Pərvanə Vəliyeva: Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı təhlükəsizlik və insan kapitalını vahid strateji çərçivədə birləşdirir
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoyur. İki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Sənəd Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional təhlükəsizlik arxitekturasında rolunun artırılması və yeni iqtisadi imkanların reallaşdırılması üçün əlavə perspektivlər açır. Xüsusilə dəyişən geosiyasi reallıqlar fonunda Bakı–London tərəfdaşlığının yeni məzmun qazanması Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlıq baxımından diqqət çəkir.
Mövzu
ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva
qeyd edib ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin
imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir: “Sənəd
Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş
strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini
müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır. Azərbaycan
ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq,
qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlərin
əsası müstəqillik əldə etdikdən sonra qoyulub. 1994 və 1998-ci illərdə
imzalanmış əvvəlki sənədlərin davamı olaraq imzalanan yeni bəyannamə tərəfdaşlığın
müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə
edir. Bəyannamənin əsas siyasi
mesajlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə,
dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir. Sənəddə 8 avqust
2025-ci il tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalara və Azərbaycan–Ermənistan
münasibətlərinin normallaşması istiqamətində atılan addımlara müsbət münasibət
ifadə olunur. Birləşmiş Krallıq Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin
və regional əməkdaşlığın möhkəmləndirilməsinə dəstəyini qeyd edir. Bəyannamədə
müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi əsas istiqamətlərdən
biri kimi müəyyən edilir. Buraya hərbi təlim və hazırlıq, institusional
potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində
imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd
idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir. Birləşmiş Krallıq
ABŞ və Almaniyadan sonra 3-cü ən böyük NATO-ya vəsait xərcləyən, nüvə silahlı
ölkədir, onun hərbi xərcləri 2024-cü ildə rekord həddə - 84.2 milyard ABŞ
dollarına çatıb. Hərbi dəniz qüvvələri üzrə strateji gücə malikdir. Tarixi
xatırlasaq, Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər
Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər
dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi”.
Deputat
qeyd edib ki, yeni Strateji Tərəfdaşlıq haqqında Bəyannamə kontekstində Böyük
Britaniya hərbi təlim, texnologiya və institusional əməkdaşlıq vasitəsilə
kibertəhlükəsizliyə və ümumilikdə, müdafiə imkanlarının gücləndirilməsinə töhfələr
verə bilər: “Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir.
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin
inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi,
maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər
sırasında yer alır. Xüsusilə bərpaolunan
enerji, infrastruktur, nəqliyyat və logistika sahələri əməkdaşlığın
perspektivli istiqamətləri kimi diqqət çəkir. Azərbaycanın Şərq–Qərb nəqliyyat
dəhlizində və Orta Dəhliz marşrutunda artan rolu ölkənin regional və beynəlxalq
iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir. Bu kontekstdə
Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası
bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi
imkanlar yarada bilər. BP ilə üç
onillikdir ənənəvi enerji üzrə davam edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq
bu gün yaşıl enerji keçidi də ikitərəfli tərəfdaşlığın mühüm komponentlərindən
birinə çevirmişdir. Azərbaycanın bərpaolunan enerji potensialı, enerji
marşrutlarının şaxələndirilməsi və yaşıl iqtisadiyyata keçid istiqamətində həyata
keçirdiyi siyasət Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya
imkanları ilə uzlaşdırıla bilər. Yaşıl maliyyə mexanizmləri, aşağı karbonlu
texnologiyalar və enerji infrastrukturu üzrə əməkdaşlıq həm iqtisadi artıma, həm
də iqlim məqsədlərinə töhfə verə bilər. Bu sahədə Ticarət və İqtisadi Əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi
də diqqətəlayiqdir. Komissiya siyasi səviyyədə müəyyən edilmiş prioritetlərin
konkret iqtisadi layihələrə və praktiki nəticələrə çevrilməsi üçün mühüm
platforma rolunu oynaya bilər. Bəyannamənin üçüncü əsas istiqaməti təhsil, elm,
innovasiya və texnologiya sahələrini əhatə edir. Ali və peşə təhsili, kadr
hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim
proqramları, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq
imkanları sənəddə xüsusi yer tutur. Birləşmiş Krallıq Universitetləri qlobal
reytinqdə ön sıralardadır və xaricdə təhsil sahəsində Azərbaycandan olan gənclər
bu ölkədə təhsil almağa üstünlük verirlər. Bu baxımdan Azərbaycan və Böyük
Britaniya universitetləri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların
genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə
və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər. Azərbaycan–Böyük
Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi əməkdaşlığın üç əsas
istiqamətini; təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid
strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı
maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilmiş
məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq”.
14:57 16.11.2026
Oxunuş sayı: 86