Ermənistanda vəziyyət "uruscadır": Bu oyunda kim uduzub, kim udacaq?

Bir neçə gündür Ermənistan daxilində vəziyyət qarışıqdır. Kilsə nümayəndələrinin kütləvi həbsi, onlara qarşı təzyiqlər müxalifətlə iqtidar arasında gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.
Davam edən proseslər və mümkün nəticələri barədə Crossmedia.az-a danışan BDU-nun Jurnalistika fakultəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin sözlərinə görə, Ermənistanda tarixən kilsə və dövlət faktiki olaraq birgə fəaliyyət göstərib, yəni bir növ bütövləşmiş vəziyyətdə olub: "Həm xarici qüvvələr, həm də erməni diasporu daim Erməni Apostol Kilsəsindən Ermənistan hökumətinə təzyiq vasitəsi kimi istifadə ediblər və öz maraqlarını bu yolla həyata keçirməyə çalışıblar. Bu proseslər təkcə son illərə deyil, hətta əsrlərlə davam edən bir ənənəyə söykənir. Əlbəttə, Ermənistanın dövlət kimi formalaşması 18-ci əsrdən sonraya təsadüf edir. Lakin söhbət dövlət-kilsə münasibətlərinin dərin tarixi köklərə malik olmasından gedir".
S.Məmmədli kilsənin siyasi təsiri, xarici müdaxilələr və daxili sabitliyə təhlükə yaradan qüvvələrin fəaliyyəti barədə danışıb: "Hazırkı vəziyyətdə Baş nazir Nikol Paşinyan bu tarixi reallığı analiz edir və haqlı olaraq belə nəticəyə gəlir ki, dövlət və kilsə münasibətləri şəffaf olmalı, kilsə hökumətdən ayrı fəaliyyət göstərməlidir. Paşinyanın fikrincə, erməni kilsəsi zaman-zaman xarici qüvvələrin, xüsusilə Rusiyanın əlində alətə çevrilir. Üstəlik, kilsə ətrafında revanşist qüvvələr toplanır və Ermənistan hökumətinə təzyiq göstərməyə, hətta onu devirməyə çalışırlar. Paşinyan erməni kilsəsinin fəaliyyətini məhdudlaşdırmaq və onun təsirini azaltmaq üçün addımlar atır. Bu səbəbdən baş nazir artıq uzun müddətdir ki, erməni kilsəsini neytrallaşdırmaq istiqamətində addımlar atır. O, dəfələrlə çıxışlarında bildirib ki, Eçmiədzin rəhbərliyi faktiki olaraq oliqarxiyaya çevrilib. Kilsə sahibkarlıq fəaliyyəti ilə məşğuldur, gəlir əldə edir, lakin dövlətə vergi ödəmir. Bu və digər xoşagəlməz hallara görə hökumət tərəfindən müəyyən tədbirlər görülməyə başlanıb".
Professor daha sonra Ermənistanda dövlət və kilsə arasında artan gərginlikdən və Paşinyanın gələn il parlament seçkiləri öncəsi xarici təsirləri neytrallaşdırma cəhdindən söz açıb: "Hazırda dövlətlə kilsə arasındakı münasibətlər kifayət qədər gərgindir. Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi xarici qüvvələr – ilk növbədə Rusiya – bu proseslərə təsir etməyə, Erməni kilsəsini öz maraqları üçün istifadə etməyə çalışır. Bu kontekstdə Paşinyanın atdığı addımlar, yəni xarici təsirləri neytrallaşdırmaq cəhdləri, strateji baxımdan əhəmiyyətlidir. Bir müddət əvvəl keşiş Baqratın Qaltsanyanın rəhbərliyi ilə bir hərəkat formalaşmışdı. Lakin bu təşəbbüs ciddi nəticə vermədi. Hazırda isə vəziyyət dəyişib: kilsə yenidən təşkilatlanmağa, birləşməyə çalışır və məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu səbəbdən hökumət preventiv tədbirlər görməyə başlayıb. Keçmiş günlərdə keşiş Baqratın evində axtarış aparılıb, o, çevrilişə çağırışda ittiham olunur. Həmin axtarış zamanı silahlar və dövlətə qarşı yönəlmiş materiallar aşkar edildiyi bildirilir. Nəticədə o, həbs olunub".
S. Məmmədli bu qarşıdurmaya xarici qüvvələrin, xüsusilə də Rusiyanın müdaxiləsini şərh edib: "Bu günlərdə Eçmiədzində, Erməni kilsəsinin rəhbərliyinin yerləşdiyi iqamətgahda da qarşıdurmalar davam edir. Ermənistan hökuməti ilə kilsə rəhbərliyi arasında gərgin münasibətlər açıq münaqişəyə çevrilməsə də, vəziyyət kifayət qədər təhlükəli həddə çatıb. Xarici qüvvələr bu qarşıdurmalara təkan verir. Artıq Moskvanın təbliğat vasitələri açıq şəkildə Paşinyana qarşı çıxış edir, Ermənistan hakimiyyətini devirməyə çağırışlar edilir".
O yekunda rusiyalı media rəhbərinin Ermənistan hakimiyyətinə qarşı mövqeini vurğulayıb:
"Margarita Simonyan da bu kampaniyaya qoşulub. O, aparıcısı olduğu verilişlərdə Ermənistan hökumətinə qarşı sərt və təhdidedici fikirlər səsləndirir, ictimai rəyi Paşinyana qarşı yönəltməyə çalışır".
Fatimə Nəbiyeva
14:42 28.06.2025
Oxunuş sayı: 1065