Yuxu zamanı beyində nə baş verir?
Alimlər müəyyən ediblər ki, insan yaşlandıqca beynin yuxu zamanı tullantı maddələrdən təmizlənməsinə kömək edən təbii mexanizmi zəifləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri Massaçusets Texnologiya İnstitutunun (MIT) araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqat zamanı müəyyən edilib ki, beyin-onurğa beyni mayesinin hərəkəti yaşlı insanlarda daha zəif olur. Bu maye beyində toplanan tullantı maddələrin uzaqlaşdırılmasında mühüm rol oynayır.
Alimlərin fikrincə, bu dəyişiklik dərin yuxu zamanı yaranan yavaş beyin dalğalarının zəifləməsi və qan dövranındakı fərqlərlə əlaqəlidir.
Araşdırmada 18-39 yaş arası gənclərlə 60-84 yaş arası şəxslərin beyin fəaliyyəti müqayisə edilib. Nəticələr göstərib ki, yaşlı insanlarda beyin-onurğa beyni mayesinin hərəkət dalğaları orta hesabla daha zəifdir.
Tədqiqatçılar bu mexanizmin zəifləməsinin Altsheymer xəstəliyi və digər demensiya formaları ilə əlaqəsini də araşdırmaq niyyətindədirlər.
Bununla belə, alimlər vurğulayırlar ki, əldə edilən nəticələr beyin mayesinin hərəkətinin zəifləməsinin birbaşa demensiyaya səbəb olduğunu sübut etmir.
20:12 18.11.2026
Oxunuş sayı: 42