ADNSU iddiaların kölgəsində - Təhsil ocağında nələr baş verir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yüzə yaxın müəllimin işdən çıxarıldığı və ya dərs saatlarının azaldıldığı iddia olunur. Universitetdə baş verənlərlə bağlı səsləndirilən şikayətlər kadr siyasəti, əmək münasibətləri və dərs yükünün bölüşdürülməsi məsələlərini gündəmə gətirir.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkə və mediada məlumatlar yayılıb.
İddialara görə, universitetdə çalışan müəllimlər işlərini itirmək və təzyiqlə üzləşmək qorxusundan adlarının açıqlanmasını istəmirlər. Onların sözlərinə görə, əvvəlcə əmək müqavilələri müddətli müqavilələrlə əvəzlənib, daha sonra isə dərs yükünün olmaması və sınaq dərslərinin nəticələri əsas gətirilərək müqavilələrin uzadılmayacağı bildirilib.
Narazılıqların əsas səbəblərindən biri Geoloji Kəşfiyyat fakültəsinin ləğvindən sonra kafedraların birləşdirilməsi və bunun nəticəsində uzun illər çalışan müəllimlərin dərs saatlarının azaldılmasıdır.
Şikayətçilər iddia edirlər ki, elmi dərəcəsi və uzunillik pedaqoji təcrübəsi olan müəllimlərə dərs saatı ayrılmadığı halda, bəzi laborantlara və inzibati işçilərə tədris yükü verilir. Əgər bu iddialar təsdiqlənərsə, universitetdə kadr potensialından istifadə və dərs yükünün bölüşdürülməsi prinsipləri ciddi suallar doğuracaq.
Digər narazılıq isə tələbələrin müəllimləri qiymətləndirməsi mexanizmi ilə bağlıdır. Müəllimlərin iddiasına görə, tələbə rəylərindən bəzi pedaqoqların əleyhinə istifadə olunur. Halbuki bu qiymətləndirmənin məqsədi tədrisin keyfiyyətini artırmaq olmalı, şəxsi münasibətlərin təsiri altına düşməməlidir.
Universitetdə idarəetmə prinsipləri sual altındadır
Təbii ki, ali təhsil müəssisələrində struktur dəyişiklikləri, kafedraların birləşdirilməsi və müəllim fəaliyyətinin qiymətləndirilməsi normal idarəetmə prosesidir. Lakin bu qərarların hansı meyarlarla verilməsi, dərs saatlarının necə bölüşdürülməsi və əməkdaşların hüquqlarının necə qorunması şəffaf olmalıdır.
ADNSU Azərbaycanın ali təhsil tarixində xüsusi yeri olan, mühəndislik və texniki sahələr üzrə mütəxəssislər yetişdirən universitetdir. Belə bir təhsil müəssisəsinin elmi nailiyyətlər, innovasiyalar və kadr hazırlığı əvəzinə müəllimlərin işdən çıxarılması, dərs yükü mübahisələri və əmək müqavilələri ilə bağlı iddialarla gündəmə gəlməsi təəssüf doğurur.
Universitetin nüfuzu yalnız beynəlxalq əlaqələri və məzunlarının uğurları ilə deyil, həm də müəllimlərə münasibəti, akademik mühitin sağlamlığı və idarəetmənin şəffaflığı ilə ölçülür. Təcrübəli pedaqoqların potensialından necə istifadə edildiyi, onların hansı əsaslarla dərs yükündən kənarda saxlanıldığı izah olunmalıdır.
Məsələ ilə bağlı ADNSU-dan Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ADNSU-da strukturun yenilənməsi yaxın ixtisaslar üzrə tədrisin daha əlaqəli təşkili, akademik əməkdaşlığın gücləndirilməsi və mövcud resurslardan səmərəli istifadə məqsədi daşıyır:
"Elmi Şuranın qərarı ilə struktur optimallaşdırılıb. Fakültələrin sayı 7-dən 6-ya, kafedraların sayı isə 24-dən 18-ə optimallaşdırılıb. Əvvəlki Geoloji-kəşfiyyat fakültəsinin ayrıca struktur vahidi kimi fəaliyyətinin başa çatması yer elmləri istiqamətinin bağlanması demək deyil. Yenilənmiş strukturda Yer elmləri və neft mühəndisliyi fakültəsi, onun tərkibində isə Yer elmləri və Neft-qaz mühəndisliyi kafedraları mövcuddur.
Professor-müəllim vəzifələrinin tutulması üzrə xüsusi normativ qaydalar müəyyən müddətə seçilmə və müsabiqə mexanizmini nəzərdə tutur. Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Əsasnamənin 1.3-cü bəndi seçki və ya təyinat müddəti başa çatan və vakant vəzifələrə müsabiqə elan olunmasını, 1.5-ci bəndi isə müvafiq tələblərə cavab verən şəxslərin saathesabı və ya əvəzçiliklə pedaqoji işə müddətli əmək müqaviləsi əsasında cəlb edilməsini nəzərdə tutur. Beləliklə, professor-müəllim vəzifələrinin müddətli qaydada tutulması ali təhsildə kadr seçiminin normativ əsasları olan mexanizmdir və özlüyündə hüquq pozuntusu hesab edilə bilməz.
ADNSU-nun 2026–2027-ci tədris ili üçün açıq elanında da tam ştat, yarım ştat və saathesabı məşğulluq formaları üzrə müsabiqə elan edilib. Həmin elanda ümumilikdə 267,5 ştat vahidi göstərilib; ixtisas hazırlığı, pedaqoji və ya sənaye təcrübəsi, müasir tədris üsullarından istifadə və tələbələrlə ünsiyyət bacarıqları tələblər sırasına daxil edilib. Elmi dərəcə, elmi ad və tədqiqat nailiyyətləri də əlavə üstünlük kimi qeyd olunub.
Universitetin 2025–2026-cı illər üzrə ümumi işə qəbul statistikasına əsasən, 8 024 müraciətdən 1 867-si müsahibə mərhələsinə keçib, 914 nəfər müsahibəni uğurla tamamlayıb, 870 nəfər işə dəvət olunub, 44 nəfər kadr ehtiyatı bazasına daxil edilib. Müsahibəyə keçid göstəricisi 23,3 faiz, həmin mərhələni uğurla keçmə göstəricisi isə 49 faiz təşkil edib. Bu rəqəmlər seçim prosesinin ümumi miqyasını göstərir; ayrı-ayrı əməkdaşların müqavilələri və dərs yükü ilə bağlı halları qiymətləndirmək üçün isə fərdi sənədlər əsas götürülməlidir.
ADNSU-da akademik kadr hazırlığı və professor-müəllim heyətinin inkişafı üçün karyera planlaması qurulub. Bu yanaşma çərçivəsində müvafiq akademik hazırlığı və inkişaf potensialı olan laborantlar gələcəyin akademik heyətinin yetişdirilməsi üçün kadr mənbəyi kimi nəzərdən keçirilir. İxtisas və peşəkarlıq tələblərinə cavab verən əməkdaşların saathesabı dərslərə cəlbi onlara pedaqoji təcrübə qazanmaq imkanı verir. Sonrakı mərhələlərdə peşəkar inkişafları, tədris nəticələri və müvafiq fənlər üzrə ehtiyac nəzərə alınmaqla, müəyyən edilmiş qaydada dərs saatlarının artırılması və akademik karyeralarının davam etdirilməsi mümkündür. Bu, hər bir laboranta avtomatik dərs yükü verilməsi deyil, tələb olunan hazırlığa malik əməkdaşlar üçün mərhələli inkişaf imkanıdır.
Laborantlara və inzibati əməkdaşlara dərs yükünün verilməsi barədə məsələyə gəlincə, Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiqlənmiş normalar rəhbər, inzibati-təsərrüfat və tədris-köməkçi işçilərin tutduqları vəzifə ilə yanaşı, ixtisaslarına uyğun pedaqoji fəaliyyət aparmasına imkan verir. Bu fəaliyyət müvafiq qaydada rəsmiləşdirilməli, ixtisas tələblərinə və tətbiq olunan dərs yükü normalarına uyğun olmalıdır. Eyni zamanda, belə imkanın qanunvericilikdə mövcudluğu konkret dərs yükü bölgüsünün əsaslandırılmasına dair sualları aradan qaldırmır.
Tələbələrin tədrisin keyfiyyətinin qiymətləndirilməsində iştirakı həm milli qanunvericiliyə, həm də Avropa Ali Təhsil Sahəsində keyfiyyət təminatı yanaşmasına uyğundur. “Təhsil haqqında” Qanunun 32.3.3-cü maddəsi tələbələrin keyfiyyətli təhsil almaq, 32.3.16-cı maddəsi isə təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, fikir və mülahizələrini sərbəst ifadə etmək hüququnu təsbit edir. Qanunun 6.4–6.6-cı və 9-cu maddələri təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsil keyfiyyətinin qiymətləndirilməsinin ümumi əsaslarını müəyyənləşdirir. Eyni zamanda, 32.5.2-ci maddə tələbələrin pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq vəzifəsini nəzərdə tutur.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.2-ci maddəsində demokratiklik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən olunur. Bu prinsip təhsilalanların azad düşüncəsinin inkişafını, təhsilin təşkilində və idarə edilməsində iştirak imkanlarının genişləndirilməsini nəzərdə tutur. Qanunun 32.3.16-cı maddəsi də təhsilalanların təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, fikir və mülahizələrini sərbəst ifadə etmək hüququnu təsbit edir. Bu baxımdan tələbələrin dərsin təşkili və keyfiyyəti barədə rəylərinin toplanması onların həmin hüququnun həyata keçirilməsinə xidmət edir. Qanunun 6.6-cı maddəsinə uyğun olaraq isə qiymətləndirmədə dövlət təhsil standartları əsas götürülməlidir. Buna görə tələbə rəylərinə müəyyən edilmiş keyfiyyət meyarları üzrə aparılan kompleks təhlilin mühüm məlumat mənbələrindən biri kimi yanaşırıq.
Beynəlxalq istinad sənədi olan “Avropa Ali Təhsil Sahəsində keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ın (ESG 2015) 1.7-ci bölməsi tələbələrin proqramlarından məmnunluğuna dair məlumatların toplanmasını və təhlilini, 1.9-cu bölməsi isə proqramların monitorinqi və yenidən nəzərdən keçirilməsində tələbələrin iştirakını nəzərdə tutur. Bu müddəalar tədris və müəllim fəaliyyəti barədə tələbə rəylərinin toplanmasının keyfiyyət təminatında əsaslı yerini göstərir. ESG-nin 1.5-ci bölməsi də müəllimlərin səriştəsinin təmin olunmasını, onların seçimi və inkişafında ədalətli və şəffaf prosedurların tətbiqini nəzərdə tutur.
Tələbə rəyləri dərsin təşkili, izahın aydınlığı və müəllim–tələbə ünsiyyəti barədə məlumat əldə etməyə xidmət edir. ADNSU-da bu mexanizmin tətbiqi əvvəlki illərin açıq məlumatlarında da əks olunub. Universitetin mövqeyi budur ki, müəllimin peşəkar fəaliyyətinə kompleks yanaşılmalı; tələbə rəyləri fənn hazırlığı, tədris metodikası, elmi-metodik fəaliyyət və digər akademik göstəricilərlə birlikdə nəzərdən keçirilməlidir. Sınaq dərsi və ya sorğu nəticəsinin əmək münasibətlərinə təsiri də müvafiq qaydalar və konkret qərarın hüquqi əsası çərçivəsində qiymətləndirilməlidir".
Məhəbbət Tərlanoğlu
21:00 16.11.2026
Oxunuş sayı: 52