Yorğunluğu aparır, asılılıq yaradır: Energetik içkilərin əsl üzü
Enerji toplamaq, yorğunluğu aradan
qaldırmaq və yuxusuz qalmaq istəyənlərin tez-tez üz tutduğu energetik içkilər
son illər gündəlik istehlak məhsullarından birinə çevrilib. Xüsusilə gənclər,
tələbələr, gecə saatlarında işləyənlər və intensiv həyat tərzi keçirən insanlar
bu içkiləri bəzən adi sərinləşdirici vasitə kimi qəbul edirlər. Lakin onların
tərkibindəki yüksək miqdarda kofein, şəkər və digər stimullaşdırıcı maddələr
sağlamlığa mümkün təsirləri ilə bağlı ciddi suallar yaradır.
Energetik içkilərin
qablaşdırmalarında hamilə qadınlara, uşaqlara və kofeinə həssas şəxslərə
istifadənin tövsiyə edilmədiyi barədə xəbərdarlıqlar yer alır. Ancaq bu
xəbərdarlıqlar məhsulun digər insanlar üçün tamamilə təhlükəsiz olduğu anlamına
gəlmir. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da bu
yanaşmaya etiraz edərək, həssas qruplara mənfi təsir göstərən məhsulun sağlam
insanlar üçün faydalı hesab edilməsinin məntiqsiz olduğunu bildirib. Onun
fikrincə, məsələ yalnız müəyyən qrupların deyil, ümumilikdə istehlakçıların
sağlamlığının qorunması baxımından qiymətləndirilməlidir.
Müzakirələrdə energetik içkilərin
tərkibindəki kofeinin asılılıq yarada bilən xüsusiyyətinə də diqqət çəkilir.
İnsan bu içkiləri mütəmadi qəbul etdikdə müəyyən müddətdən sonra onsuz özünü
yorğun hiss edə, əvvəlki təsiri əldə etmək üçün istehlak miqdarını artırmağa
meyil göstərə bilər. Kofeinin həddindən artıq qəbulu isə ürək döyüntüsünün
sürətlənməsi, arterial təzyiqin yüksəlməsi, yuxu pozuntuları, narahatlıq və
digər sağlamlıq problemləri ilə əlaqələndirilir. Xüsusilə ürək-damar sistemi
ilə bağlı problemi olan şəxslər üçün bu risklər daha ciddi ola bilər.
Məsələnin aktuallığını artıran
məqamlardan biri də bəzi ölkələrin energetik içkilərin satışına münasibətdə
məhdudiyyətləri sərtləşdirməsidir. Məsələn, Qazaxıstanda 2025-ci il yanvarın
1-dən energetik içkilərin 21 yaşdan aşağı şəxslərə satılması qadağan edilib.
Qırğızıstanda isə daha sərt tədbirlər müzakirə olunur. Ölkə Prezidenti Sadır
Japarov 2026-cı il noyabrın 5-də hökumətə energetik içkilərin istehsalının və
idxalının qadağan edilməsi məsələsini bir ay ərzində nəzərdən keçirməyi, altı
ay ərzində isə müvafiq tənzimləyici tədbirlər görməyi tapşırıb. Bu, hələ
qüvvəyə minmiş ümumi qadağa deyil, hökumətə verilmiş tapşırıqdır.
Beləliklə, energetik içkilərlə bağlı müzakirələr artıq təkcə fərdi seçim və istehlak vərdişi məsələsi olmaqdan çıxaraq ictimai sağlamlıq mövzusuna çevrilir. Bir tərəfdən istehlakçıların məhsul seçmək hüququ, digər tərəfdən isə xüsusilə gənclərin sağlamlığının qorunması məsələsi dayanır. Əsas sual isə budur: üzərində müəyyən qruplara qarşı xəbərdarlıq yazılması energetik içkilərin təhlükəsizliyinə təminat verirmi, yoxsa bu məhsulların təsiri daha geniş araşdırılmalı və istifadəsinə münasibət yenidən nəzərdən keçirilməlidir?

Kardioloq Ülvi
Mirzoyev Crossmedia.az-a açıqlamasında bildirib ki, kofein adenozin
reseptorlarını bloklayır, simpatik aktivliyi və katexolaminlərin səviyyəsini
artırır:
“Nəticədə ürək döyüntüsü tezləşir və
arterial təzyiq yüksəlir. Enerji içkilərində bunlara taurin, quarana və yüksək
miqdarda şəkər də əlavə olunur. Journal of the American Heart Association-da
dərc olunmuş randomizə olunmuş tədqiqatda (2019) sağlam gənclər təxminən 950 ml
enerji içkisi qəbul etdikdən sonra plaseboya nisbətən QTc intervalı uzanmış və
arterial təzyiq artmışdır. Müəlliflərin qeyd etdiyi kimi, bu təsirlər yalnız
kofeinlə izah olunmur. Mayo Clinic-in 2024-cü il məlumatlarına görə, qəfil ürək
dayanmasından sağ qalmış 144 nəfərdən 7-si (5%) hadisədən bir qədər əvvəl
enerji içkisi qəbul etmişdi və onların əksəriyyətində əvvəllər diaqnoz
qoyulmamış irsi aritmogen xəstəlik aşkarlanmışdı. Risk alkoqolla birgə qəbul,
intensiv fiziki yüklənmə, yuxusuzluq və QT intervalını uzadan dərmanlarla
birlikdə daha da artır.
Avropa Qida Təhlükəsizliyi
Agentliyinə (EFSA) görə, sağlam yetkin üçün bütün mənbələrdən gündə 400 mq-a
qədər, birdəfəlik isə 200 mq-a qədər kofein təhlükəsiz sayılır. Hamilələr üçün
gündəlik hədd 200 mq, uşaqlar üçün isə bədən çəkisinin hər kiloqramına 3
mq-dır. 500 ml-lik enerji içkisində təxminən 160 mq kofein və 50 q-dan çox
şəkər ola bilər. Buna görə enerji içkisi gündəlik istifadə üçün tövsiyə olunmur”.
Kardioloq qeyd edib ki, kofeinin
müntəzəm qəbulu tolerantlıq və fiziki asılılıq yaradır:
“Kofein imtina sindromu DSM-5
təsnifatında rəsmi diaqnoz kimi tanınır. Son dozadan 12–24 saat sonra baş
ağrısı, yorğunluq, əsəbilik və diqqətin zəifləməsi başlayır, bu əlamətlər bir
həftəyə qədər davam edə bilər. Diqqət edilməli siqnallar dozanın artırılması
ehtiyacı, yuxu pozuntusu, ürəkdöyünmə, tremor və arterial təzyiqin yüksəlməsidir.
Döş qəfəsində ağrı, sinkopa və ya davamlı aritmiya olarsa, təcili tibbi yardıma
müraciət etmək lazımdır”.
Məhəbbət Tərlanoğlu
20:50 18.11.2026
Oxunuş sayı: 41