Frepon: "Bakı-Brüssel birbaşa aviaəlaqəsi iki xalq arasında əlaqələri möhkəmləndirəcək"
Gələn ilin may ayında Bakı və Brüssel arasında birbaşa aviasiya əlaqəsinin işə salınması iki ölkə xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bu ölkənin Kral Günü münasibətilə təşkil olunan tədbirdə bildirib.
"Bu yenilik bəlkə də ikitərəfli münasibətlərin ən vacib istiqaməti olan xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək", - diplomat qeyd edib.
O vurğulayıb ki, hər il yüzlərlə azərbaycanlı tələbə təhsil almaq üçün Belçika universitetlərini seçir, ölkələr arasında işgüzar və turizm əlaqələri isə ardıcıl olaraq inkişaf edir:
"Sərnişinlərin birbaşa aviareyslər vasitəsilə daşınması bu əlaqələri daha əlçatan edəcək, ölkələrimiz arasında bağlılığı möhkəmləndirəcək və əməkdaşlığa əlavə dinamika qazandıracaq".
J.Frepon qeyd edib ki, 2027-ci il Belçikanın Bakıdakı səfirliyi üçün xüsusi olacaq: "Tərəflər Azərbaycanda diplomatik nümayəndəliyin açılmasının 20 illiyini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər. Bu əlamətdar tarixlər münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır".(Report)
20:17 16.11.2026
Oxunuş sayı: 46