Deputat: Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verir
Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubu iki ölkə arasında münasibətlərin inkişafı və Azərbaycanın Fələstin məsələsinə prinsipial mövqeyi baxımından diqqət çəkir. Azərbaycan uzun illərdir Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu və müstəqil dövlət qurmaq istəyini dəstəkləyir. Prezident İlham Əliyev də məktubunda müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha ifadə edib. Bu mövqe Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.
Bəs Prezident İlham Əliyevin Mahmud Abbasa ünvanladığı bu təbrik məktubunu Azərbaycan-Fələstin münasibətlərinin inkişafı kontekstində necə dəyərləndirmək olar? İki ölkə arasında siyasi və diplomatik əlaqələrin mövcud vəziyyəti, Azərbaycanın Fələstin xalqına göstərdiyi dəstəyin regional və beynəlxalq müstəvidə əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan hökuməti və cənab Prezident hər zaman Fələstin xalqının yanında olub, bu xalqa dəstəyini ifadə edib: “Bir çox dövlətdən fərqli olaraq, Azərbaycan bu dəstəyi yalnız sözdə deyil, əməldə də nümayiş etdirib. Bu gün Fələstin xalqına dəstək verdiyini bəyan edən dövlətlər çox olsa da, real addımlar atan ölkələrin sayı kifayət qədər azdır. Bu baxımdan, cənab Prezidentin növbəti dəfə Fələstin xalqına dəstəyini ifadə etməsi olduqca əhəmiyyətlidir. Söhbət, ilk növbədə, Azərbaycanın iki dövlət prinsipini dəstəkləməsindən, Fələstin dövlətinin yaradılmasını müdafiə etməsindən gedir. Prezidentin ünvanladığı məktub da Azərbaycanın Fələstin dövlətinin yanında olduğunu və Fələstin xalqının haqlı mübarizəsini dəstəklədiyini bir daha nümayiş etdirir”.
Deputat qeyd edib ki, Azərbaycan ardıcıl olaraq bu istiqamətdə mühüm addımlar atır: “Prezidentin məktubunda toxunulan məqamlar da ölkəmizin Fələstin xalqı ilə həmrəyliyinin və Fələstin dövlətinin yaradılmasına verdiyi dəstəyin növbəti ifadəsidir. Hesab edirəm ki, bu müraciət eyni zamanda müsəlman dövlətləri arasında həmrəyliyin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün müsəlman ölkələri arasında əlaqələrin inkişafına, əməkdaşlığın möhkəmlənməsinə, birlik və həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verir”.
Ayhan
20:00 16.11.2026
Oxunuş sayı: 41