Çikaqoda 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib
ABŞ-nin Çikaqo şəhərində yerləşən İllinoys Texnologiya İnstitutunun Çikaqo-Kent Hüquq Kollecində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) dəstəyi, Azərbaycanlı Hüquq Tələbələri və Məzunlarının Amerika Şəbəkəsinin (ALSANA) təşkilatçılığı ilə baş tutub. Təşkilati işlərdə isə ALSANA-nın rəhbəri Əmiraslan Yusifov, eləcə də direktorlar şurasının üzvləri Aytac Yusifova və Mehriban Məmmədova fəal iştirak ediblər.
Görüşə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycanın ABŞ-dəki Səfirliyinin ikinci katibi Fatma Yolçuyeva, ALSANA və ACMA təmsilçiləri, ABŞ-də yaşayan azərbaycanlı hüquqşünaslar, alimlər, tələbələr, eləcə də Azərbaycan icmasının üzvləri qatılıb. Çikaqo-Kent Hüquq Kollecinin məzunları Şamama Ələkbərova və Sənan Ramazanovun moderatorluğu ilə keçirilən görüş Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Əmiraslan Yusifov açılış nitqində iştirakçıları salamlayaraq tədbirin əsas məqsədinin ABŞ-də yaşayan azərbaycanlı hüquqşünasları bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və Azərbaycan icmasının inkişafına töhfə vermək olduğunu bildirib. O, öz təşəbbüsü ilə Azərbaycan Amerika Vəkillər Kollegiyasının (Azerbaijani American Bar Association) yaradıldığını diqqətə çatdıraraq, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı hüquqşünasları bu qurumun ətrafında birləşməyə dəvət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli həmrəyliyin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müəyyən etdiyi strateji xəttin əhəmiyyətinə diqqət çəkib. O, dövlət başçısının xaricdəki soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə və onların vahid məqsədlər ətrafında birləşməsinə xüsusi önəm verdiyini qeyd edib. ABŞ-də yaşayan azərbaycanlıların müxtəlif sahələrdə əldə etdikləri uğurları və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib. Sədr müavini ALSANA-nın təşəbbüsünün və Azərbaycan Amerika Vəkillər Kollegiyasının yaradılmasının soydaşlarımız arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Digər natiqlər – Çikaqo-Kent Hüquq Kollecinin müvəqqəti dekanı Harold J. Krent, Fatma Yolçuyeva, Amerika Azərbaycan Təşkilatları Alyansının vitse-prezidenti Adika İqbal, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi də çıxışlarında tədbirin əhəmiyyətindən bəhs ediblər. Onlar Azərbaycan və ABŞ arasında əlaqələrin, eləcə də hüquq sahəsində akademik və peşəkar əməkdaşlığın inkişafında belə təşəbbüslərin rolunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Azərbaycanın tarixi, dövlətçilik ənənələri və hüquq sistemi barədə təqdimatlar keçirilib. Sənan Ramazanov ölkəmizin tarixi, Şamama Ələkbərova Azərbaycan hüquq sistemi, Əmiraslan Yusifov isə Azərbaycan Konstitusiyası haqqında ətraflı məlumat veriblər. İştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycan Konstitusiyasına həsr olunan videoçarxlar nümayiş etdirilib.
Görüşün əsas müzakirə mövzularından biri ABŞ-də vahid və dayanıqlı Azərbaycan hüquq cəmiyyətinin formalaşdırılması olub. Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq Proqramlar üzrə rəhbəri Adam Veber, ALSANA-nın direktorlar şurasının üzvü Mehriban Məmmədova, eləcə də ABŞ-də yaşayan azərbaycanlı hüquqşünaslar Azər Nağıyev, Nigar Sadıxova, Aysel Əsgərova, Zülfiyyə Hüseynova və İlkanə Qarayeva bu istiqamətdə fikir və təkliflərini bölüşüblər. Çıxışlarda ABŞ-də təhsil alan və çalışan azərbaycanlı hüquqşünasların akademik və peşəkar imkanlarının genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, mentorluq əlaqələrinin qurulması və hüquq sahəsində fəaliyyət göstərən soydaşlarımız arasında davamlı əməkdaşlıq şəbəkəsinin yaradılmasının vacibliyi qeyd olunub.
Proqramın maarifləndirici hissəsində Azərbaycan haqqında biliklərin artırılmasına yönələn interaktiv oyunlar keçirilib. İştirakçılar ölkəmizin tarixi, dövlət rəmzləri, hüquq sistemi və Konstitusiyası ilə bağlı biliklərini sınamaq imkanı əldə ediblər.
Bədii hissədə Orxan Məmmədli (tar), Tuna Güvənç (qarmon) və Nuriyə Cəfərova milli musiqi və rəqs nümunələri ilə çıxış ediblər. Görüş iştirakçıların “Yallı” rəqsi ilə başa çatıb.
Qeyd edək ki, bu təşəbbüs ABŞ-də yaşayan azərbaycanlı hüquqşünaslar arasında peşəkar həmrəyliyin gücləndirilməsi, onların vahid platforma ətrafında birləşdirilməsi və Azərbaycan diasporunun institusional fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, akademik və hüquqi dairələrin nümayəndələrini bir araya gətirən tədbir Azərbaycan ilə ABŞ arasında qarşılıqlı anlaşmanın, dostluq münasibətlərinin və peşəkar əməkdaşlığın inkişafına da töhfə verir.
19:44 16.11.2026
Oxunuş sayı: 44