Paşinyan "evinə qayıdır"? - Politoloqdan maraqlı açıqlama

Ermənistan baş naziri Nikol Paşinyan yerli
KİV-ə müsahibəsində deyib ki, İrəvan Moskva ilə münasibətləri dərinləşdirmək
niyyətindədir.
"Bu siyasətə bir istiqamətdə
münasibətlərimizin digər münasibətlər hesabına qurulması anlayışı qətiyyən
daxil deyil. Bundan əlavə, bu siyasətin məntiqi bizim Rusiyaya səfərlər
etməyəcəyimiz və ya Rusiya ilə münasibətləri dərinləşdirməyəcəyimiz və inkişaf
etdirməyəcəyimiz anlayışını əks etdirmir. Mənim üçün belə şərhlər
anlaşılmazdır", - o qeyd edib.
“Ermənistan Qərblə münasibətlərini
Rusiyanın hesabına qurmur və balanslaşdırılmış xarici siyasət yürüdür”, - o
əlavə edib.
Məlum olduğu kimi, Ermənistan son zamanlara
qədər açıq – aydın Kremldən uzaqlaşmaq xəttini tutmuşdu. Həm Paşinyan, həm də
digər rəsmilər Rusiya hakimiyyətini tənqid edirdilər.
İndi isə Paşinyan yenidən Rusiya ilə münasibətlər barədə danışır. Bu “nala- mıxa vurmaq” siyasəti əslində Ermənistanın xarici siyasət kursu üçün təəccüblü deyil. Sadəcə bu sual maraqlıdır: Niyə baş nazir birdən – birə Rusiya ilə münasibətlərin dərinləşdirilməsi barədə danışmağa ehtiyac duydu?
Bu barədə fikirlərini Crossmedia.az-la
bölüşən politoloq Qabil Hüseynli söyləyib ki, Ermənistan Avropa Şurasına qəbul ediləcəyinə,
Qərbə inteqrasiya olunacağına əmin idi: “Amma vəziyyət dəyişdi. Avropa İttifaqı
ilə (Aİ) Ermənistanın münasibətləri kifayət qədər gərgindir. Həmçinin ABŞ-də
Donald Trampın hakimiyyəti gəlməsi bir çox siyasi oyunçu kimi Ermənistanı da
narahat etməyə başladı. Paşinyanın tərəddüdləri də bununla bağlıdır. Buna
baxmayaraq, Ermənistan hələ də Avropaya inteqrasiya niyyətindən əl çəkmək istəmir”.
Ekspertin sözlərinə görə, bəziləri
Rusiyanın Ermənistan üçün etibarlı tərəfdaş olduğunu iddia edir: “Ona görə
İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək istəmir. Rusiya da bunu
istəmir. Amma əvvəlki əlaqələrin bərpa olunması mümkün deyil. Sadəcə olaraq
qarşılıqlı səylər nəticəsində gərginlik azala bilər. Rusiyadakı erməni diasporu
da bunu istəyir”.
Kənan Novruzov
16:14 08.05.2025
Oxunuş sayı: 702