Polşa prezidentindən Trampa gizli hədiyyə – Kəhrəba ilə bəzədilmiş...
Polşa prezidentinin gizli hədiyyəsi üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, Polşa Prezidenti Karol Navroçki ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə kəhrəba ilə bəzədilmiş xüsusi hazırlanmış kreslo hədiyyə edib.
TVN24 telekanalının məlumatına görə, palıd ağacından hazırlanan, üzərində kəhrəba işləmələri və ABŞ simvolları olan kreslo hədiyyə olaraq iyunun 14-də Vaşinqtonda təqdim edilib.
Maraqlıdır ki, hədiyyə ilə bağlı məlumat Polşa rəsmiləri arasında belə ciddi məxfilik şəraitində saxlanılıb. Hətta ölkənin Xarici İşlər Nazirliyinin və Vaşinqtondakı səfirliyinin bəzi əməkdaşları da bu barədə məlumatlı olmayıb. Diplomatlara yalnız böyük ölçülü bir əşyanın daşınacağı barədə məlumat verildiyi bildirilir.
Kreslonun müəllifi sopotlu kəhrəba ustası Luçyan Mırtadır. Məlumata görə, bu hədiyyənin hazırlanması ideyası hələ 2018-ci ildə, Polşanın keçmiş prezidenti Andjey Duda dövründə ortaya çıxıb. Kreslonun əvvəlcə Trampa onun ilk prezidentlik müddətində təqdim edilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb. Daha sonra hədiyyənin təqdim edilməsi məsələsinə yenidən qayıdılıb.
Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç hədiyyənin Trampda xoş təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, kreslonun dəyəri hələ də açıqlanmayıb. ABŞ qanunvericiliyinə əsasən, xarici dövlət nümayəndələrindən alınan hədiyyələr müvafiq qaydada bəyan edilməli və qeydiyyata alınmalıdır.
23:21 18.11.2026
Oxunuş sayı: 148