Türkiyə İranla bağlı "sağ göstərib, sol vurur"? - Maraqlı açıqlama

İsrailllə İran arasında davam edən hərbi gərginlik geosiyasi müstəvidə yeni reallıqlar yaradır. Türkiyənin mövqeyi indiki həssas məqamda diqqət çəkir. Belə ki, rəsmi Ankara İranı dəstəklədiyini, İsrailə qarşı olduğunu bildirir. Amma bir çoxu iddia edir ki, bu, diqqəti yayındırmaq üçündür. Bəzilərinin fikrincə, İranın zəifləməsi Türkiyənin də maraqlarına uyğundur. Birinicisi, ona görə ki, Tehran bir çox məsələdə, o cümlədən Cənubi Qafqazdakı proseslərdə Ankaranın maraqlarına ziddi addım atır. İkincisi isə Türkiyə qonşuluğunda güclü dövlətin olmasını istəmir.
Bu fikirlər barədə Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov qeyd edib ki, Türkiyə-İran münasibətləri ilə bağlı cəmiyyətdə müxtəlif yanaşmalar mövcuddur: "Bəzi hallarda bildirilir ki, Türkiyə İranla əməkdaşlıqda maraqlı deyil, lakin nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlərdə dövlətlər eyni anda həm rəqib, həm də tərəfdaş ola bilərlər. Heç bir ölkə digər dövlətlə bütün məsələlərdə tam uzlaşma içində ola bilməz. Bu isə ya fikir ayrılıqları, ya da maraqların ziddiyyəti şəklində özünü göstərir. Türkiyənin bəzi məsələlərdə İranla fərqli mövqe sərgiləməsi təbiidir və bu, beynəlxalq siyasətin reallıqları ilə üst-üstə düşür. Bununla yanaşı, elə strateji məsələlər mövcuddur ki, Türkiyə anlayır: əgər İran bölgədə zəifləyər və ya təsir imkanlarını itirərsə, bu, digər müsəlman ölkələrinin təklənməsinə və ümumi təhlükəsizlik balansının pozulmasına səbəb ola bilər".
Müsahibimizin fikrincə, məhz bu səbəbdən Türkiyə, xüsusilə Yaxın Şərqdə baş verən gərgin proseslər fonunda ehtiyatlı və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır: "Ankara nə bölgədə yeni münaqişələrin yaranmasında, nə də bu münaqişələrin gələcəkdə ölkənin milli maraqlarına təhlükə yaratmasında maraqlıdır. Türkiyənin əsas prioriteti əlavə risklərdən yayınmaqla regional sabitliyi təmin etməkdir. Bu kontekstdə Türkiyənin bəzi hallarda İranı dəstəkləməsi, ilk növbədə, öz milli təhlükəsizlik maraqlarının qorunması məqsədi daşıyır. İran ərazisində və onun yaxınlığında yaşayan türklərin təhlükəsizliyi məsələsi isə, Azərbaycan üçün prioritet təşkil etdiyi kimi, Türkiyə üçün də strateji əhəmiyyətə malikdir".
Ləman Həsənova
14:15 19.06.2025
Oxunuş sayı: 1057