Dişləriniz əvvəlki kimi deyil? Səbəbi bu xəstəlik ola bilər
İnsanlar arasında geniş yayılmış fikirlərdən biri də dişlərin mövqeyinin
yalnız uşaqlıq və gənclik dövründə dəyişə bilməsidir. Halbuki yaş artdıqca ağız
boşluğunda və diş-çənə sistemində baş verən dəyişikliklər dişlərin düzülüşünə
də təsir göstərir. Xüsusilə 40 yaşdan sonra bəzi insanlarda əvvəllər düzgün
görünən dişlərin tədricən əyilməsi, aralarında boşluqların yaranması və ya sıxlaşma
müşahidə olunur. Bəzən isə ön dişlərin bir-birinin üzərinə keçməsi, dişləmənin
dəyişməsi və dişlərin əvvəlki mövqeyindən fərqli vəziyyət alması diqqət çəkir.
Bu dəyişikliklərin yaranmasının bir neçə səbəbi var. Yaşla əlaqədar dişləri
əhatə edən sümük və diş əti toxumalarında baş verən dəyişikliklər, diş əti
xəstəlikləri, diş itkisi və çeynəmə qüvvəsinin qeyri-bərabər paylanması
dişlərin mövqeyinə təsir göstərə bilər. Xüsusilə bir və ya bir neçə dişin
itirilməsi nəticəsində qonşu dişlər boşluğa doğru hərəkət edə, qarşı çənədəki
dişlər isə öz mövqeyini dəyişə bilər.
Digər tərəfdən, dişlərin illər ərzində davamlı olaraq kiçik hərəkətlər
etməsi də təbii prosesdir. Bu səbəbdən gənclik dövründə aparılmış ortodontik
müalicədən sonra belə dişlərin əvvəlki vəziyyətinə qayıtması mümkündür.
Reteynerlərdən istifadə edilməməsi və ağız boşluğuna lazımi qulluq
göstərilməməsi bu riski artıra bilər.
Dişlərin mövqeyinin dəyişməsi yalnız estetik problem deyil. Bu proses
çeynəmə funksiyasına, dişlərin bir-birinə təmas formasına, ağız gigiyenasına və
diş əti sağlamlığına da təsir edə bilər. Bəzi hallarda dişlərin yerdəyişməsi
periodontal xəstəliklərin əlaməti ola bilər və vaxtında müdaxilə edilmədikdə
dişlərin laxlaması və itirilməsi ilə nəticələnə bilər.
Maraqlıdır ki, 40 yaşdan sonra dişlərin mövqeyinin dəyişməsi nə dərəcədə normal yaşlanma prosesi hesab olunur?
Crossmedia.az-a açıqlama verən diş həkimi Rahib Qurbanov bildirib ki, dişlərin
itirilməsi bir neçə amillə əlaqədar ola bilər:
“İlk növbədə bunlardan biri yaş faktorudur. Belə ki, 35-40 yaşdan sonra bəzi
insanlarda diş ətinin çəkilməsi və sümük toxumasının zəifləməsi müşahidə
olunur. Nəticədə dişlərin boyun hissəsi açıq qalır, həssaslıq yaranır və
dişlərdə laxlamalar başlaya bilər.
Yaş artdıqca çənə sümüyündə də müəyyən dəyişikliklər baş verir. Xüsusilə
parodont xəstəlikləri zamanı dişi əhatə edən sümük toxumasının sorulması və
dişi saxlayan bağların zəifləməsi nəticəsində dişlər tədricən hərəkətliliyini
itirə və hətta tökülə bilər.
Bundan başqa, dişlərin itirilməsinə irsi meyillilik, genetik faktorlar və
ağız boşluğunda yaranan müxtəlif xəstəliklər də səbəb ola bilər. Bəzi
insanlarda ailəvi olaraq diş əti problemlərinə və dişlərin daha erkən yaşlarda
itirilməsinə meyillilik müşahidə edilir.
Bu problemlərin qarşısını almaq üçün əsas tövsiyə ildə iki dəfə, yəni hər
altı aydan bir stomatoloji müayinədən keçməkdir. Təəssüf ki, insanlar çox vaxt
yalnız ağrı və ya ciddi narahatlıq yarandıqda həkimə müraciət edirlər. Halbuki
mütəmadi müayinə diş və diş əti xəstəliklərinin erkən aşkarlanmasına imkan
verir.
Bununla yanaşı, diş daşlarının təmizlənməsi, ağız boşluğunun gigiyenasına diqqət yetirilməsi və həkimin tövsiyəsinə uyğun müalicə-profilaktik tədbirlərin görülməsi vacibdir. Diş ətinin qanadılması isə müalicə üsulu deyil. Diş əti qanaması əksinə, çox vaxt iltihabın əlaməti ola bilər”.
Məhəbbət Tərlanoğlu
20:50 16.11.2026
Oxunuş sayı: 43