Çinin nüvə arsenalı üç dəfə artıb: 2030-cu ilədək 1000-i keçə bilər
Çin son illərdə nüvə silahlarının sayını sürətlə artıraraq arsenalını təxminən 600 döyüş başlığına çatdırıb. ABŞ Müdafiə Nazirliyinin proqnozuna görə, bu rəqəm 2030-cu ilədək 1000-i keçə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bildirilir ki, Çinin nüvə arsenalı onilliyin əvvəlində 200-dən bir qədər çox olduğu halda, hazırda təxminən 600-ə yüksəlib. Bu artım ABŞ-nin hərbi strategiyasında ciddi dəyişikliklərə səbəb olur.
Belə ki, Vaşinqton uzun illər nüvə çəkindirmə siyasətini əsasən Rusiya ilə qarşıdurma üzərində qurub. İndi isə ABŞ eyni vaxtda iki böyük nüvə gücünü – Rusiya və Çini nəzərə almalı olub.
Vəziyyəti çətinləşdirən digər amil ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanmış Yeni START müqaviləsinin 2026-cı ilin fevralında qüvvədən düşməsidir. Bununla da yarım əsrdən artıq müddətdə ilk dəfə iki ölkənin strateji nüvə arsenalına dair hüquqi məcburi məhdudiyyətlər aradan qalxıb.
Ekspertlər yaranmış vəziyyəti “üç cisim problemi” adlandırıblar. Onların fikrincə, nüvə qarşıdurmasına üçüncü böyük gücün qoşulması çəkindirmə mexanizmlərini daha mürəkkəb və proqnozlaşdırılması çətin vəziyyətə gətirir. Bu isə yeni silahlanma yarışının başlanması riskini artırır.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2026-cı il hesabatında Çinin nüvə arsenalının təxminən 620 döyüş başlığından ibarət olduğu göstərilir.
22:57 18.11.2026
Oxunuş sayı: 28