Ermənistan əslində nəyə hazırlaşır?- Politoloqdan orijinal yanaşma

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün jurnalistlərlə söhbətində bildirib ki, ölkəsi Ermənistan avqustun 8-də Vaşinqtonda keçirilən liderlər sammitindən sonra müşahidə edilən Azərbaycanla qarşılıqlı əlaqələrin dinamikasını müsbət qiymətləndirir.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülh sazişini imzalamağa və onu mümkün qədər tez ratifikasiya etməyə hazır olduğunu təsdiq edir.
Nazir müavini vurğulayıb ki, Ermənistan regionda sülh və sabitlik şansı əldə edib: "Bu proses artıq başlayıb. Bundan əlavə, regionda bütün kommunikasiya marşrutlarının açılması imkanı yaranıb və ölkə bu istiqamətdə amerikalı tərəfdaşlarla birgə fəal şəkildə çalışır".
O qeyd edib ki, Ermənistan tərəfi sülh prosesinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid edir: "Biz avqustun 8-də baş tutan Vaşinqton görüşündən sonra müşahidə etdiyimiz ümumi dinamikanı müsbət qiymətləndiririk. Ağ Evdə səslənən bəyanatlar da bizim sabitlik və sülh dövrünə daxil olduğumuzu sübut edir".
Məlum olduğu kimi, 8 avqust razılaşmalarından sonra Cənubi Qafqazda yeni reallıq yaranıb. Görünür, Ermənistan da bu reallıqları anlamaqdadır.
Politoloq Tofiq Abbasov Kostyanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, uzun illərdir Ermənistan rəhbərlərinin sözləriylə hərəkətləri arasında böyük uçurum olmasının fərqindəyik: “Ermənistan baş naziri Nikol Paşinyanın fəaliyyətində və savaşında iki cəbhə xətti var: biri xarici, digəri daxili cəbhədir. Çünki, ölkə daxilində xeyli sayda radikal qüvvələr var. Onlar bir çox halda yalnız Ermənistanın maraqlarını üstün tuturlar və başqa ölkələrin maraqlarını sanki, heçə sayırlar. Sülh məsələsinə gəldikdə isə bu çox strateji və maraqlı bir məqamdır. Düzdür, Paşinyan dəfələrlə deyib ki, o, sülhə hazırdır. Lakin, biz bir çox məqamda görürük ki, o, bir addım irəli atırsa, bir neçə addım da geriyə atır. Zənn edirəm ki, bu vəziyyət ölkə daxilində olan məsələlərlə bağlıdır. Çünki, Ermənistan artıq parlament seçkilərinə doğru gedir. Əlbəttə ki, Kostanyanın sözlərində həqiqət də var, məntiq var. Lakin, bu daha çox siyasi şüardır. O, Azərbaycanı əmin etmək istəyir ki, guya o bizimlə razıdır, bizimlə savaşa hazırlaşmır. Digər tərəfdən artıq öz daxili düşmənlərinə göstərir ki, guya Azərbaycanın istəklərini ləngidir. Və, nəhayət, xarici sektorda da göstərir ki, guya Ermənistan sülhpərvərdir, keçmiş prezidentlərdən fərqli olaraq Paşinyanın Azərbaycanla sülh qurmaq niyyətləri var’’.
Ekspertin sözlərinə görə burada bir çox məqam onun özündən asılıdır.
‘’Çünki, faktiki olaraq Paşinyan ‘’biz real Ermənistan qurmalıyıq’’ şüarı ilə hamıya bildirdi ki, indi o əfsanələrin, yalançı çağırışların vaxtı ötüb. Bundan sonra Ermənistana lazım olan odur ki, ölkə həm regionda, həm dünya səhnəsində bir qədər çeviklik göstərsin. Çeviklik özü də vəziyyəti yaxşıya doğru dəyişəcək bir yanaşmadır. Lakin, bu göstəricini hələ ki, Ermənistan siyasi rəhbərliyində bir o qədər də dinamik şəkildə görmürük. Qaçış zolağına çıxan idmançılar məsafədən asılı olaraq öz güclərini hissələrə bölürlər. Bu baxımdan Paşinyan məhz qaçış zolağına çıxan idmançıya bənzəyir. O çalışır ki, öz gücünü, bacarığını, siyasi potensialını elə bir tərzdə xərcləsin ki, seçki dövrünə yaxşı ehtiyyatı qalsın və seçkiləri də uğurla başa vursun. Azərbaycan tərəfi bundan qəti incimir, hər hansı bir təşvişə düşmür. Yəni, Azərbaycan öz rəqibini, qonşusunu yaxşı öyrənib və proseslərdə sona qədər dözümlülük göstərir. Onsuz da Azərbaycan bu siyasi dözümlülükdə özünü doğruldur. Həqiqətən, Azərbaycan yerində, vaxtında, tam tədbirləri həyata keçirir və nəticəsini də görür. Biz öz sözümüzü demişik və yanaşmamız da eyni olaraq qalır. Gərək Paşinyan da verdiyi sözü tuta bilsin’’.
Sevinc Yarməmmədova
23:00 09.10.2025
Oxunuş sayı: 1793