Ukrayna Krım körpüsünə hücum zamanı ilk dəfə “uçan modemlər”dən istifadə edib
Ukrayna Krım körpüsünə zərbə endirmək üçün “uçan modemlər” adlandırılan pilotsuz uçuş aparatlarından ibarət rabitə şəbəkəsindən istifadə edib. Yeni texnologiya "Starshield" sisteminə qoyulan məhdudiyyətləri aşmağa imkan verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatları operatorlarla raketlər arasında yüzlərlə kilometr məsafədə rabitəni təmin edən retranslyatorlar rolunu oynayıb. Bunun sayəsində hərbçilər real vaxt rejimində videoməlumatlar əldə edib, raketlərin uçuş istiqamətini izləyib və onları körpünün həssas konstruksiyalarına yönəldə biliblər.
Bildirilib ki, Ukrayna hərbçiləri bu texnologiyadan "Starshield" sisteminin ötürmə sürətinə yenidən məhdudiyyətlər qoyulmasından sonra istifadə ediblər.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Krım körpüsünə zərbənin yeddi mərhələdən ibarət əməliyyatın son mərhələsi olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna qüvvələri hücumdan əvvəl bir neçə həftə ərzində Rusiyanın müdafiə sistemini zəiflətmək istiqamətində fəaliyyət göstərib.
Qeyd edək ki, “uçan modemlər” adlandırılan sistem pilotsuz aparatların rabitə siqnallarını ötürməsi və uzaq məsafədən idarəetməni təmin etməsi prinsipi əsasında işləyir.
22:27 18.11.2026
Oxunuş sayı: 46