Aydın Mirzəzadə: Azərbaycançılıq hansı dilə, dinə və millətə mənsub olmasından asılı olmayaraq hər bir vətəndaşın ideologiyasıdır
Azərbaycançılıq ideologiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, tarixi yaddaşını və müasir inkişaf hədəflərini özündə birləşdirən fundamental milli ideyadır. Bu ideologiya yalnız milli kimliyin ifadəsi deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və cəmiyyətimizin həmrəyliyinin ideoloji əsasını təşkil edir. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid Vətən, ortaq dövlətçilik maraqları və ümumi gələcək naminə birləşməsi Azərbaycançılığın ən mühüm xüsusiyyətlərindəndir.
Ümummilli Lider Heydər Əliyevin siyasi və ideoloji irsi sayəsində konseptual məzmun qazanan Azərbaycançılıq ideyası bu gün də dövlət siyasətinin və milli birliyin mühüm istiqamətlərindən biri kimi aktuallığını qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, Vətən müharibəsində qazanılan tarixi Zəfər, suverenliyin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri bu ideologiyanın milli həmrəylik və dövlətçilik baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Bəs Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir? O, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini hansı ortaq dəyərlər ətrafında birləşdirir? Qloballaşma və rəqəmsallaşma şəraitində milli kimliyin qorunması, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi hansı əhəmiyyət daşıyır? Bu və digər məsələləri müsahibimizlə müzakirə edirik.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a müsahibə verib:
- Azərbaycançılıq ideologiyasının mahiyyətini necə izah edərdiniz? Bu ideologiyanın təməlində dayanan əsas milli və mənəvi dəyərlər hansılardır?
- Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti Azərbaycanın dövlət müstəqilliyini qorunub saxlanması, Azərbaycanın milli maraqlarının təmin edilməsi, vətəndaşlarının təhlükəsizliyinin qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dünya birliyində onun layiqli yerinin tutulmasıdır. Onun siyasi partiya ideologiyasından fərqi ondan ibarətdir ki, o cəmiyyəti parçalanmır, o cəmiyyətin bir hissəsinin ideologiyası olmayıb ümumilikdə bütün cəmiyyətin ideologiyasıdır. O bir sosial qrupun, bir təbəqənin ideologiyası deyil, o hər bir kəsin statusundan, dilindən, dinindən, maddi imkanından, tutduğu vəzifədən asılı olmayaraq hər bir kəsin ideologiyasıdır. Onun həyata keçməsi hər bir kəsin bu ideologiya bağlı olmasında, bu ideologiyanın reallaşmasına öz fərdi xidmətinin verilməsidir.
- Azərbaycan müxtəlif etnik və dini qrupların birgə yaşadığı ölkədir. Azərbaycançılıq bu müxtəlifliyi vahid milli kimlik ətrafında necə birləşdirir?
- Azərbaycançılıq bu və ya digər formada cəmiyyətimizdə həmişə olub. Amma çox təəssüf ki, 20 il bizim milli müstəqil milli dövlətimizin olmaması onun tamamlanmasına hər bir kəsin buna yiyələnməsinə imkan verməyib. Bununla belə onun daşıyıcıları zaman-zaman onu müxtəlif çətin dövrlərdən keçiriblər. Azərbaycançılıq artıq bir dəfə qəbul edilmiş postulatlar konservativ dəyərlər toplusu deyil. O daima yenilənir, zaman keçdikcə yeni dövr gəldikcə həmin dövrün xüsusiyyətləri orada özünü tapır. Əlbəttə, bunun təməlində dövlətçilik, milli dəyərlərimizin qorunması, milli maraqlarımız, vətəndaşın hüquq azadlıqları durur. Ancaq bunun həyata keçirilməsi artıq dövrdən, zamandan, şəraitdən asılı olan məsələdir. Və şərait dəyişdikcə yeniləndikcə azərbaycançılıq ideologiyası da daima yenilənir və bu yenilənmə ancaq bir qrupun səlahiyyətində olan məsələ deyil, hər bir kəs bu yenilənməyə öz töhfəsini verir. Bu yeni dəyərlərdir, bu yeni texnologiyadır, bu cəmiyyətin yenidən qurulması üçün prinsiplərin artıq dəyişməsidir. Bir sözlə bir tərəfdən tarixə, kökə, dəyərlərə, mədəniyyətə söykənmək, digər tərəfdən isə yenilikləri cəmiyyətə gətirmək və bununla da cəmiyyətin daha güclü, daha qüdrətli və dövrün çağırışlarına cavab verən bir toplum olmasına imkan verməkdir.
- Azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini necə qiymətləndirirsiniz?
- Azərbaycançılıq ancaq bir xalqın ideologiyası deyil. Bu Azərbaycan cəmiyyətində yaşayan hər bir kəsin ideologiyasıdır. Burada artıq milli kimlik məsələsi yoxdur. Burada bu cəmiyyətin üzvü olmaq məsələsidir, bu ölkənin vətəndaşı olmaq məsələsidir. Və görülən ondan ibarətdir ki, bu gün bu ideologiya cəmiyyətimizdə alternativ bir ideologiya ortaya qoyulmayıbdır. Bu ideologiyaya cəmiyyətdə yaşayan hansısa bir milli azlıq öz etirazını bildirmir. Çünki məhz azərbaycançılığın içində o özünün yaşamasının zəmanətini görür. Və azərbaycançılığın təkmil bir formaya gəlməsində ulu öndər Heydər Əliyevin böyük rolu olur. Onun Azərbaycanda yaşayan hər bir xalqın tarixinin, mədəniyyətinin qorunmasında, milli kimliyinin qorunmasında böyük xidmətləri vardır. Azərbaycan idarəetmə sistemində, elmində, mədəniyyətində, ictimai fikrində müxtəlif xalqların nümayəndələri var, onların içərisində Azərbaycanda yaşayanlar da var və yaxud da həyatını Azərbaycanla bağlayanlar da kifayət qədər çoxdur. Və bu ana xətt, strategiya indiki Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycanda ancaq bir dil, Azərbaycan dilini bilən insanların sayı həddindən artıq azdır. Əksinə bu gün çoxdillilik azərbaycançılıq üçün xarakterikdir. Azərbaycan dili milli azlıqların öz dili, bu gün dünyanın aparıcı dilləri və yaxud da hansısa bir regionun dili bunlar artıq Azərbaycan vətəndaşının dünyaya gedən bir yoludur, bu Azərbaycanın tanınmasıdır, dünyanın Azərbaycana gətirilməsidir.
- Vətən müharibəsində əldə edilən tarixi Zəfər milli həmrəyliyin və Azərbaycançılıq ruhunun gücünü necə nümayiş etdirdi?
- Azərbaycançılıq ideologiyası eyni zamanda zaman-zaman cəmiyyətin qazandığı uğurlarda öz əksini tapır. Hansısa cəmiyyət üçün bu iqtisadiyyatının daha da güclənməsidir, yeni sahələrin meydana gəlməsidir, dünya səviyyəsində özünün bu və ya digər vətəndaşının hansısa bir uğurunun qazanılmasıdır. Əlbəttə bu yol Azərbaycan üçün də xarakterikdir. Bu gün Azərbaycan nümayəndələri müxtəlif sahələrdə, elmdə, mədəniyyətdə, ictimai fikirdə, idmanda, iqtisadiyyatda uğurlar qazanırlar. Bu tək Azərbaycan üçün deyil, onlar Azərbaycandan kənarda da bunun təzahürünü çox güclü görürük. Bu gün eyni zamanda azərbaycançılığı nökəmləndirən, Azərbaycanı daha güclü edən bizim zəfər ruhumuzdur. Zəfərin əldə edilməsi Azərbaycanda milli birlik hesabına, hər bir kəsin qələbəyə öz töhfəsini verməsi nəticəsində mümkün oldu. Döyüşçülərimiz arasında müxtəlif xalqların nümayəndələri var idi və zəfər bu gün hər bir kəsin qazancıdır, hər bir kəsin şəxsi uğuru dünyaya tanınma nişanıdır. Və zəfər bayramı, onun möhkəmləndirilməsi, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin getməsi, bütün bunların hamısı azərbaycançılıq ideologiyasını daha da gücləndirir.
- Qloballaşma və rəqəmsallaşma dövründə Azərbaycan gənclərinin milli kimliyini və milli-mənəvi dəyərlərini qoruması üçün hansı addımlar atılmalıdır?
- Qloballaşma bütün dövrlərdə gedibdir. Bu bizim həyat tərzimizdə, geyimimizdə, universal elmdə, idmanımızda dünyaya gedən körpülərimizdə görünür. Əlbəttə qloballaşma bundan sonra da güclənəcəkdir. Elmin, texnologiyanın yenilikləri bütün dünyada olduğu kimi Azərbaycanda da öz tətbiqini tapacaq. Eyni zamanda qloballaşmaya öz töhfəsini verən məhsulların xidmətin müəyyən bir hissəsi elə Azərbaycanda da istifadə olunacaq. Bu gün asan xidmət, dost xidməti Azərbaycan brendi kimi dünyada tanınmaqdadır. Döyüşçülərimizin qələbə qazanması nümunəsinin özü dünyada bir Azərbaycan nümunəsi kimi tanınmasıdır. Xarici universitetlərdə çox sayda azərbaycanlı alimlər və mütəxəssislər çalışır. Bir sıra ölkələrin idman komandalarında azərbaycanlı mütəxəssislər çalışır, idmançılar həmin ölkənin dünya idmanında tanınmasında böyük rol oynayırlar. Azərbaycan məhsulları bu gün dünya bazarına çıxır. Azərbaycan tanınır, bayrağı tanınır, tarixi, mədəniyyəti tanınır. Əlbəttə ki, bu qloballaşmada Azərbaycanın yeridir. Bir sözlə dünyada yeni nə varsa, uğura nə gətirirsə onların hamısı Azərbaycana gəlir və bundan sonra da gələcəkdir.
- Müasir dövrdə Prezident İlham Əliyev siyasətində azərbaycançılıq ideyaları özünü necə göstərir?
- Azərbaycançılığın möhkəmlənməsində, onun tanınmasında, uğur qazanmasında ölkə prezidenti cənab İlham Əliyevin böyük rolu vardır. Onun ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi onun siyasi fəlsəfəsini daha da dərinləşdirilməsi buna bariz nümunəsidir. Cənab prezident bu gün dünya səviyyəli siyasətçidir. Onun beynəlxalq tədbirlərdə iştirakı böyük maraqla qarşılanır. Onun ikitərəfli görüşləri Azərbaycanla digər ölkələrin münasibətlərini daha da möhkəmlənməsinə xidmət edir. Məhz cənab prezidentimizin apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. İşğalçı Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh müqaviləsini son mətninə razılıq verməsindən səbəb oldu və bu gün Azərbaycan istədiyi Ermənistanın konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarından aradan qaldırıldıqdan sonra sülh müqaviləsinin imzalanmasıdır. Cənab prezidentin siyasəti müstəqilliyimizi möhkəmləndirir, Azərbaycanı daha qüdrətli edir. Azərbaycan vətəndaşının maraqlarının qorunması üçün çox uğurlu bir sistem yaradır. Azərbaycan güclənir, Azərbaycan müstəqil daxili xarici siyasətçidir. Hər bir vətəndaşımız bu gün Azərbaycan dövlətinin vətəndaşı olmağı ilə qürur duyur. Bir çox məsələlər həll olunub, onunla belə qarşımızda bir çox hələ həll olunası məsələlər var. Və bu məsələləri həll etmək üçün Azərbaycan dövlətinin şəkən cənab prezidentimizin siyasi iradəsi var. Onun bu məsələlərə ciddi yanaşma nümunəsi ortaya qoyulur və bundan sonra da Azərbaycan özünün dövlət müstəqilliyini, özünün suverenliyini, qüdrətinin möhkəmlənməsi üçün böyük işlər görəcək. Bu işdə ölkə prezidenti cənab İlham Əliyevin nümunəsi bizim üçün olduqca önəmlidir və hər bir vətəndaş Azərbaycanın daha güclü olması üçün öz töhfəsini vermək imkanı vardır.
Ayhan
10:00 17.11.2026
Oxunuş sayı: 80