Sülh sazişi ilə bağlı proqnoz: Paşinyana qarşı sui-qəsd baş verməsə, gələn il...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat, eyni zamanda, fevral ayında Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında keçirilmiş ilk görüş və sonrakı təmaslar, eləcə də müəyyən informasiya mübadilələrinin aparılması bu sahədə yeni ümidlər yaradır. O bildirib ki, Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmaslarımız uğurla davam edəcək və hər iki tərəfə aid itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə müsbət töhfə verəcək.
Səsləndirilən fikirlər barədə politoloq Elxan Şahinoğlu Crossmedia.az -a açıqlama verib: "Hər şey gələn ilin iyun ayına – parlament seçkilərinə saxlanılıb. Referendum və Konstitusiya qəbulunun da həmin ərəfəyə planlaşdırıldığı vurğulanır. Baş nazir Nikol Paşinyan vəd etdiyi addımları həyata keçirmək məcburiyyətindədir. Artıq radikal dəyişikliklər və Ermənistanın fəallaşması müşahidə olunur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Paşinyanı tənqid etməyə çalışırlar. Halbuki onların erməni cəmiyyətində yüksək reytinqi yoxdur".
Ekspert bildirib ki, fövqəladə hadisə, təxribat və ya Paşinyana qarşı sui-qəsd baş verməsə, gələn il iki ölkə arasında münasibətlərdə stabillik mümkündür: "Bu proses Konstitusiya və ərazi iddiaları, eləcə də potensial sülh sazişi imzalanmasını da əhatə edə bilər".
Mehriban İbrahimli
15:37 12.10.2025
Oxunuş sayı: 1351