Günel Nağıyeva: Xaricdə yaşayan hər bir azərbaycanlı öz davranışı və fəaliyyəti ilə ölkəsini təmsil edir
Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil olunması, milli kimliyimizin və mədəni dəyərlərimizin dünya ictimaiyyətinə tanıdılması müxtəlif sahələri əhatə edən çoxşaxəli fəaliyyətlərin nəticəsidir. Bu istiqamətdə dövlətlərarası münasibətlərin inkişafı, diplomatik təmaslar, rəsmi səviyyədə keçirilən görüşlər və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən layihələrlə yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlıların fərdi nailiyyətləri və peşəkar fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrində uğur qazanan soydaşlarımız öz elmi, yaradıcılıq və ictimai fəaliyyətləri ilə Azərbaycan haqqında müsbət rəyin formalaşmasına, milli-mənəvi irsimizin beynəlxalq auditoriyaya təqdim edilməsinə və ölkəmizin qlobal mədəniyyət mühitində tanınmasına əhəmiyyətli töhfə verirlər.
Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində musiqi
sənəti xüsusi yer tutur. Musiqi fərqli dillərdə danışan və müxtəlif mədəniyyətlərə
mənsub olan insanları vahid emosional müstəvidə birləşdirərək milli ənənələrin,
tarixi irsin və mənəvi dəyərlərin dünyaya çatdırılmasında əvəzsiz rol oynayır.
Bu kontekstdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlı bəstəkarların,
musiqişünasların və kulturoloqların fəaliyyəti xüsusi diqqətə layiqdir. Onların
yaşadıqları ölkələrin mədəni həyatında iştirakı, həyata keçirdikləri yaradıcı təşəbbüslər,
elmi araşdırmalar və müxtəlif sənət layihələri Azərbaycan musiqisinin beynəlxalq
miqyasda tanıdılmasına geniş imkanlar yaradır. Eyni zamanda, bu fəaliyyət milli
musiqi ənənələrinin müasir yaradıcılıq tendensiyaları ilə əlaqələndirilməsinə,
Azərbaycan mədəniyyətinin fərqli auditoriyalara çatdırılmasına və xalqlar
arasında mədəni dialoqun daha da güclənməsinə xidmət edir.
“Zəfər diasporu” layihəsi çərçivəsində Crossmedia.az-ın bu dəfəki müsahibi Meksikada "CUESEG" Universitetində beynəlxalq hüquq fənni tədris edən Günel Nağıyevadır.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində uzun illər çalışmısınız. Diplomatik xidmətinizi başa vuraraq Meksikada yaşamaq və müəllimlik fəaliyyəti ilə məşğul olmaq qərarını verməyinizə hansı amillər təsir göstərdi?
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində uzun illər davam edən diplomatik fəaliyyətim həyatımın ən zəngin və yaddaqalan mərhələlərindən biri olub. Bu illər ərzində ölkəmi beynəlxalq səviyyədə təmsil etmək, müxtəlif xalqların nümayəndələri ilə ünsiyyətdə olmaq, fərqli mədəniyyətləri və dünyagörüşlərini tanımaq mənə böyük peşəkar və şəxsi təcrübə qazandırıb. Diplomatiya mənim üçün hər zaman sevdiyim və xüsusi hörmət bəslədiyim bir peşə olub. Əslində, bunu diplomatik xidmətimin başa çatması kimi deyil, onun yeni bir müstəvidə davamı kimi qiymətləndirərdim. Çünki diplomatiya mənim üçün sadəcə vəzifə deyil, ömürlük formalaşan peşəkar kimlik və dövlətə xidmət missiyasıdır. Diplomatik xidmətim dövründə qazandığım rütbələrin ömürlük xarakter daşıması da bu bağlılığın ifadəsidir. Mənim üçün Azərbaycan dövlətinə xidmət yaşadığım məkandan və fəaliyyət göstərdiyim sahədən asılı olmayaraq daim prioritet olaraq qalır. Meksikada yaşamaq və pedaqoji fəaliyyətlə məşğul olmaq qərarım isə həyatın yeni imkanlarını dəyərləndirmək və qazandığım təcrübəni başqa bir sahədə bölüşmək istəyimdən irəli gəlib. Əgər diplomatik fəaliyyətim zamanı ölkələr və xalqlar arasında əlaqələrin qurulmasına töhfə verirdimsə, bu gün müəllimlik vasitəsilə həmin əlaqələrin mədəni və insani müstəvidə möhkəmlənməsinə çalışıram. Mənim üçün bütün peşələr, onların nüfuzundan və gəlirindən asılı olmayaraq, dəyərlidir. Həyatın müəyyən mərhələsində insan üçün əsas meyar gördüyü işdən zövq almaq, özünü reallaşdırmaq və mənəvi məmnunluq duymaqdır. Düşünürəm ki, insan peşəkar və şəxsi həyatında müəyyən prioritetlərinə nail olduqdan sonra əməyin maddi qiymətləndirilməsi əvvəlki əhəmiyyətini kəsb etmir. Nəticə etibarilə, mənim üçün dəyişən yalnız fəaliyyət sahəmdir. Diplomatiyaya olan sevgim, dövlətimə bağlılığım və insanlara faydalı olmaq istəyim isə dəyişməz qalır.
- Hər iki ölkənin ictimai və mədəni mühitini yaxından tanıyan biri kimi, Azərbaycan və Meksika arasında diplomatik, iqtisadi və mədəni əlaqələrin mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, hansı istiqamətlərdə əməkdaşlıq potensialı daha böyükdür?
- Azərbaycan və Meksika arasındakı münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan, gələcəkdə daha da genişlənməsi üçün böyük imkanlara malik əməkdaşlıq kimi qiymətləndirirəm. İki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr mövcuddur. Münasibətlərin nisbətən gənc olmasına baxmayaraq, bu günə qədər siyasi, parlamentlərarası və mədəni sahələrdə mühüm əlaqələr formalaşıb. İnanıram ki, qarşılıqlı maraq və birgə təşəbbüslər əsasında bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək. Hazırkı əməkdaşlıq səviyyəsini qiymətləndirərkən qeyd etmək istərdim ki, siyasi və diplomatik münasibətlərdə müsbət dinamika müşahidə olunur. Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur. Azərbaycan və Meksika bu istiqamətlərdə öz təcrübə və imkanlarını bölüşərək qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər. Münasibətlərin daha da inkişafında səfirliyin və diaspor nümayəndələrinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onlar iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, Azərbaycan haqqında Meksika ictimaiyyətində məlumatlılığın artırılması, milli mədəniyyətimizin və tariximizin tanıdılması istiqamətində də mühüm rol oynayırlar. Eyni zamanda, diaspor nümayəndələrinin yerli ictimaiyyət, işgüzar dairələr və müxtəlif təşkilatlarla qurduğu əlaqələr yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Gələcək perspektivlər baxımından, düşünürəm ki, Azərbaycan və Meksika arasında əməkdaşlıq yalnız ənənəvi sahələrlə məhdudlaşmamalı, innovasiya, elm, texnologiya və gənclər arasında əlaqələr kimi yeni istiqamətləri də əhatə etməlidir. Universitetlərarası əməkdaşlığın inkişafı, tələbə və mütəxəssis mübadiləsi, eləcə də birgə iqtisadi və mədəni layihələrin həyata keçirilməsi münasibətlərə yeni məzmun qazandıra qazandıra bilər. Əminəm ki, Azərbaycan və Meksika arasında mövcud olan dostluq və qarşılıqlı etimad gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Əsas məqsədimiz bu münasibətləri daha da inkişaf etdirmək, iki xalq arasında uzunmüddətli dostluq və tərəfdaşlıq əlaqələrini gücləndirmək olmalıdır.
- Uzun müddətdir Meksikada yaşayırsınız. Yerli əhalinin Azərbaycan haqqında məlumatlılığı hansı səviyyədədir? Azərbaycanı və onun mədəniyyətini tanıtmaq istiqamətində şəxsən hansı təşəbbüslərlə çıxış edirsiniz?
- Meksikada Azərbaycan haqqında məlumatlılıq səviyyəsi, ümumilikdə, hələ də yüksək deyil. İnsanların əksəriyyəti ölkəmiz haqqında ya çox az məlumatlıdır, ya da Azərbaycanı yaxından tanımır. Məncə, bunun tarixi səbəblərindən biri də keçmişimizlə bağlıdır. Uzun illər Sovet İttifaqının tərkibində olduğumuz üçün Azərbaycan dünyada ayrıca müstəqil dövlət kimi deyil, sovet məkanının bir hissəsi kimi tanınırdı. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra isə ölkəmizi, tariximizi, milli kimliyimizi və mədəniyyətimizi dünyaya müstəqil şəkildə tanıtmaq imkanı qazandıq. Bununla belə, Azərbaycan qısa müstəqillik tarixi ərzində özünü dünya arenasında tanıtmaq və beynəlxalq mövqeyini möhkəmləndirmək istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün ölkəmiz iqtisadi, siyasi və mədəni sahələrdə qazandığı uğurlarla beynəlxalq səviyyədə öz sözünü deyən dövlətlərdən biridir. İnanıram ki, Azərbaycanın malik olduğu potensial və əldə etdiyi nailiyyətlər ölkəmizin dünya miqyasında daha geniş tanınmasına bundan sonra da imkan yaradacaq. Mən də Meksikada yaşadığım müddətdə imkan daxilində ölkəmizi tanıtmağa çalışıram. Dostlarımla və tanışlarımla söhbətlərdə Azərbaycanın tarixindən, mədəniyyətindən, milli adət-ənənələrimizdən, Novruz bayramından, mətbəximizdən və musiqimizdən danışıram. İstəyirəm ki, insanlar Azərbaycanı yalnız keçmişi ilə deyil, bugünkü inkişafı və gələcək hədəfləri ilə də tanısınlar.
Mənim üçün vacib olan daha bir məqam isə budur ki, xaricdə yaşayan hər
bir azərbaycanlı öz davranışı və fəaliyyəti ilə ölkəsini təmsil edir. Düşünürəm
ki, hər birimiz özümüzü ölkəmizə və xalqımıza layiq şəkildə aparmaqla yanaşı,
yaşadığımız cəmiyyətə də fayda verməli, onun inkişafına öz töhfəmizi verməliyik.
Çünki insanlar bəzən bir azərbaycanlını tanımaqla bütöv bir xalq haqqında təsəvvür
formalaşdırırlar. İstərdim ki, hər bir tanışlıqdan sonra insanların Azərbaycan
və azərbaycanlılar haqqında müsbət fikirləri yaransın. Məncə, ölkəmizi layiqincə
təmsil etmək yalnız onun haqqında danışmaqla deyil, davranışımızla, fəaliyyətimizlə
və yaşadığımız cəmiyyətə verdiyimiz töhfə ilə də ölçülür.
- Hazırda Meksikada həm universitetdə beynəlxalq hüquq, həm də ibtidai məktəbdə ingilis dili tədris edirsiniz. Azərbaycan və Meksikanın təhsil sistemləri arasında hansı əsas fərqləri müşahidə edirsiniz? Meksika təhsil təcrübəsindən Azərbaycanda tətbiq oluna biləcək hansı müsbət nümunələri qeyd edərdiniz?
- Hazırda Meksikada həm universitetdə beynəlxalq hüquq, həm də ibtidai məktəbdə ingilis dili tədris etdiyim üçün iki ölkənin təhsil sistemlərini fərqli səviyyələrdə müqayisə etmək imkanım var. Qeyd etmək istərdim ki, Azərbaycan təhsili ilə bağlı müqayisələrim şəxsi təcrübəmə əsaslanır: 1980-ci illərdə sovet dövründə ibtidai təhsil almış, 1990-cı illərdə keçid dövründə orta təhsilimi davam etdirmiş və ali təhsilimi həmin dövrün təhsil mühitində almışam. Buna görə də müqayisəm Azərbaycanın bugünkü təhsil sisteminə deyil, məhz öz təhsil təcrübəmə əsaslanır. İlk növbədə, təhsil sistemlərinin strukturu fərqliliyin qeyd etmək istərdim. Azərbaycanda 11 illik ümumi təhsil sistemi olduğu halda, Meksikada təhsil primaria (ibtidai), secundaria (orta), preparatoria (yuxarı orta) və ali təhsil mərhələlərinə bölünür. Mənim müşahidələrimə əsasən, bizim təhsil aldığımız dövrdə akademik biliklərə, sistemli öyrənməyə və nəzəri hazırlığa daha çox önəm verilirdi. Meksikada isə xüsusilə ibtidai təhsildə şagirdlərə daha çox sərbəstlik verilir, onların sual verməsi, fikirlərini ifadə etməsi və müstəqil düşünməsi təşviq olunur. Universitet təhsilində də fərq hiss olunur. Mənim əvvəlki təcrübəmlə müqayisədə Azərbaycanda ali təhsil daha çox nəzəri və akademik xarakter daşıyırdısa, Meksikada, xüsusilə beynəlxalq hüququn tədrisində, praktiki nümunələrə, real hadisələrin və hüquqi situasiyaların müzakirəsinə daha geniş yer verilir. Meksika təcrübəsindən Azərbaycanda tətbiqini faydalı hesab etdiyim əsas məqamlar şagirdlərə daha çox sərbəstlik verilməsi, müstəqil düşüncənin və praktiki öyrənmənin təşviq edilməsidir. Mənim üçün bu təcrübənin ən dəyərli tərəfi həm öyrətmək, həm də öyrənməkdir. İnanıram ki, fərqli təhsil sistemlərinin müqayisəsi insana yeni baxışlar qazandırır, peşəkar inkişafına təkan verir və hər iki təcrübənin müsbət tərəflərindən yararlanmaq və onları tətbiq etmək imkanı yaradır. Azərbaycanla gələcək əlaqələr: Artıq uzun illərdir Meksikada yaşamağınıza baxmayaraq, Azərbaycanla mənəvi və peşəkar bağlılığınız davam edir.
- Gələcəkdə Azərbaycana qayıtmaq, diplomatik və ya akademik sahədə ölkəmizlə əməkdaşlıq etmək barədə düşünürsünüzmü?
- Bu suala konkret cavab vermək mənim üçün bir qədər çətindir. Çünki gələcəkdə hansı hadisələrin baş verəcəyini və həyatın hansı istiqamətdə inkişaf edəcəyini əvvəlcədən söyləmək mümkün deyil. Bəzən gələcək planlarımız və qərarlarımız öz istəyimizdən deyil, yaranan vəziyyət və şəraitdən asılı olur. Buna görə də gələcəklə bağlı qəti fikir bildirmək istəməzdim. Digər tərəfdən, hesab edirəm ki, müasir dövrdə texnologiyaların sürətli inkişafı və yaratdığı imkanlar insanın fəaliyyət imkanlarını yalnız yaşadığı məkanla məhdudlaşdırmır. Artıq yaşadığın ölkədən asılı olmayaraq, internet və digər müasir kommunikasiya vasitələri ilə akademik, elmi və peşəkar fəaliyyət göstərmək, beynəlxalq əməkdaşlıq qurmaq və öz təcrübəni bölüşmək mümkündür. Bu baxımdan, Azərbaycana qayıtmadan da ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək və onun inkişafına töhfə vermək imkanlarının olduğuna inanıram. Hazırda isə diqqətimi daha çox ailəmin rifahına və qarşıma qoyduğum şəxsi və peşəkar məqsədlərə yönəltmişəm. Düşünürəm ki, hər şeyin öz zamanı və mərhələsi var. Əsas odur ki, harada yaşamağımdan asılı olmayaraq, Azərbaycanla mənəvi və peşəkar bağlılığımı qoruyum və imkan yarandıqca ölkəmizə faydalı olum. Mənə göstərdiyiniz diqqətə və ünvanladığınız suallara görə Sizə təşəkkür edirəm. Fikirlərimi bölüşmək və bu mövzuda öz düşüncələrimi ifadə etmək imkanı yaratdığınız üçün minnətdaram.
Ayhan
16:00 18.11.2026
Oxunuş sayı: 102