Paşinyan: TRIPP layihəsinin praktiki icrasına başlayırıq
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin praktiki icra mərhələsinə keçildiyini və bu prosesdə Azərbaycanla sərhədin delimitasiyasının mühüm rol oynayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, "Armenpress" bu barədə məlumat yayıb.
Paşinyan Ermənistan parlamentində hökumətə sual-cavab sessiyası zamanı deputat Natali Sinoryanın Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sülh müqaviləsi ilə bağlı sualını cavablandırıb.
Baş nazir bildirib ki, əvvəlcədən müəyyən edilmiş istiqamətlər üzrə işlər davam etdirilir və əldə olunan razılaşmalar mərhələli şəkildə həyata keçiriləcək.
Onun sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Ermənistanın cənub hissəsində nəqliyyat kommunikasiyalarının və digər infrastrukturun, o cümlədən dəmir yolu, avtomobil yolu və boru kəmərinin tikintisi üçün sərhədin müvafiq hissələrinin delimitasiyası və demarkasiyası vacibdir.
"Biz TRIPP layihəsinin praktiki icra mərhələsinə daxil oluruq", – deyə Paşinyan vurğulayıb.
Ermənistanın Baş naziri noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşə də toxunub.
"Dublin görüşündə əvvəllər əldə etdiyimiz ilkin razılaşmaları bir daha təsdiqlədik. Bu baxımdan yeni heç nə yoxdur", – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, bundan sonrakı işlər delimitasiya komissiyalarının səlahiyyətlərinə daxildir.
O qeyd edib ki, komissiyalar ən yüksək siyasi səviyyədə əldə edilmiş razılaşmaların icrası istiqamətində fəaliyyət göstərəcəklər.
17:34 18.11.2026
Oxunuş sayı: 37