Ermənistan hansı yolu seçəcək?- Hərb, yoxsa sülh?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib ki, ölkəsi Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır.
O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.
Rəsmi İrəvan əvvəllər də dəfələrlə oxşar açıqlamalar verib. Buna baxmayaraq, Ermənistan sözdə dediyini əməldə göstərmir.
Qarşı tərəfin bu ziddiyyətli davranışları barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Ermənistana sülh yox, sülh görüntüsü lazımdır: "Azərbaycanın isə sülhlə bağlı konkret tələbləri var. Rəsmi Bakı sadəcə bir kağıza qol çəkmək yox, davamlı sülhün təmin olunmasını istəyir. Ermənistan köhnə mövqeyini yeni formada təqdim etməklə hansısa güclərin Azərbaycana təzyiq edəcəyini düşünür. Lakin nəzərə almaq lazımdır ki, İrəvanın belə bəyanatlarının hər biri Bakı üçün əhəmiyyətsizdir".
Sabiq nazirin sözlərinə görə, Ermənistan çalışır ki, Cənubi Qafqaz həmişə beynəlxalq ictimaiyyətin gündəmində olsun: "Son zamanlar xüsusilə Qərb dünyasının prioritetləri dəyişib. Rəsmi İrəvan yenidən beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün təxribatlara əl ata bilər. Hər halda provokasiyalar Ermənistanın adətidir. 2016-cı, 2020-ci və 2023-cü illərdəki toqquşmalar da qarşı tərəfin sabotajların görə başlamışdı. Bu mənada sabotaj cəhdlərinin təkrarlanması ehtimalı yüksəkdir. Lakin Ermənistan nəzərə almalıdır ki, qüvvələr nisbəti onun xeyrinə deyil. Yəni Ermənistan təxribatlardan nə isə qazanmayacaq".
Kənan Novruzov
18:20 13.03.2025
Oxunuş sayı: 1596