İran Küveyt və Bəhreynə hücum edib
İran ABŞ-nin Küveytdə yerləşən hərbi bazasını və Bəhreyndəki bir sıra hədəfləri dronlarla vurmağa cəhd edib. Hər iki ölkənin hava hücumundan müdafiə sistemləri hücumların qarşısını almaq üçün fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın hücumları ABŞ-nin bundan bir gün əvvəl Hörmüz boğazında yerləşən Qeşm adasında İran İnqilab Keşikçiləri Korpusunun raket buraxılış məntəqəsinə endirdiyi zərbədən sonra baş verib.
Küveyt hərbçiləri hava hücumundan müdafiə sistemlərinin düşmən dronlarını zərərsizləşdirdiyini açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyi isə hücumları dövlətin suverenliyinə təhdid kimi qiymətləndirib.
Bəhreyndə də səhər saatlarında sakinlərə sığınacaqlara getmək barədə xəbərdarlıqlar edilib. Daha sonra ölkənin hərbi qurumları bir neçə hava hücumunun qarşısının alındığını bildirib.
Məlumata əsasən, İranın son hücumları ABŞ və İran arasında davam edən qarşıdurmanın Fars körfəzi regionunda daha da genişlənməsi fonunda baş verir.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus tankerə Hörmüz boğazında hücum edildiyi, nəticədə 11 ekipaj üzvünün yaralandığı, bir nəfərin isə itkin düşdüyü bildirilib.
20:17 18.11.2026
Oxunuş sayı: 30