Aİ dinc dayanmır: “Regionda yeni gərginlik yarana bilər”

Ermənistan delimitasiya olunmuş sərhəd zonalarında Avropa İttifaqının (Aİ) mülki missiyasını yerləşdirməməyə hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurasının müzakirələri zamanı bildirib. Onun sözlərinə görə, rəsmi Bakı üçüncü ölkələrin qüvvələrinin Ermənistan–Azərbaycan sərhədində yerləşdirilməsinə etiraz edir və Ermənistan bu mövqeyi nəzərə almağa hazırdır.
Politoloq Əliqismət Bədəlov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistan, Azərbaycan sərhədində yerləşdirilmiş Aİ-nin mülki missiyasının fəaliyyət müddətini 2027-ci ilə qədər uzadıb: “2023-cü ildən fəaliyyət göstərən bu mülki missiyanın bölgədə sülhün bərqərar olunması istiqamətində heç bir real fəaliyyəti müşahidə olunmayıb. Bu müddət ərzində missiyanın fəaliyyəti demək olar ki, sıfıra bərabər olub və onlar Ermənistanın mövqeyini müdafiə ediblər. Əsas məqsəd, Cənubi Qafqazda sönməkdə olan münaqişəni yenidən alovlandırmaq, Ermənistanı silahlandıraraq onu Azərbaycana qarşı yönəltməkdir. Missiyanın tərkibi keçmiş hərbi kəşfiyyatçılardan və casuslardan ibarətdir. Onlar heç vaxt iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq istəmirlər”.
Ə. Bədəlov hesab edir ki, beynəlxalq ictimaiyyət artıq bu missiyanın əsl məqsədini anlayır və bunun sırf Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa yönəldiyini görür.
Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri çərçivəsində Atlantik Şurasında çıxışına da toxunub: “Ermənistanın baş naziri reallıqdan uzaq fikirlər səsləndirib və ölkəsinin hiyləgər siyasət yürütdüyünü açıq şəkildə nümayiş etdirib. Bu gün Ermənistanın yeritdiyi siyasəti onu dəstəkləyən, özlərini demokratik göstərən, lakin ikili standartlardan əl çəkməyən dövlətlər müdafiə edirlər. Açıq görünür ki, Ermənistanın bu hiyləgər siyasəti birbaşa olaraq dəstəklənir. Azərbaycan və Ermənistan arasında münaqişənin həlli və sərhədlərin müəyyən edilməsi yalnız iki ölkənin daxili məsələsidir. Burada üçüncü bir qüvvənin gəlib iki ölkəyə göstəriş verməsi və guya onlara kömək etməsi tamamilə yersizdir. Azərbaycan və Ermənistan münaqişəni öz aralarında həll etməyə hazırdırlar".
Ə. Bədəlov bildirib ki, Ermənistanın Aİ-nin mülki missiyasını sərhədə dəvət etməsi və onların fəaliyyət müddətini uzatması məhz rəsmi İrəvanın təşəbbüsüdür: "Paşinyan guya missiyanın sərhəddə yerləşdirilməsinə razı olmadıqlarını bildirir. Lakin əslində, missiyanı məhz Ermənistan özü dəvət edib və onların fəaliyyət müddətinin uzadılması da Ermənistanın istəyidir. Buna görə də Paşinyanın sözləri inandırıcı deyil".
Politoloq Ermənistanın xarici siyasət kursunu da şərh edib və bildirib ki, bu ölkə daim himayədar axtarışındadır: "Ermənistan müstəqilliyini gah Rusiyada, gah Fransada, gah Aİ-də, gah da ABŞ-da axtarır. Ermənistanın bu siyasəti, şübhəsiz ki, riyakarlıqdan ibarətdir. Aİ-nin müşahidə missiyası əsasən casuslardan və keçmiş kəşfiyyatçılardan ibarətdir və onların fəaliyyəti bölgədə sülhün bərqərar olmasına mane olur: "Onlar Ermənistanı silahlandıraraq onu yenidən Azərbaycana qarşı hücuma sövq etməyə çalışırlar. Odur ki, Aİ bölgədə qalması sülh müqaviləsinin imzalanmasına ciddi problemlər yaradır".
Müsahibimiz hesab edir ki, Ermənistanın Qərbə üz tutması, ABŞ ilə strateji əməkdaşlıq qurması və hərbi sahədə müxtəlif sazişlər imzalaması öz təhlükəsizliyini təmin etmək məqsədi daşımır: “Ermənistanın əsas məqsədi Qərbdən silah almaq və yenidən işğalçılıq siyasəti yürütməkdir. Ermənistanın havadarları onu müxtəlif silahlarla təchiz edirlər və bu əməkdaşlığın əsl məqsədi təhlükəsizliyi təmin etmək deyil, yeni münaqişə ocaqları yaratmaqdır. Ermənistanın əsas havadarları – Fransa, Aİ və digər Qərb aktorları onu müxtəlif vasitələrlə silahlandırır və bölgədə gərginliyi artırmağa çalışırlar. Nə qədər ki, Ermənistan işğalçı dövlətlərlə və hərbi casuslardan ibarət missiyalarla əməkdaşlıq edir, bu, sülh müqaviləsinin imzalanmasını ləngidəcək və Azərbaycanla münasibətlərdə yeni perspektiv açmayacaq”.
Nihat Tahirov
12:43 06.02.2025
Oxunuş sayı: 3340