BDU “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” siyahısında yer alıb
Bakı Dövlət Universiteti (BDU) “QS Quacquarelli Symonds” (QS) tərəfindən dərc edilən “QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” (“QS World University Rankings: Sustainability 2027”) siyahısında 107 ölkə və 2000-dən çox ali təhsil müəssisəsi arasında 1151–1200-cü intervalda qərarlaşıb.
BDU-dan Crossmedia.az-a bildirilib ki, builki nəticələrə əsasən, BDU Asiya universitetləri arasında 423-cü, Qərbi Asiya regionunda isə 97-ci yerdə qərarlaşıb. Universitetin ümumi göstəricisi 100 mümkün baldan 52,4 təşkil edib. Bu nəticə BDU-nun dayanıqlı inkişaf sahəsindəki fəaliyyətinin müsbət dinamikasını əks etdirir. Universitetin ümumi balı 2024-cü ildəki 33,7-dən 2025-ci ildə 45,4-ə, 2026-cı ildə 51,6-ya, 2027-ci ildə isə 52,4-ə yüksəlib.
Reytinqin ayrı-ayrı istiqamətləri üzrə BDU xüsusilə ekoloji dayanıqlılıq sahəsində yüksək nəticə nümayiş etdirib. Universitet bu istiqamət üzrə Azərbaycan universitetləri arasında 1-ci, Qərbi Asiya regionunda 4-cü, dünya üzrə isə 152-ci yerdə qərarlaşıb. BDU-nun ekoloji dayanıqlılıq göstəricisi 100 mümkün baldan 76,4 təşkil edib.
Digər istiqamətlər üzrə də universitetin nəticələri diqqətəlayiqdir. BDU “Ümumi idarəetmə” (“Good Governance”) istiqaməti üzrə 79,3 bal toplayaraq, dünya universitetləri arasında 725-ci, “Ekoloji təhsil” (“Environmental Education”) istiqaməti üzrə isə 69,5 balla 498-ci yerdə qərarlaşıb.
“QS Dünya Universitetlərinin Dayanıqlılıq Reytinqi 2027” universitetlərin ətraf mühitin qorunmasına, cəmiyyətin inkişafına və dayanıqlı idarəetməyə verdiyi töhfələri qiymətləndirir. Reytinq çərçivəsində universitetlərin fəaliyyəti üç əsas istiqamət – “Ekoloji təsir” (“Environmental Impact”), “Sosial təsir” (“Social Impact”) və “İdarəetmə” (“Governance”) üzrə qiymətləndirilir. Bu istiqamətlər üzrə qiymətləndirmə ekoloji təhsil, ekoloji tədqiqatlar, ekoloji dayanıqlılıq, məşğulluq və imkanlar, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, bilik mübadiləsi və effektiv idarəetmə olmaqla, ümumilikdə doqquz əsas göstəricini əhatə edir.
BDU-nun reytinqdəki mövqeyi universitetdə dayanıqlı inkişaf prinsiplərinin tədris, elmi tədqiqat, institusional idarəetmə və sosial məsuliyyət sahələrində tətbiqi və təşviqi istiqamətində həyata keçirilən fəaliyyətin beynəlxalq qiymətləndirmədə əksini tapdığını göstərir.
15:18 17.11.2026
Oxunuş sayı: 98