Ukraynalı milyonçu bloqer İtaliyada saxlanılıb
Ukraynalı milyonçu bloqer Aleksandr Slobojenko İtaliyada saxlanılıb. O, 213 milyon qrivna (təxminən 5 milyon dollar) məbləğində vergidən yayınmaqda şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Slobojenko noyabrın 17-də İtaliyanın Rikkione şəhərindəki hotellərdən birində Ukrayna İqtisadi Təhlükəsizlik Bürosunun İnterpol vasitəsilə göndərdiyi sorğu əsasında saxlanılıb. O, hazırda Ukraynaya ekstradisiya məsələsi ilə bağlı qərarı gözləyir.
Slobojenko internet reklamı sahəsində fəaliyyət göstərən “Traffic Devils” şirkətinin təsisçisidir. İstintaqın versiyasına görə, 2020–2023-cü illərdə şirkətin fəaliyyəti onlayn kazino və bukmeker platformalarının reklamı vasitəsilə gəlir əldə etməklə bağlı olub.
Bundan başqa, bloqer sosial şəbəkələrdə bahalı avtomobillərini və dəbdəbəli səyahətlərini nümayiş etdirməsi ilə tanınıb. 2024-cü ildə isə səfərbərlik dövründə xaricdə istirahət etməsi ilə bağlı mediada müzakirələrə səbəb olub.
Ukrayna hüquq-mühafizə orqanları daha əvvəl cinayət işi çərçivəsində onun səkkiz avtomobilini, eləcə də mənzil və digər daşınmaz əmlakını həbs edib.
Qeyd edək ki, Slobojenko barəsində irəli sürülən ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib. İtaliyada saxlanılması onun avtomatik olaraq Ukraynaya ekstradisiya ediləcəyi demək deyil.
23:04 18.11.2026
Oxunuş sayı: 32