Səməd Seyidov: Zəngəzur dəhlizinin əhəmiyyəti artacaq, bu təşəbbüsə dəstək verən ölkələrin sayı çoxalacaq

Oktyabrın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Finlandiya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüş keçirib. Görüş zamanı Azərbaycan-Finlandiya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə yaranmış yeni reallıqlar müzakirə edilib.
Tərəflər ikitərəfli münasibətlərin son illərdə inkişaf edən dinamikasını məmnunluqla qeyd edib, qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar. Nazir Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinin Avropada təhlükəsizliyin ciddi sınaqlarla üzləşdiyi bir dövrə təsadüf etdiyini bildirib və təşkilatın çoxtərəfli platforma kimi yeni geosiyasi reallıqlara çevik uyğunlaşmasının vacibliyini xüsusi qeyd edib.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamənin regionda sülh və sabitlik üçün mühüm siyasi sənəd olduğunu diqqətə çatdırıb. O, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin regional nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tərəflər həmçinin post-münaqişə mərhələsində real vəziyyəti nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş ATƏT təsisatlarının – Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəliyi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinin dayandırılması qərarını müsbət addım kimi dəyərləndiriblər. Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsində yeni istiqamətlərin minalardan təmizləmə, ekoloji təhlükəsizlik və kibermüdafiə sahələrində praktiki əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə icrası davam edən “Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi” layihəsinin artıq üçüncü mərhələyə qədəm qoyması ölkəmizin regional ekoloji və iqtisadi inteqrasiyaya verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilib. Görüşün sonunda Ceyhun Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq, bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a danışıb: "Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən, Azərbaycanı tamamilə yeni və daha yüksək bir səviyyəyə yüksəldən, müstəqilliyimizin və suverenliyimizin təntənəsini təmin edən ən mühüm geosiyasi layihələrdən biridir. Bu, sadəcə nəqliyyat dəhlizi deyil, həm də yeni beynəlxalq münasibətlər sistemində formalaşmaqda olan geosiyasi bir fenomendir. Artıq bu layihə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuşdur. Xüsusilə, cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp tərəfindən göstərilən açıq və yüksək səviyyəli dəstək bunun bariz nümunəsidir. Zəngəzur dəhlizi Türküstanı Azərbaycanla, Azərbaycanı Türkiyə ilə, Türkiyəni Avropa ilə, eyni zamanda Türküstanı Çinlə, Çini isə Amerika ilə birləşdirən strateji xəttdir. Bu mənada Zəngəzur dəhlizi qlobal əlaqələr sistemində yeni bir körpü, yeni bir geosiyasi mərkəz kimi çıxış edir".
Deputat, həmçinin Azərbaycanın bu layihə ilə beynəlxalq münasibətlərdə yeni bir həlqə yaradaraq, formalaşmaqda olan yeni dünya nizamının və geosiyasi arxitekturasının mühüm iştirakçısına çevrilmiş olacağını qeyd edib: "Getdikcə Zəngəzur dəhlizinin əhəmiyyəti artacaq, bu təşəbbüsə dəstək verən ölkələrin sayı çoxalacaq".
Elmir Heydərli
14:42 16.10.2025
Oxunuş sayı: 2560