B12 vitamini ilə işləyən yeni batareya yaradıldı
Alimlər B12 vitaminindən istifadə etməklə təkrar doldurula bilən yeni batareya hazırlayıblar. Tədqiqatın nəticələri gələcəkdə daha təhlükəsiz və ekoloji cəhətdən əlverişli enerji saxlama texnologiyalarının yaradılmasına imkan verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri Kordoba Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar B12 vitaminini sink-hava batareyasının tərkibində katalizator kimi istifadə ediblər. Yeni prototip 250-yə qədər doldurulma və boşalma dövrünə tab gətirib.
Məlumata görə, alimlər vitamin molekullarını təkdivarlı karbon nanoborularına birləşdirərək onun batareyanın daxilində sabit qalmasını təmin ediblər.
Yeni batareya elektrik enerjisi istehsal etmək üçün havadakı oksigendən və sinkdən istifadə edir. B12 vitamini isə bu prosesdə baş verən kimyəvi reaksiyaların sürətləndirilməsində mühüm rol oynayır.
Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə litium-ion batareyalarına alternativlərin hazırlanmasına töhfə verə bilər.
Bununla belə, texnologiya hələ ilkin tədqiqat mərhələsindədir. Onun geniş istifadəsi üçün əlavə sınaqlara ehtiyac var.
20:01 18.11.2026
Oxunuş sayı: 39