Regionun taleyi müəyyən edilir: Revanşist və radikal qruplar özlərini göstərməyə çalışsalar da...

Türkiyənin ticarət naziri Ömər Bolat Ankarada keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini bildirib. O, Azərbaycanın strateji tranzit nöqtəsi olduğunu vurğulayaraq, Zəngəzur dəhlizinin açılmasının Orta Dəhlizi canlandıracağını və Avropa ilə Uzaq Şərq arasında ticarət həcmini artıracağını qeyd edib.
Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu dəhliz Orta Dəhlizi gücləndirərək Uzaq Şərqdən Avropaya yükdaşımaların daha sürətli və sərfəli həyata keçirilməsinə şərait yarada bilər. Eyni zamanda, türk dünyasının iqtisadi inteqrasiyasına da mühüm töhfə verəcək.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib.
Politoloq, Zəngəzur dəhlizinin Avropanı Orta Asiyaya birləşdirən böyük layihəyə çevrildiyini bildirib:
“İndiki fəal inteqrasiya dövründə vacib olan odur ki, kommunikasiyalar, keçidlər, dəhlizlər və boğazlar ilk növbədə etibarlı şəkildə qorunsun. Onların təhlükəsizliyi lazımi səviyyədə təmin edilsin. Həmçinin bu proseslərdə iştirak edən bütün qüvvələr – dövlətlər, xalqlar, işçi və işgüzar qruplar fayda götürməlidirlər. Çünki quruculuq işləri, əlaqələrin genişlənməsi, iqtisadi blokların yaranması və yeni qüvvələrin birləşməsi böyük imtiyazlar və üstünlüklər vəd edir. Azərbaycan bu proseslərin hamısında yaxından iştirak edir. Artıq bölgəmizdə Azərbaycanın təşəbbüskarlığı nəticəsində bir neçə işlək format mövcuddur: Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Türkiyə–Rusiya, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Türkiyə–Türkmənistan, Azərbaycan–Orta Asiya ölkələri–Türkiyə əməkdaşlıqları buna misaldır.
Bu prosesdə Prezident İlham Əliyevin şəxsi iştirakı və böyük xidmətləri var. O, yaxşı anlayır ki, dağıdıcı qüvvələrin qarşısını almaq üçün ilk növbədə inteqrasiyanı gücləndirmək və iqtisadi əlaqələrin yeni mərhələsini təmin etmək lazımdır. İşgüzar qüvvələrin prosesə qoşulması dağıdıcı elementlərin boşluqlardan istifadə imkanlarını azaldır. Ermənistan isə hələ də öz subyektliyini təsdiqləyə bilmir, xalqı suveren hüquqlarından istifadə edə bilmir. Bu səbəbdən revanşist və radikal qruplar özlərini göstərməyə çalışsalar da, biz buna imkan vermirik və verməyəcəyik.
Bu baxımdan Türkiyə–Azərbaycan əlaqələri həm bölgədə, həm Avrasiya məkanında, həm də qlobal siyasətdə mühüm rol oynayır. Əsas məqsəd keçidlərin və dəhlizlərin maneəsiz fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verir. Zəngəzur dəhlizi məsələsini bəzi qüvvələr siyasiləşdirsə də, son söz Azərbaycan və Türkiyəyə məxsusdur. Çünki söhbət Azərbaycan ərazilərindən və ölkənin əsas hissəsi ilə Naxçıvanın birləşməsindən gedir. Bu əlaqə qurulduqda böyük layihə gerçəkləşir: Avropadan Türkiyə və Azərbaycan vasitəsilə Orta Asiyaya uzanan yeni yollar açılır".
Onun sözlərinə görə, bu layihələrə maraq göstərən ölkələrin sayı çoxdur: Çin, postsovet məkanı, Yaxın və Orta Şərq, Orta və Qərbi Asiya ölkələri: "Onlar anlayırlar ki, yeni kommunikasiya və dəhlizlər artan ehtiyacların ödənilməsində əsas vasitədir. Azərbaycan timsalında isə etibarlı tərəfdaş görürlər – verdiyi sözə əməl edən ciddi aktor.
Bütün bunlar göstərir ki, Azərbaycan və Türkiyənin bu proseslərdə xüsusi və əvəzolunmaz rolu var. Məqsəd Cənubi Qafqazı birləşdirici kommunikativ imkanlara malik, sabitlik və sakitlik məkanına çevirmək, onun dünyaya açılma imkanlarını genişləndirməkdir. Çünki buna böyük tələbat var – həm yerli ictimai və işgüzar qüvvələr, həm də beynəlxalq aktorlar bunu anlayırlar. Bu dövrdə gərginliyə yol vermək olmaz, əksinə, proseslərin ahəngdar inkişafı üçün səy göstərilməlidir. Sabitliyin qorunması da təbii həllini tapmalıdır.
Azərbaycan və Türkiyənin bu işdə oynadığı rol əvəzsiz və faydalıdır. Biz dünyaya göstərdik ki, müharibə və qarşıdurma meyilli ölkə deyilik. Əksinə, bölgəmizdə və ətrafında sabitliyi qorumağa çalışırıq ki, insanlar işgüzar planlarını vaxtında həyata keçirə bilsinlər, rifah artsın, həyat keyfiyyəti yüksəlsin”.
Nicat Rüstəmzadə
13:37 19.09.2025
Oxunuş sayı: 1081