Sürətli şarj rahatlığı batareyanın ömründən alır
Elektromobillərə marağın artması və yanacaq xərclərinə qənaət etmək istəyən
sürücülərin bu nəqliyyat vasitələrinə üstünlük verməsi avtomobil bazarında yeni
tendensiyalar formalaşdırır. Bununla yanaşı, elektromobillərin istismarı ilə
bağlı bir sıra suallar da gündəmə gəlir. Xüsusilə batareyanın enerji tutumu,
şarj müddəti, xidmət xərcləri və uzunmüddətli istifadədə yaranan texniki
problemlər sürücüləri maraqlandıran əsas məsələlərdəndir. Çünki elektromobilin
ən vacib və bahalı komponentlərindən biri məhz batareyadır.
Son dövrlər müzakirə olunan məsələlərdən biri də ultra sürətli enerji
doldurma məntəqələrinin batareyanın texniki vəziyyətinə təsiridir. Belə
məntəqələr avtomobili qısa müddətdə enerji ilə təmin etsə də, yüksək güclə şarj
zamanı batareyada temperaturun artması və kimyəvi proseslərin sürətlənməsi onun
köhnəlməsinə təsir göstərə bilər. Bu səbəbdən sürətli enerji doldurma
imkanlarından tez-tez istifadə edən elektromobil sahibləri batareyanın istismar
müddəti ilə bağlı müəyyən riskləri nəzərə almalıdırlar.
Digər tərəfdən, batareyanın ömrünə təsir edən yeganə amil şarj sürəti deyil.
Havanın temperaturu, avtomobilin istifadə intensivliyi, batareyanın hansı faiz
aralığında doldurulması və istehsalçının tövsiyələrinə əməl edilməsi də mühüm
rol oynayır. Bəs elektromobilləri hər dəfə ultra sürətli şarj məntəqəsində
enerji ilə doldurmaq nə dərəcədə düzgündür?
Maşın ustası Əli Əliyev
Crossmedia.az-a açıqlamasında bildirib ki, yüksək güclü, ultra sürətli enerji
doldurma batareyaya müəyyən qədər mənfi təsir göstərir:
“Lakin burada əsas məsələ ondan necə və nə qədər tez-tez istifadə
olunmasıdır.
Məsələn, mütəmadi olaraq yüksək sürətli enerji doldurma stansiyalarından
istifadə batareyanın tutumunun daha tez azalmasına səbəb ola bilər. Adi
istifadə zamanı batareyanın tutumu il ərzində təxminən 2-3 faiz azalırsa, ultra
sürətli şarjdan davamlı istifadə bu prosesi sürətləndirə və bəzi hallarda illik
itki 10-15 faizə çata bilər.
Bunun əsas səbəbi yüksək güclə enerji doldurularkən batareyadan keçən
cərəyanın artması və nəticədə onun daha çox qızmasıdır. Adi şarj
stansiyalarında enerji doldurma gücü, məsələn, 6, 10 və ya 15 kVt olduğu halda,
ultra sürətli stansiyalarda bu göstərici 100 kVt-a qədər və daha yüksək ola
bilər. Belə yüksək güc batareyanın temperaturunu artırır. Həddindən artıq
istilik isə batareyanın kimyəvi elementlərinin daha sürətlə aşınmasına səbəb
olur.
Düzdür, avtomobillərdə batareyanın idarəetmə sistemi (BMS) mövcuddur. Bu
sistem temperaturu nəzarətdə saxlayır, batareyanın həddindən artıq qızmasının
qarşısını almaq üçün lazım gəldikdə şarj gücünü azaldır. Lakin bu, yüksək
temperaturun batareyaya təsirini tamamilə aradan qaldırmır.
Xüsusilə isti yay günlərində bu məsələyə daha diqqətlə yanaşmaq lazımdır.
Məsələn, avtomobil uzun müddət hərəkətdə olduqdan sonra batareya qızmış
vəziyyətdədirsə və enerji səviyyəsi də aşağıdırsa, onu dərhal ultra sürətli
şarj stansiyasına qoşmaq temperaturun daha da yüksəlməsinə səbəb ola bilər.
Eyni vəziyyət avtomobilin günəş altında uzun müddət qalması zamanı da yarana
bilər. Əksinə, batareyanın temperaturu normal olduqda, məsələn, səhər
saatlarında avtomobil hərəkətə başlamazdan əvvəl şarj edildikdə, istiliklə
bağlı risklər nisbətən azalır.
Ona görə də ultra sürətli şarjdan gündəlik vərdiş kimi istifadə etmək düzgün
deyil. Şəhər daxilində avtomobildən istifadə zamanı, vaxt məhdudiyyəti olmadığı
hallarda, adi AC şarj stansiyalarına üstünlük vermək daha məqsədəuyğundur. Uzun
yola çıxarkən və ya yolda enerjiyə ehtiyac yarandıqda isə ultra sürətli şarjdan
istifadə etmək olar. Əsas məsələ bu üsuldan zərurət yarandıqda və ehtiyac
olduğu qədər yararlanmaqdır.”
Usta vurğulayıb ki, avtomobilin batareya soyutma sisteminin saz vəziyyətdə
olmasına da diqqət yetirilməlidir:
“Soyutma sistemində hər hansı nasazlıq və ya zəiflik olduqda, yüksək güclə
enerji doldurularkən batareya normadan artıq qıza bilər. Bu isə onun istismar
müddətini qısaldan əsas amillərdən biridir.
Batareyanın ömrünü uzatmaq üçün enerji doldurma səviyyəsinə də diqqət etmək
lazımdır. Mümkün qədər batareyanın tam boşalmasına, yəni 0 faizə yaxınlaşmasına
yol vermək, eləcə də hər dəfə 100 faizə qədər doldurmaq tövsiyə olunmur.
Gündəlik istifadə zamanı 20-80 faiz aralığında enerji səviyyəsini qorumaq daha
məqsədəuyğundur. Məsələn, batareyanın enerji səviyyəsi 20 faizə düşdükdə
avtomobili şarja qoşmaq, 80 faizə çatdıqda isə enerji doldurmanı dayandırmaq
olar.
Ümumilikdə, batareyanın uzunömürlü olması üçün əsas şərtlərdən biri
həddindən artıq qızmanın qarşısını almaq, mümkün olduqda aşağı güclü AC şarjdan
istifadə etmək və ultra sürətli enerji doldurmanı zərurət yarandıqda seçməkdir.
Bu qaydalara əməl edildikdə batareyanın istismar müddətini qorumaq mümkündür”.
Məhəbbət Tərlanoğlu
17:30 18.11.2026
Oxunuş sayı: 44