Tarixi şans: "Ola bilsin ki, əsrlər boyu belə bir tarixi fürsət bir daha əlimizə düşməsin"

Ermənistan və Azərbaycan arasında regionda təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Son günlər bu istiqamətdə baş verən mühüm hadisələrdən biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəridir. İrəvandan Bakıya qısa müddətli uçuşla gələn nümayəndə heyətinin əsas məqsədi 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etməkdir. Forum çərçivəsində tərəflərin regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, bu, son dövrlərdə regionda yaranan yeni siyasi reallığın göstəricisidir:
“Əvvəllər müxtəlif tədbirlər təşkil olunurdu – istər Bakıda, istər İrəvanda. Amma reallıqda yüksək səviyyəli məmurun bu tipli tədbirlərdə iştirakı baş tutmamışdı. Bütövlükdə Ermənistan rəhbərliyinin ritorikasına diqqət yetirsək, son günlər Bakı və İrəvan arasında əlaqələrin qurulması, sülh sazişinin imzalanması məsələsi real şəkildə müzakirəyə çıxarılıb. Ermənistan baş naziri Nikol Paşinyan da hakim "Mülki Müqavilə" partiyasının qurultayında Azərbaycanla yaxınlaşma və əlaqələrin qurulması məsələsini geniş spektrdə gündəmə gətirdi. Hətta Türkiyə ilə quru sərhədlərin açılması barədə fikirlər səsləndirdi”.
Professorun sözlərinə görə, Ermənistan hazırda Azərbaycanla münasibətlərin hərtərəfli qurulmasını davamlı şəkildə dilə gətirir: "Lakin bu prosesdə Azərbaycan tərəfi kifayət qədər güzəştə gedib. Azərbaycan Ermənistana çox böyük güzəştlər etdi. Düşünürəm ki, bu qədər güzəştə ehtiyac yox idi. Əslində Ermənistan törətdiyi bütün cinayətlərdən yaxasını qurtardı. Mən bunu Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirmirəm, çünki bir çox məsələlərdə milli maraqlar uduzdu”.
S. Məmmədli xatırladıb ki, Ermənistanın Azərbaycan ərazilərinə vurduğu ziyan beynəlxalq məruzələrdə də təsdiqlənib: “25 il əvvəl BMT-nin hesabatında vurğulanırdı ki, Ermənistan Azərbaycana təxminən 50 milyard dollar ziyan vurub. Əslində bu rəqəm bir trilyona qədər idi. Amma Azərbaycan bunların hamısını gözardı etdi. Ermənistanın törətdiyi vəhşiliklərə görə heç bir məsuliyyət daşımaması, təzminat ödənilməməsi açıq faktdır”.
S. Məmmədlinin sözlərinə görə, sülh sazişi ilə Ermənistan beynəlxalq müstəvidə də məsuliyyətdən yayınmış olur: “Birinci Qarabağ müharibəsi dövründə 3800 nəfərin taleyi barədə heç bir açıqlama yoxdur. Ermənistan işğal olunmuş əraziləri minalarla doldurdu, hələ də həmin minaların xəritəsini vermir. Beynəlxalq təcrübəyə görə 1 km² ərazinin təmizlənməsi üçün 3 milyon dollar tələb olunur. Bu isə Azərbaycan üçün ağır yükdür. Ermənistan bütün imkanlardan istifadə etdi və nəticədə istədiyindən qat-qat artıq güzəşt qopara bildi”.
Professor hesab edir ki, Azərbaycan ən azı qərbi azərbaycanlıların – Ermənistandan köçürülmüş soydaşlarımızın geri qayıtması məsələsini gündəmdə saxlamağa çalışmalı idi: “Təəssüf ki, bu istiqamətdə də heç bir öhdəlik götürülmədi. Halbuki Azərbaycanın Ermənistan üzərində əzici üstünlüyü var idi. Ola bilsin ki, əsrlər boyu belə bir tarixi fürsət bir daha əlimizə düşməsin”.
Mehriban Yariyeva
10:23 21.09.2025
Oxunuş sayı: 1379