Rusiya baş nazirinin müavini Azərbaycana gəlir: Qovluğunda nələr var?

Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək. Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk İran tərəfindən isə Yol və şəhərsalma naziri Fərzane Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Overçukun Azərbayacan gözlənilən səfəri və bu səfərin mümkün nəticələri barədə politoloq Elxan Şahinoğlu proqnozunu Crossmedia.az-la bölüşüb: "Overçuk tezliklə Azərbaycana səfər edəcək. O, Cənubi Qafqaz ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın iqtisadi məsələlərin həllinə cavabdehdir. Overçuk əvvəllər də Bakıya tez-tez səfərlər edərək iqtisadi əməkdaşlıq və ortaq layihələr, o cümlədən şimal-cənub dəhlizi və ticarət mübadiləsi kimi təşəbbüsləri müzakirə edib. Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə bəzi suallar mövcud olsa da, Azərbaycan tərəfi iqtisadi əlaqələrin zəifləməsinin əleyhinədir".
Ekspert qeyd edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın davam etdirilməsi həm regional ticarət, həm də strateji layihələrin uğuru üçün vacibdir: "Lakin Rusiyada bəzi şovinist dairələrin yaratdığı süni əngəllər, məsələn, kənd təsərrüfat məhsullarının ixracına əngəllər əməkdaşlığın tam potensialını məhdudlaşdıra bilər. Bu məsələlərin Bakıda Overçukun diqqətinə çatdırılması isə iqtisadi münasibətlərin daha sağlam inkişaf etməsinə xidmət göstərəcək".
Mehriban İbrahimli
15:29 09.10.2025
Oxunuş sayı: 1374