Əvvəl sülh sazişi imzalanacaq, sonra Zəngəzur dəhlizi açılacaq...-Proqnoz

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu bildirib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar atılır. Onun sözlərinə görə, bu dəhliz yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. Dəhliz Türk Dövlətləri Təşkilatını gücləndirəcək və Çin–Avropa yük marşrutunda mühüm rol oynayacaq. Zorlu qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı güclü siyasi iradəsi var və Azərbaycanla da intensiv müzakirələr aparılır.
Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq və geosiyasi inteqrasiya baxımından mühüm addımdır. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi və mədəni baxımdan Türk dünyasını birləşdirəcək strateji xətt kimi önə çıxır. Əgər bu proses uğurla başa çatarsa, regionun tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq.
Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq və geosiyasi inteqrasiya baxımından mühüm addımdır. Bu layihə yalnız iqtisadi deyil, həm də siyasi və mədəni baxımdan Türk dünyasını birləşdirəcək strateji xətt kimi önə çıxır. Əgər bu proses uğurla başa çatarsa, regionun tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq.
Mövzu ilə bağlı Crossmedia.az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib.
K.Novruzov Zəngəzur dəhlizi məsələsinin təkcə Azərbaycan yox, Türkiyə gündəmində də olduğunu bildirib:
“Ümumiyyətlə, Türkiyə rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı müntəzəm bəyanatlar səsləndirirlər. Fikrimcə, bu, hər şeydən əvvəl beynəlxalq ictimaiyyətə Zəngəzur dəhlizinin Türkiyənin gündəmində olmasına dair verilmiş mesajdır. Yəni göstərmək istəyirlər ki, Zəngəzur dəhlizi bizim gündəmimizdədir. Həmçinin, Azərbaycanla bu məsələ üzərində koordinasiyalı şəkildə çalışdıqlarının mesajını verirlər. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün siyasi, iqtisadi və təhlükəsizlik məsələsidir. Düşünürəm ki, bu məsələ həm ictimaiyyətə açıqlanan və açıqlanmayan Türkiyə-Ermənistan ikitərəfli təmaslarında, həm də Azərbaycan-Ermənistan təmaslarında və üçtərəfli müzakirələrdə daim gündəmdədir”.
O, rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmasında hələ o qədər də maraqlı olmadığını söyləyib:
“Bu məsələdə İran xüsusi rol oynayır. İranın əvvəlki hakimiyyəti Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret olaraq destruktiv mövqedə idi. Lakin Məsud Pezeşkian hakimiyyəti əvvəlki iqtidardan fərqli olaraq Azərbaycan və Cənubi Qafqazla bağlı kifayət qədər konstruktiv və loyal münasibət ortaya qoyur. Buna baxmayaraq, düşünürəm ki, hələ rəsmi Tehran da Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı deyil. Çünki İran düşünür ki, Zəngəzur dəhlizi açılmasa, alternativ olaraq İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu isə İranın maraqlarına daha uyğundur. Düşünürəm ki, Zəngəzur məsələsi ilə bağlı Türkiyə–İran, Azərbaycan–İran, hətta Ermənistan–İran xəttində də müəyyən müzakirələr həyata keçirilir. Mümkündür ki, Zəngəzur dəhlizinin açılması məsələsi artıq Azərbaycan–Ermənistan sülh sazişindən ayrı bir məsələ kimi müzakirə olunsun. Sülh sazişi imzalandıqdan sonra, daha geniş perspektivdə Zəngəzur dəhlizinin açılması mümkündür və ya dəhliz açıldıqdan bir müddət sonra sülh sazişinin imzalanması mümkün görünür. Fikrimcə, ilk olaraq sülh sazişi imzalanacaq, bir müddət sonra dəhliz açılacaq. Dəhlizin açılmasını istəməyən kifayət qədər qüvvələr mövcuddur. Onlar Ermənistana təzyiq göstərirlər. Bu məsələdə Ermənistandan tələb olunur ki, siyasi iradə ortaya qoysun. Ermənistan Azərbaycanla sülh sazişini bağlamalıdır ki, müqavimət imkanı artsın, kənar qüvvələrə qarşı Azərbaycan və Türkiyənin bu məsələdə dəstəyini hiss etsin. Düşünürəm ki, belə də olacaq. Gec-tez Zəngəzur dəhlizi açılacaq”.
Nicat Rüstəmzadə
13:00 27.07.2025
Oxunuş sayı: 1294