Bütün məsələlərdə geriyə addım atan tərəf məhz Ermənistandır - Rəy

Cənubi Qafqaz regionu bu gün geosiyasi maraqların toqquşduğu, diplomatik təşəbbüslərin isə ciddi sınaqlardan keçdiyi bir məkandır. 2020-ci ilin 44 günlük müharibəsindən sonra yaranan yeni reallıq, bölgədə sülh və təhlükəsizlik balansını bərpa etmək üçün unikal imkanlar açsa da, Ermənistan rəhbərliyinin ziddiyyətli siyasəti bu prosesi ləngidir. Ölkənin siyasi elitası hələ də bir istiqamət seçib onun üzərində ardıcıl və prinsipial mövqe sərgiləməkdə acizdir. Ermənistan hökumətinin diplomatik davranışları bir qayda olaraq yarımçıq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla müşahidə olunur. Vaşinqton, Brüssel və Moskva formatlarında aparılan danışıqların heç birində real irəliləyiş əldə edilməməsi də bunun nəticəsidir. Rəsmi İrəvan bir tərəfdən Qərblə inteqrasiya niyyətini nümayiş etdirir, digər tərəfdən isə Rusiya ilə münasibətlərini qorumağa çalışır. Bu ikili siyasət, əslində, Ermənistanın beynəlxalq diplomatiyada etibarsız aktora çevrildiyini açıq göstərir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib: “Ermənistanın siyasi rəhbərliyi və elitası hələ də ardıcıl və prinsipial mövqe sərgiləmək bacarığına malik deyil. Onlar müəyyən bir siyasi xətti tutub onun üzərində dayanıqlı şəkildə durmaq, bu istiqamətdə ardıcıl addımlar atmaq əvəzinə, hər şeyi yarımçıq formada saxlayırlar. Hazırkı vəziyyət də bu mənada istisna deyil. Bu gün açıq şəkildə görünür ki, Ermənistan tərəfindən yenidən sabotaj elementləri ortaya çıxır. Əgər bu, diplomatiya sayılırsa, deməli, bu, son dərəcə uğursuz diplomatiyadır. Çünki artıq İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, Ermənistan heç bir məsələdə konstruktiv mövqe ortaya qoya bilməyib. Nə kommunikasiyaların açılması, nə sülh prosesinin irəliləməsi, nə də etimad mühitinin formalaşması istiqamətində Ermənistanın real addımları müşahidə olunmur. Əksinə, bütün məsələlərdə geriyə addım atan tərəf məhz Ermənistandır. Bunun bariz nümunəsini də yaxın günlərdə gördük: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, guya onlar Azərbaycanın qarşısında konstitusiyanın dəyişdirilməsi ilə bağlı heç bir öhdəlik götürməyiblər. Bu, bir daha sübut edir ki, Ermənistan yerində saymağa üstünlük verir, hərəkət etməkdən çəkinir və prosesləri bilərəkdən ləngidir. Ola bilsin ki, bu, qarşıdan gələn parlament seçkiləri ilə də bağlıdır. Hakimiyyət daxildəki gərgin siyasi vəziyyətdən qorxur və vəziyyəti müşahidə edərək, hansı qüvvənin önə çıxacağını görmək istəyir”.
T.Abbasov qeyd edib ki, eyni qeyri-müəyyənlik ABŞ-la münasibətlərdə də özünü göstərir: “Ermənistan bu layihədə də ikiüzlü mövqe sərgiləyir — bir tərəfdən bildirir ki, layihə ABŞ şirkətləri ilə birgə istismar ediləcək, nəzarət onlarda olacaq, digər tərəfdən isə iddia edir ki, guya bu, onların suverenliyinə və milli maraqlarına ziddir. Bu isə, əslində, Ermənistanın qeyri-ciddiliyini və məsuliyyətsizliyini bir daha üzə çıxarır. Halbuki, 8–9 avqustda Vaşinqtonda keçirilən görüşlərdə olduqca nikbin bir atmosfer hökm sürürdü. O zaman danışıqlarda bütün tərəflər — Azərbaycan, ABŞ və Ermənistan — irəliləyiş üçün real imkanların yarandığını düşünürdülər. Amma İrəvana qayıtdıqdan sonra Paşinyan hökumətinin yenidən köhnə “oyunbazlıq” taktikasına qayıtdığını gördük. Belə yanaşma, əlbəttə ki, davam edə bilməz. ABŞ bu cür qeyri-sabit və qeyri-konstruktiv davranışın tərəfdarı deyil və ola da bilməz. Xüsusilə də Donald Trampın siyasi xəttinə baxdıqda, onun prinsipial və qətiyyətli mövqeyinin buna imkan verməyəcəyi aydın olur. Əgər danışıqlar masası boş qalarsa, bu, Ermənistanın növbəti dəfə prosesi bilərəkdən iflasa uğratmaq istəyi kimi dəyərləndiriləcək. Diplomatiyanın əsası danışıqlardır — burada hər bir iştirakçının real mövqeyi aydın görünür. Bu gün biz müşahidə edirik ki, Ermənistan rəhbərliyində fikir birliyi yoxdur. Paşinyan bir söz deyir, xarici işlər naziri Mirzoyan başqa mövqe tutur, parlament sədri Alen Simonyan fərqli bəyanatlar verir, Təhlükəsizlik Şurasının katibi isə tamamilə başqa istiqamətdə çıxış edir. Bu dördlük sanki müxtəlif xarici mərkəzlərə xidmət edən, bir-birinə zidd siyasət yürüdən qruplardır. Onlar formal şəkildə birlik görüntüsü yaratsalar da, əslində təşəbbüskar tərəf Azərbaycan olub. Məhz buna görə də ABŞ-ınprezidenti Donald Tramp təsadüfi şəkildə deməmişdi ki, “İlham Əliyev güclü siyasətçidir, onunla hər kəs danışıqlar apara bilmir.” Bütün bunlar onu göstərir ki, Ermənistan məsuliyyətli və ciddi davranmadığı müddətcə proseslərdə dinamika olmayacaq. Əgər bu ölkə üzərinə düşən öhdəlikləri qəbul edib, real addımlar atarsa, onda bölgədə sülh prosesləri daha çevik və dayanıqlı şəkildə inkişaf edə bilər”.
Ayhan
20:46 17.10.2025
Oxunuş sayı: 1268