Gürcüstanla Avropa arasında "sirat körpüsü": Münasibətlər kəskinləşir

Gürcüstanla ATƏT arasında diplomatik gərginlik yaranıb. Belə ki, Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Gürcüstana səfəri rəsmi Tbilisinin narazılığına səbəb olub. Gürcüstan Xarici İşlər Nazirliyi onun səfər zamanı hökumət əleyhinə aksiyada iştirakı və verdiyi bəyanatla bağlı ATƏT-ə və üzv dövlətlərə etiraz notası göndərib. Bu hadisə Gürcüstan və ATƏT münasibətlərinə necə təsir göstərə bilər?
Siyasi şərhçi Elçin Xalidbəyli baş verən vəziyyətlə bağlı Crossmedia.az-a danışıb. O, Gürcüstanın son vaxtlar Qərb dövlətləri və qurumları ilə kifayət qədər ciddi problemləri olduğunu bildirib: "Avropa ilə ziddiyyətlər dərinləşməkdə davam edir. Çünki gürcü partiyasının yeritdiyi siyasət Avropa İttifaqında ciddi narazılıq doğurur və Gürcüstanın Qərbə inteqrasiyasından uzaqlaşdığı açıq-aşkar müşahidə olunur. Belə hesab olunur ki, Gürcüstan hələlik öz hədəflərini müəyyənləşdirməkdə çətinlik çəkən dövlətdir. Çünki, bəzi məlumatlara görə, hakim gürcü partiyasi Rusiyaya yönəlik bir partiyadır. Köhnə dövrdən qalma siyasi kurs isə, Qərbə inteqrasiya xarakteri daşıyır. Gürcü partiyası da bu iki ziddiyət arasında çıxış yolu tapmaqda çətinlik çəkir’’.
Ekspert vurğulayıb ki, hazırda Gürcüstanda Qərbə inteqrasiya siyasətini məhdudlaşdıran addımlar atılır: "Ona görə də, Gürcüstanda ciddi şəkildə etiraz dalğası baş qaldırıb. Bu etiraz dalğası artıq ardıcıl xarakter daşıyır. Bələdiyyə seçkilərində sonra da bu müşahidə olundu. Bəzi Qərb ölkələrinin o cümlədən, Qərb qurumlarının təmsilçiləri Qərbə inteqrasiya tərəfdarı olan Gürcüstan müxafilətinin aksiyalarını dəstəkləyirlər və bu da Gürcüstan hökümətində ciddi narazılıq doğurur. Həmçinin adı çəkiləm səfirlər də Gürcüstan müxalifətinə dəstək verirlər. Dəstək verənlərin sırasında Gürcüstan hökümətinin sərt ittihamlarına məruz qalan Avropa İttifaqının səfiri də var".
" Hesab olunur ki, bütün bu şəxslər, o cümlədən Almaniya səfiri Gürcüstanın daxili işlərinə müdaxilə edirlər. Gürcüstan hakimiyyəti də beynəlxalq hüquq normaları çərçivəsində Qərb qurumlarının və ölkələrinin səfirlərinin Gürcüstanın daxili işlərinə müdaxilə etməsinə kəskin şəkildə etiraz edirlər. Ümumiyyətlə, Avropa İttifaqı də daxil olmaqla Qərb qurumlarının Gürcüstanla münasibətləri kəskin şəkildə zədələnir və ziddiyətlər dərinləşir’’, - müsahibibimiz əlavə edib.
Sevinc Yarməmmədova
18:24 16.10.2025
Oxunuş sayı: 2442