh gündəliyinin əsas şərtinə çevrilib. Azərbaycanın konstruktiv mövqeyi və regional təhlükəsizlik arxitekturasının qurulmasında oynadığı həlledici rol fonunda aparılan yüksək səviyyəli görüşlər bu prosesin praktiki mərhələyə keçdiyini göstərir. Xüsusilə də Parlamentlərarası müstəvidə baş tutan təmaslar təkcə diplomatik jest deyil, həm də uzunmüddətli sabitlik və qarşılıqlı anlaşma istiqamətində atılan real addımlar kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Crossmedia.az-a açıqlama verib:
"Milli Məclisin sədri Sahibə xanım Qafarova və Ermənistan Parlamentinin sədri Alen Simonyan arasında oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutan görüş regionda sülh və sabitliyin bərqərar olması istiqamətində atılan mühüm addımdır. Bu cür görüşlər Cənubi Qafqazda uzun illər davam edən gərginliyin azaldılması, qarşılıqlı etimad mühitinin formalaşması və sülh müqaviləsinin reallaşması baxımından əhəmiyyətlidir".
Deputat bildirib ki, Azərbaycan hər zaman konstruktiv dialoqa, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münasibətlərin tənzimlənməsinə tərəfdar olub: "Bu görüş də məhz həmin prinsiplərin praktiki ifadəsidir. MöhtərəmCənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində regionda yeni reallıqlar yaranıb, sülh prosesinin əsas istiqamətləri artıq praktik müstəviyə keçib. Ölkə başçımızın irəli sürdüyü təşəbbüslər və sülh gündəliyi fonunda Azərbaycan- Ermənistan arasında, daha geniş spektrdə Cənubi Qafqazda heç zaman olmadığı qədər əlverişli siyasi mühit formalaşıb. Rəsmi Bakı bundan sonra da sülhə, sabitliyə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında ardıcıl və prinsipial mövqeyini davam etdirəcək".
Ayhan
18:28 24.10.2025
Oxunuş sayı: 2140