"Hökumət yumurtadan yun qırxacaq?"
Azərbaycanda kənd sakinlərinin fərdi təsərrüfatlarında saxladıqları mal-qara, qoyun-quzu, toyuq-cücənin, eləcə də arı ailələrinin sayının və istehsal etdikləri süd, yumurta kimi məhsulların uçota alınması ilə bağlı yeni qaydalar əhali arasında çaşqınlıq yaradıb. Dövlətin əsas məqsədi ölkədə kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirmək, ərzaq təminatını hesablamaq və daxili istehsalın tələbatı nə dərəcədə ödədiyini görməkdir. Lakin bu qərarın mahiyyətinin ictimaiyyətə lazımi səviyyədə izah edilməməsi kənd sakinləri arasında əlavə vergi öhdəliyinin yaranacağı ilə bağlı narahatlıqları artırıb.
Söhbət Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli 3-34/3-2-26/2026 nömrəli qərarından gedir. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, ev təsərrüfatlarının uçotu zamanı ailələrin mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı qeydə alınacaq. Məlumatlar təsərrüfat sahibindən soruşulmaqla və ya onun razılığı ilə heyvanların yerində sayılması yolu ilə əldə ediləcək.
Bununla yanaşı, fərdi təsərrüfatlarda istehsal olunan süd, yumurta və digər heyvandarlıq məhsullarının miqdarı da hesablanacaq. Məsələn, ailənin saxladığı inəklərdən əldə edilən südün nə qədərinin satıldığı, nə qədərinin evdə istehlak olunduğu və digər məqsədlərə sərf edildiyi müəyyənləşdiriləcək. Eyni yanaşma yumurta istehsalına da tətbiq olunacaq. Hətta yumurtaların ümumi sayı məlum olmadıqda, quşların sayı və orta məhsuldarlıq göstəriciləri əsasında təxmini hesablamalar aparılacaq.
Əsas məqsəd ölkənin ərzaq təminatını hesablamaqdır
Əslində, bu uçotun arxasında kifayət qədər mühüm iqtisadi və strateji məqsəd dayanır. Dövlət ölkədə nə qədər ərzaq istehsal olunduğunu, daxili tələbatın hansı hissəsinin yerli istehsal hesabına ödənildiyini və hansı məhsullar üzrə çatışmazlıq yarandığını bilməlidir.
Məsələn, Azərbaycanda il ərzində nə qədər süd və yumurta istehsal olunduğunu hesablamaq üçün yalnız mağazalarda və bazarlarda satılan məhsulları nəzərə almaq kifayət etmir. Kənd sakinlərinin öz ailə ehtiyacları üçün istehsal etdikləri məhsullar da ümumi istehsal həcminə daxildir. Bu məlumatlar toplanmadan ölkənin real istehsal potensialını müəyyənləşdirmək çətinləşir.
Beləliklə, uçotun nəticələri əsasında hansı ərzaq məhsullarının yerli istehsal hesabına təmin edildiyini, hansılar üzrə əlavə istehsala ehtiyac olduğunu və hansı məhsulların idxal edilməsinin zərurətə çevrildiyini daha dəqiq müəyyənləşdirmək mümkündür.
Bu baxımdan, kənd təsərrüfatı təsərrüfatlarının siyahıya alınması ölkənin ərzaq təhlükəsizliyi strategiyası üçün əhəmiyyətli məlumat bazasının formalaşdırılmasına xidmət edə bilər. Dövlət daxili istehsalın real vəziyyətini bilmədən idxal ehtiyacını, istehsal planlarını və gələcək ərzaq tələbatını dəqiq hesablaya bilməz.
Lakin burada əsas məsələ məqsədin nə olması deyil, bu məqsədin insanlara necə çatdırılmasıdır.
Qərar var, amma əhali arasında çaşqınlıq da var
Məsələnin problemli tərəfi məhz bundan sonra başlayır. Qərarda heyvanların sayı ilə yanaşı, onların istehsal etdiyi südün və yumurtanın miqdarının da hesablanacağı göstərilir. Sadə kənd sakini isə haqlı olaraq sual verir: Əgər mənim inəyimdən əldə etdiyim südün miqdarı qeydə alınırsa, bu məlumat gələcəkdə hansı məqsədlə istifadə olunacaq? Həyətdə saxladığım toyuqların yumurtası hesablanırsa, bunun mənim üçün hər hansı maliyyə nəticəsi olacaqmı?
Əhali arasında yayılan söz-söhbətlər də məhz bu suallardan qaynaqlanır. Kənd yerlərində belə fikirlər dolaşır ki, guya bundan sonra inək saxlayan ailə südə, toyuq saxlayan sakin isə yumurtaya görə vergi ödəməli olacaq. Bəziləri məsələni artıq zarafat obyektinə çevirib. Deyirlər ki, bundan sonra toyuqların gündə neçə yumurta verdiyini hesablamaq, inəyin nə qədər süd sağdırdığını qeyd etmək, hətta həyətindəki cücələrin sayını belə daim nəzarətdə saxlamaq lazım gələcək. Zarafatla bildirirlər ki, bəlkə gələcəkdə xoruzun banlaması da ayrıca uçota alınacaq.
Əlbəttə, bunlar rəsmi qərarın tələbləri deyil, insanlar arasında yaranan ehtimallar və ironik münasibətdir. Ancaq bu zarafatların arxasında real narahatlıq dayanır. Çünki kəndli üçün bir neçə baş mal-qara və ya 30-50 toyuq sadəcə statistik göstərici deyil, ailəsinin dolanışığı, gündəlik ərzaq ehtiyacı və bəzən də yeganə əlavə gəlir mənbəyidir.
Qurumlar niyə susur?
Ən çox sual doğuran məqam isə qərarın ictimaiyyətə təqdim olunması ilə bağlıdır. Dövlət Statistika Komitəsi Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması beynəlxalq metodologiyaya uyğun olaraq 10 ildən bir keçirilir: “Sonuncu siyahıyaalma 2025-ci ildə həyata keçirilib. 2027-ci ildən isə ev təsərrüfatlarının illik uçotu yenilənmiş sənədlər əsasında aparılacaq. Bu, kənd təsərrüfatının siyahıyaalınması deyil.
Nazirlər Kabinetinin 22 may 2024-cü il tarixli 273 nömrəli Qərarına əsasən, həmin uçot yerli icra hakimiyyəti başçılarının müvafiq nümayəndəlikləri tərəfindən aparılır. Uçotun bilavasitə təşkili və həyata keçirilməsi ilə bağlı məsələlər üzrə həmin qurumlara müraciət edilməsi məqsədəuyğundur”.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanlanan suallara da bildirilib ki, qaldırılan məsələlər onların səlahiyyətlərinə aid deyil. Bu isə sualların cavabsız qalmasına və məsuliyyətin hansı qurumun üzərinə düşdüyü ilə bağlı əlavə qeyri-müəyyənliyə səbəb olur.
Halbuki, burada mürəkkəb bir məsələ yoxdur. Əgər məqsəd yalnız ölkədə ərzaq istehsalının real həcmini müəyyənləşdirməkdirsə, bunu aidiyyəti qurumlar açıq şəkildə bildirməlidir. Əgər məlumatlar yalnız statistik məqsədlər üçün toplanırsa, onların məxfiliyi və başqa məqsədlərlə istifadəsi məsələsinə aydınlıq gətirilməlidir. Əgər heyvanların və məhsulların qeydiyyata alınması vətəndaşlar üçün yeni vergi öhdəliyi yaratmırsa, bu barədə də konkret rəsmi açıqlama verilməlidir.
Lakin məlumatların hansı məqsədlərlə istifadə ediləcəyi, digər dövlət qurumları ilə paylaşılmasının mümkün olub-olmadığı və bunun vergi öhdəliklərinə hər hansı təsir göstərib-göstərməyəcəyi barədə əhalinin başa düşəcəyi formada geniş izahata ehtiyac var.
Dövlət Vergi Xidmətinə də sorğu ünvanlamışıq.
Kəndlinin istehsalını hesablamaq başqa, ona əlavə yük yaratmaq başqadır
Əslində, ölkənin ərzaq təminatını düzgün hesablamaq üçün kənd təsərrüfatı təsərrüfatlarının uçota alınması zəruridir. Dövlət bilməlidir ki, ölkədə nə qədər süd, yumurta, ət və digər kənd təsərrüfatı məhsulları istehsal olunur. Bu, həm yerli istehsalın inkişafı, həm də idxal ehtiyacının müəyyənləşdirilməsi baxımından vacibdir.
Ancaq belə bir proses həyata keçirilərkən əhalinin məlumatlandırılması da ən azı uçotun özü qədər əhəmiyyətlidir. Çünki qərarın mahiyyəti izah edilmədikdə, statistik məqsədlə aparılan siyahıyaalma insanlar tərəfindən əlavə nəzarət və mümkün vergi tədbiri kimi qəbul edilə bilər.
Nəticədə, dövlətin ərzaq təhlükəsizliyi üçün toplamaq istədiyi məlumatlar cəmiyyətdə narahatlıq mənbəyinə çevrilir. Halbuki bu prosesi kəndlinin əleyhinə deyil, ölkənin ərzaq istehsal imkanlarının müəyyənləşdirilməsi və inkişafı istiqamətində atılan addım kimi təqdim etmək mümkündür.
İndi aidiyyəti qurumların üzərinə düşən əsas vəzifə susmaq deyil, insanları məlumatlandırmaqdır. Kəndli bilməlidir ki, onun həyətindəki inəyin, qoyunun, toyuğun sayı niyə qeydə alınır, istehsal etdiyi süd və yumurta niyə hesablanır və təqdim etdiyi məlumatlar gələcəkdə hansı məqsədlər üçün istifadə ediləcək. Ən əsası isə, bu uçotun yeni vergi öhdəliyi yaradıb-yaratmadığına konkret cavab verilməlidir.
Çünki ölkənin ərzaq təminatını hesablamaq üçün kəndlinin toyuğunu da saymaq olar, amma bu prosesin məqsədini kəndlinin özünə izah etməmək olmaz.
18:00 18.11.2026
Oxunuş sayı: 59