Cənubi Qafqaz üçün sülh düsturu: "Rusiya regiondan çəkilsə..."

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd etdiklərini deyib.
" Biz prioritet regionumuz xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik. Bu, Rusiyanın köklü marağıdır",- o bildirib
Cənubi Qafqaz bölgəsi son illərdə geosiyasi rəqabətin mərkəzində dayanır. Regionun sabitliyi və inkişafı uğrunda aparılan mübarizədə müxtəlif güclərin maraqları toqquşur. Qaluzinin son açıqlamaları da məhz bu kontekstdə diqqət çəkir. O, Qərbin Cənubi Qafqazı qarşıdurma meydanına çevirmək cəhdlərinə qarşı çıxdıqlarını və bölgəni əməkdaşlıq mərkəzinə çevirmək üçün səylərini davam etdirəcəklərini vurğulayıb.
Bəs Rusiya Cənubi Qafqazı xaosdan qorumaq üçün nə edir? Qərb və Rusiyanın maraqları Cənubi Qafqazda necə toqquşa bilər?
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
"Cənubi Qafqaz uğrunda Rusiya ilə Qərb arasında qarşıdurma getdikcə artır. Gürcüstanın birmənalı olaraq Qərbyönümlü siyasətində Rusiyanın təsiri nəticəsində müəyyən redaktələr edilib. Ermənistan isə son vaxtlar anti-Rusiya xəttini inkişaf etdirir. Bu ölkənin getdikcə Rusiya ilə münasibətləri gərginləşməkdən başqa bir şey deyil. Hazırda regiondan keçəcək Şərq-Qərb marşrutu ciddi fikir ayrılıqları yaradır. Xüsusilə, Zəngəzurdan keçəcək yola nəzarət və onun statusu məsələsi mübahisələr doğurur. İran-Rusiya-Azərbaycan-Ermənistan-Qərb arasında ortaq bir mövqe yaranmır və heç bir tərəf öz mövqeyindən geri çəkilmək istəmir. Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, silahlanma prosesi isə öz sürəti ilə təəccüb doğurur. Bu isə təbii ki, Cənubi Qafqazda vəziyyətin sabit olduğu qədər də təhlükəli olduğunu göstərir".
Politoloq qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini də maraqlı tərəflərdən heç birinin geri çəkilmədiyini və bunun o qədər də asan olmayacağını dərk edərək prosesə öz maraqları çərçivəsində qiymət verməyə calışıb: "Əslində Rusiya Cənubi Qafqazdan çəkilsə, daha tez razılaşma əldə edilər və qarşıdurma ehtimalı minimuma yaxınlaşar".
Ayhan Ağarzayev
16:54 11.02.2025
Oxunuş sayı: 4177