Aqrar sektor yüksək gəlir təmin etsə, gənclər xaricə getməz - Müsahibə
İqtisadiyyatın dayanıqlı inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və yerli istehsalın genişləndirilməsi üçün sahibkarlıq mühitinin əlverişli olması mühüm şərtlərdəndir. Azərbaycanda son illər biznes fəaliyyətinin təşviqi, sahibkarlara dövlət dəstəyinin artırılması, güzəştli kredit mexanizmlərinin tətbiqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bununla belə, yüksək bank faizləri, maliyyə resurslarına çıxış, satış bazarlarında rəqabət, iri ticarət şəbəkələrinin yerli istehsalçılarla münasibətləri və regionlarda biznes fəallığının zəifliyi kimi məsələlər müzakirə mövzusu olaraq qalır.
Xüsusilə, ölkənin idxaldan asılılığının azaldılması, aqrar sektorun potensialından səmərəli istifadə edilməsi və yerli müəssisələrin beynəlxalq bazarlara çıxış imkanlarının artırılması iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs mövcud sahibkarlıq mühiti bu hədəflərə çatmaq üçün nə dərəcədə əlverişlidir? Kiçik, orta və iri biznesin inkişafı üçün hansı addımlar atılmalı, yerli istehsalın rəqabət qabiliyyəti necə artırılmalıdır?
Bütün bu məsələlərlə bağlı Bakı Biznes Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Taleh Əkbərov Crossmedia.az-a müsahibə verib:

- Azərbaycanda sahibkarlıq mühitinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Son illərdə biznes mühitində hansı əsaslı və köklü dəyişikliklər müşahidə olunub?
- Azərbaycanda sahibkarlıq mühitini müsbət qiymətləndirmək lazımdır. Çünki 2000-ci ildən etibarən biznes mühitinin şəffaflaşdırılması, sahibkarlığın və investisiya qoyuluşlarının təşviqi istiqamətində dövlət tərəfindən zəruri addımlar ardıcıl şəkildə davam etdirilib. Bu istiqamətdə ilk maneələrin aradan qaldırılması Ulu Öndər Heydər Əliyevin dövründən başlayıb. Hər zaman deyirəm ki, Klassik nəzəriyyəçilərdən Adam Smitin “gözəgörünməz əl” nəzəriyyəsi var. Ulu Öndər Heydər Əliyevin də sahibkarlıq fəaliyyətinin inkişafında “gözəgörünməz əli” böyük rol oynayıb. Belə ki, ilk maneələrdən biri yoxlamalar idi. Bilirsiniz, əvvəllər bütün hüquq-mühafizə orqanları, digər dövlət qurumları və nəzarətçi strukturlar sahibkarlıq subyektlərinin fəaliyyətinə istənilən vaxt müdaxilə edə bilirdilər. İlk böyük addımlardan biri hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərində yoxlamalarının dayandırılması və bu səlahiyyətlərin aidiyyəti qurumlara, İqtisadi İnkişaf Nazirliyinə həvalə olunması oldu. Sonrakı ardıcıl islahatlara nəzər salsaq, sahibkarlıq subyektlərinin, xüsusilə aqrar sektorun torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi, kiçik, orta və iri sahibkarlıq subyektlərinin həm istehsalının, həm də ixracının stimullaşdırılması üçün ardıcıl tədbirlərin görülməsi, “bir pəncərə” sisteminin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin sadələşdirilməsi, ixracın təşviqi fondunun yaradılması kimi addımları qeyd edə bilərik. Sahibkarlığa Kömək Milli Fondu təsis olundu, sonradan onun adı dəyişdirilərək Azərbaycan Biznesinin İnkişafı Fondu yaradıldı. Banklardan götürülən kreditlərə dəstək verildi, güzəştli kreditlərə çıxış imkanları genişləndirildi, maliyyə mənbələrinə çıxış sadələşdirildi. Bütün bunların fonunda Azərbaycanda şəffaflaşma prosesinə də start verildi. Bilirsiniz ki, 2008-ci ilə qədər sahibkarlıq subyektlərində çalışan işçilərin, demək olar ki, 70-80 faizi uçota alınmır, qeyri-qanuni şəkildə işə götürülürdü. Vergidən yayınma halları da mövcud idi. Lakin indiki dövrlə müqayisə etdikdə bu hallar demək olar ki, minimum həddə endirilib, kölgə iqtisadiyyatının həcmi azaldılıb. Artıq belə deyək, top sahibkarın özündədir. Bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ciddi maneələr yoxdur. Təbii ki, inkişafın Avropa səviyyəsində olduğunu deyə bilmərik. Bunun da müəyyən səbəbləri var. Əsas məsələ ondan ibarətdir ki, sahibkarlıq fəaliyyətinə başlamaq üçün şərtlər və prosedurlar xeyli sadələşdirilib. Sahibkarlığın bütün sahələrini əhatə edən dəstək mexanizmləri mövcuddur. Ona görə də bütün bunların fonunda sahibkarlıq mühitini müsbət qiymətləndirmək lazımdır.
- Kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu gün həmin sahənin potensialından tam istifadə edə bilirikmi?
- Kiçik və orta sahibkarlıq dünyanın bütün ölkələrində ən zəruri iqtisadi təbəqələrdən biridir. İqtisadi ədəbiyyatlarla tanış olanda görürük ki, dünyanın bir çox ölkəsində, məsələn, ABŞ-də hər il təxminən 1 milyona yaxın müəssisə müflis olur, lakin onların yerinə 1 milyon, hətta 1 milyon 200 min yeni müəssisə yaradılır. İlk baxışdan bunu qorxunc rəqəm kimi qiymətləndirə bilərik. Amma təhlil etdikdə görürük ki, kiçik və orta sahibkarlıq cəmiyyətin barometridir. Hansı sahəyə ehtiyac varsa, sahibkarlar həmin istiqamətə yönəlirlər. Karl Marksın da dediyi kimi, kapital mənfəətin qoxusuna gedir, mənfəət olan sahələrə axır. Kiçik sahibkarlıqda da bu meyil daha tez hiss olunur. Kiçik və orta sahibkarlığın əsas üstünlüyü çevikliyidir. Sahibkar bu gün müəyyən bir sahəyə investisiya qoyur, həmin istiqamətdə problem yaranarsa, fəaliyyətinin istiqamətini dəyişə bilir. Bunun da müsbət və mənfi tərəfləri var. Aqrar sektorla bağlı ölkələrin təcrübəsinə nəzər salsaq, İspaniyada zeytunçuluq sahəsində, İtaliyada, İranda və Türkiyədə yüzillərlə davam edən ailə bizneslərinin olduğunu görərik. Hazırda Özbəkistan da bu yolu keçir. İnsan 10 yaşından atasının, ailəsinin yanında həmin biznesdə formalaşır. Gecə saat 3-də bazara çıxır, məhsul seçir, alıb-satır və zaman keçdikcə həmin sahədə püxtələşir. Nəticədə gələcəkdə o istiqamətdə həm praktiki, həm də nəzəri biliklərə malik ciddi kadr potensialı formalaşır.
Azərbaycanda isə bu sahədə müəyyən problem var. Problem nədən ibarətdir? Tutaq ki, bir ailə əziyyət çəkərək aqrar sektorla bağlı biznes qurur. Lakin övladı təhsil almaq üçün xarici ölkəyə gedir, sonradan istiqamətini dəyişərək tibb, hüquq və digər sahələrə yönəlir. Ailə öz biznesi üçün kənardan kadr götürmək məcburiyyətində qalır. Əlbəttə, övladın öz seçimini etməsinə mane olmaq olmaz. Bu, onun hüququdur. Amma ailə biznesi ənənəsi də formalaşmalıdır. Xüsusilə aqrar sektorun inkişafında bu, mühüm amildir. Çünki kadr ailənin özündə yetişir.
- Sizcə, bunu necə təmin edə bilərik?
-Bunu təmin etməyin yolu aqrar biznesi mənfəətli sahəyə çevirməkdir. Əgər bu gün aqrar sektor yüksək gəlir təmin edərsə, inanıram ki, ailələr öz övladlarını Almaniyaya və digər ölkələrə oxumağa göndərmək əvəzinə, onları həmin biznesdə görmək istəyəcəklər. Təəssüf ki, bu gün Azərbaycanda aqrar istehsalçıların deyil, ticarət sahəsinin mənfəətliliyi və rentabelliyi daha yüksəkdir. İstehsalçıların əksəriyyətində isə ciddi problemlər var. Məsələn, fermer məhsul yetişdirir, böyük bağ salır, lakin məhsulunu satmaq istəyəndə regionlarda bir kiloqram almanı 30 qəpiyə belə sata bilmir. Halbuki Bakı bazarında almanın qiyməti 2 manatdan aşağı deyil. Səbəb nədir? Məhsul üç-dörd vasitəçinin əlindən keçərək bazara çıxır. Hər mərhələdə yanacaq, avtomobil, bazara giriş və digər xərclər yaranır. Sahibkar məhsulu alıb topdansatış bazarına daxil olarkən müəyyən məbləğ ödəyir. Sonra məhsulu oradan alıb orta topdansatış məntəqəsinə gətirəndə və bazarın digər hissəsində satanda yenidən ödəniş etməli olur. Bütün bu xərclər məhsulun maya dəyərinin üzərinə əlavə olunur. Aqrar sektorun incəliyi də ondadır ki, məhsulun qiyməti aşağı olduğundan hər bir əlavə xərc maya dəyərində daha yüksək faizlə öz əksini tapır. Nəticədə mənfəətlilik aşağı düşür.
- Sahibkarların qarşılaşdığı əsas problemlər hansılardır? Vergi yükü, maliyyə resurslarına çıxış, bürokratik maneələr, yoxsa bazara daxil olmaq imkanları?
- Ümumiyyətlə, məsələyə iki aspektdən yanaşaq: istehsalçıların üzləşdiyi problemlər və idxalatçıların qarşılaşdığı çətinliklər. Bu iki sahəni ayırdıqda görürük ki, istehsalçıların əsas problemlərindən biri maliyyə resurslarına çıxışdır. Bilirsiniz, bizdə bank faizləri orta hesabla 15 faizdən yuxarıdır, bəzən 18-20 faizə çatır. Lakin biznesdə marja bu qədər yüksək deyil. Bu gün normal əmtəə dövriyyəsində marja maksimum 15-20 faiz təşkil edir. Sahibkar 20 faizlə bank krediti götürdükdə isə onun əməliyyat xərcləri də nəzərə alınmalıdır. Müəssisənin növündən asılı olaraq bu xərclər orta hesabla 10-20 faiz arasında dəyişir. Bütün bunları nəzərə aldıqda birinci problemin məhz maliyyə resursları olduğu aydın görünür. İkinci məsələ satış problemidir. İstər istehsalçıların, istərsə də idxalatçıların əsas problemlərindən biri satış bazarıdır. Bilirsiniz ki, bu gün Azərbaycanda supermarket şəbəkələri genişlənir. Artıq təxminən 10 ildir ki, ölkədə çox ciddi şəbəkələşmə prosesi gedir. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Ticarət baxımından müsbət cəhət odur ki, insanlar rahat alış-veriş edə bilirlər. Hətta açıq deyirəm, Avropada da olmayan böyük supermarket şəbəkələrimiz var. Xidmətin səviyyəsi yüksəkdir və bu, qaneedicidir. Lakin istehsalçı həmin şəbəkələrə yol tapa bilmədikdə çox çətin vəziyyətə düşür. Təsəvvür edin, regionların birində fəaliyyət göstərən müəssisə məhsulunu supermarket şəbəkələrindən birində tanıtmaq üçün ciddi maliyyə xərcləri çəkməlidir. Birinci məsələ nədir? Şəbəkələrin strategiyası ondan ibarətdir ki, məhsul üzrə marja minimum 30 faiz olsun. Yəni supermarket aldığı məhsulun üzərində minimum 30 faiz gəlirlilik təmin etməlidir. Çünki həmin şəbəkələrin də böyük xərcləri var. Geniş infrastruktur, depo, mərkəzi anbar və Azərbaycanın müxtəlif ərazilərində fəaliyyət göstərən 300, 500, hətta 1000 supermarketin saxlanılması ciddi vəsait tələb edir. Bundan başqa, məhsulun rəflərdə yerləşdirilməsi ilə bağlı xərclər də var. Bilirsiniz, rəf başları, ön hissələr deyilən yerlərə məhsul yerləşdiriləndə əlavə olaraq ən azı 8-10 faiz bonus tələb olunur. Palet satışları, təşviq kampaniyaları həyata keçirildikdə isə istehsalçı əlavə xərclər çəkməli olur. Bütün bunlar istehsalçının xərclərini artırır və onu məhsulun maya dəyərini yüksəltməyə məcbur edir. Nəticədə bu xərclər istehlakçının cibindən çıxır. Növbəti problem pulun geri dönüşü ilə bağlıdır. Supermarket şəbəkələri ilə işlədikdə ödənişin ən qısa müddəti bir aydır. Yəni faktura üzrə ödəniş bir ay sonra həyata keçirilir. Daha sonra qaimə yazılır və sahibkara pul ən tez 60 günə geri qayıdır. Burada artıq sahibkarın ikinci problemi – maliyyə çatışmazlığı yaranır. Bununla bağlı banklara müraciət etdikdə isə yüksək faizlər prosesi daha da çətinləşdirir. Sahibkar həm istehsalın fasiləsizliyini təmin etməli, həm mal və xidmətləri vaxtında istehlakçıya çatdırmalı, həm də bütün bunlar üçün kifayət qədər maliyyə resursuna malik olmalıdır. Deməli, ilk növbədə əsas problemlər maliyyə və satış məsələləridir. Bu səbəbdən mən vaxtilə bir təklif irəli sürmüşdüm. Belə bir ümumi şirkət yaradıla bilər -treydinq şirkətləri- regionlarda istehsal olunan məhsulları birləşdirərək vahid portfel formalaşdırsınlar. Yəni bir-birinin satışına mane olmayan, rəqabətdə bir-birini sıxışdırmayan 20-30 kiçik müəssisənin məhsullarını bir araya gətirib Bakıda və Azərbaycanın digər ərazilərində distribütor şəbəkəsi yaratsınlar. Burada dövlətin dəstəyi ondan ibarət olmalıdır ki, yaradılacaq şirkətin supermarket şəbəkələrinə daxil olması üçün güzəştlər təmin edilsin. Beləliklə, həmin şirkət əlavə rəf başı, məhsulun yerləşdirilməsi və ya müəyyən çeşidin tanıdılması üçün tələb olunan əlavə ödənişlərdən azad olunsun. O da kiçik müəssisələrin məhsullarını ölkə üzrə supermarket şəbəkələrinə çatdırsın. Çünki Azərbaycan ticarətinin böyük hissəsi artıq şəbəkələrin əlində cəmləşib.
- Sizcə, bu şəbəkələr alternativ bazarı sıradan çıxarırmı? Alternativ bazar zəifləyərsə, qiymətlərin süni şəkildə bahalaşması riski yaranırmı?
- Deməzdim ki, alternativ bazarı sıradan çıxarır deməzdim. Bu, rəqabətdir. Biz güclü sahibkarların da haqqına girə bilmərik. İnsanlar əziyyət çəkirlər, gecə-gündüz çalışırlar, planlar qururlar, böyük məbləğdə kredit götürür, investisiya yatırırlar. Onların fəaliyyətinə də kölgə sala bilmərik. Hər kəsin məqsədi böyüməkdir. Mən hər zaman deyirəm ki, kiçik sahibkarlığı düşünməliyik. Mikro, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirməliyik. Amma iri sahibkarları da yaddan çıxarmamalıyıq. Mənim yanaşmam budur ki, güclüləri də gücləndirməliyik. Bununla yanaşı, iri sahibkarlara da başa salmalıyıq ki, yerli istehsalçıların, kiçik müəssisələrin məhsullarına rəflərində yer versinlər. Bu gün KOBİA da həmin istiqamətdə fəaliyyət göstərir. KOBİA təxminən 140 şirkətin məhsullarının supermarket şəbəkələrində yerləşdirilməsi üçün icarə yerləri götürür və onların bazara çıxışını asanlaşdırır. Amma bu, bütün sahibkarları əhatə etmir. Ümumi sahibkarların cəmi 3-5 faizinə aid ola bilər. Bu, problemin tam həlli deyil. Şəbəkələşmənin müsbət tərəfi odur ki, istehlakçılara geniş çeşiddə əmtəə və xidmətlər təklif olunur. Lakin biznesin təbii inkişaf xətti olaraq bu proses məhsulun maya dəyərinin artmasına da səbəb olur. Çünki sahibkarların öz xərcləri, böyük infrastrukturu, qurduqları strukturlar var. Onlar həmin xərcləri qarşılamaq üçün 10-15 faiz marja ilə kifayətlənə bilməzlər. Mən 1997-1998-ci illərdən özəl sektorda fəaliyyət göstərirəm. O zamanlar tək-tək A tipli supermarketlər var idi, hələ şəbəkələşmə prosesi başlamamışdı. Həmin marketlərə satış qiymətindən maksimum 2 faiz endirim verirdik. Bu, kifayət edirdi. Marketlər öz xərclərini qarşılayır, eyni zamanda mənfəət əldə edirdilər.Lakin şəbəkələşmədən sonra xərclər o qədər artdı ki, artıq 10 faiz də kifayət etmir. Hətta 20 faiz də yetərli olmur. Ən azı 10 faiz, bəzi hallarda isə 40 faizə qədər güzəşt tələb edən şəbəkələr var. İstehsalçı da düşünür ki, məhsulun maya dəyəri 5 manatdırsa, supermarket şəbəkəsinə daxil olmaq üçün onun üzərinə 15 manat qiymət qoymalıdır ki, tələb olunan güzəştləri çıxandan sonra özünə 3-5 faiz xalis mənfəət qalsın.
- Bank kreditlərinin faiz dərəcələrini necə qiymətləndirirsiniz? Girov tələbləri kiçik sahibkarların fəaliyyətinə necə təsir göstərir?
- Bu, ən yaralı məsələlərdən biridir. Mən elmi-publisistik məqalələrimizdə, müxtəlif çıxışlarımızda daim bu məsələyə toxunuram. Hətta dövlətdən də xahiş edirəm ki, sahibkarlığın qarşısındakı əsas əngəllərdən biri kimi bu problemə diqqət yetirilsin. Sahibkar yüksək faizlə biznes qura bilməz. Bu gün 20 faizlə kredit götürərək biznesə başlayan sahibkarı uğur gözləmir. Bu, əvvəlcədən problemdir. Çünki rəqabət kəskindir və məhsulun üzərinə yüksək marja əlavə etmək mümkün deyil. Kredit üçün müraciət edən şirkətlər də, əsasən, çətinliklə üzləşdikləri zaman buna ehtiyac duyurlar. İstehsalda qeyd etdiyim problemlər yaranır, istehsalın fasiləsizliyini təmin etmək üçün maliyyə resurslarına ehtiyac olur. Sahibkar məcbur qalaraq kredit götürür, lakin müəyyən müddət mənfəət əldə edə bilmir. Bir məsələni də qeyd edim. Bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu güzəştli kreditləri 7-8 faizlə verir. Aqrar sektorda isə eyni mexanizm çərçivəsində kənd təsərrüfatı kreditlərini 5 faizə qədər faiz dərəcəsi ilə almaq mümkündür. Lakin bu mexanizmlər bütün sahələri, xüsusilə ticarət sektorunu əhatə etmir. İstehsalla bağlı sahələrə daha çox şamil olunur. Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yüksək faiz dərəcələri ilk növbədə qarşıya çıxan əngəllərdən biridir. Sualınızın ikinci hissəsinə, yəni bunun sahibkarların biznes fəaliyyətinə təsirinə gəlincə, deyə bilərəm ki, Azərbaycan biznes mühiti və biznes insanları çox istedadlı və bacarıqlıdırlar. Biz çoxlu ölkələrdə oluruq, insanları müqayisə edirik. Bizim sahibkarlarımız təşəbbüskardırlar, genetik biznes xüsusiyyətlərinə malik insanlardır. Sadəcə, düşünürəm ki, Neft Fondunun vəsaitlərindən dövlət səviyyəsində 1 milyard manat ayırmaq olar. Burada kiçik partiyalarla kreditlərin verilməsi də mümkündür. Əsas məsələ kreditin faiz dərəcəsindən əlavə, güzəşt müddətinin olmasıdır. Bu gün ticarətlə məşğul olan şirkətlərin pulunun geri dönüşü gecikir. İkinci məsələ isə xaricdən məhsul idxal edən sahibkarlarla bağlıdır. Yaxın qonşuları – Rusiya, İran və Özbəkistanı nəzərə almasaq, əsas idxal etdiyimiz ölkələrdən, o cümlədən Çin, Hindistan və Avropa ölkələrindən məhsulun Azərbaycana çatdırılması ən azı üç ay çəkir. Müharibədən sonra Hörmüz boğazının bağlanması ilə əlaqədar bu müddət daha da uzanmışdı. Buna görə də sahibkar ən azı 20 faiz avans, yəni ilkin ödəniş edir və məhsul üç aydan tez geri dönmür. Kredit verilərkən ən azı altı aylıq güzəşt müddəti olmalıdır. Sahibkar həmin müddətdə heç bir faiz ödəməməlidir ki, maliyyə resurslarından səmərəli istifadə edə bilsin. İkinci məsələ faiz dərəcəsidir. Düşünürəm ki, bu, 7 faizi keçməməlidir.Girov məsələsinə gəlincə, bəli, sahibkarın ikinci ciddi problemi məhz girov təminatıdır. Mən elə sahibkarlar tanıyıram ki, 1 milyon manat investisiya qoyaraq təsərrüfat yaradıb, quşçuluq fabriki tikib. Lakin həmin fabriki işlətmək üçün 150 min manat dövriyyə vəsaitinə ehtiyacı var və girov təminatı yetərli olmadığına görə kredit ala bilmir. Məsələn, sahibkar 1999-cu ildən çıxarışı olan torpaq sahəsində fəaliyyət göstərir, lakin girov problemi səbəbindən kredit əldə edə bilmir. Bir milyon yarım investisiya qoyub, amma 150 min manat dövriyyə vəsaiti yoxdur ki, həmin obyekti işlədə bilsin. Nəticədə obyektini sırf anbar kimi istifadə edir və ya ayda 1000-2000 manata digər strukturlara icarəyə verir.
- Sizcə, iri biznes subyektləri ilə kiçik sahibkarlar arasında rəqabət balansının qorunması üçün hansı addımlar atılmalıdır? Dövlət bu məsələdə hansı siyasəti həyata keçirməlidir?
- Suala görə təşəkkür edirəm. Çox gözəl sualdır. Bu tipli suallar çox nadir hallarda səsləndirilir. Əsas diqqət kiçik və orta sahibkarlığın inkişafına yönəldilir, iri sahibkarları isə yaddan çıxarırıq. Mən hər zaman deyirəm ki, Koreyanı dörd şirkət saxlayır. Yaponiyanın 18 şirkəti, hər əyalət üzrə bir transmilli korporasiyası var. Yaponiyanın büdcəsinin 80 faizini həmin şirkətlər formalaşdırır. Bizim də güclü şirkətlərimiz, ixraca meyilli transmilli korporasiyalarımız olmalıdır. Bu gün bizim iri şirkətlərimiz var, adlarını çəkmirəm. Onlar vaxtilə kiçik bir fiziki şəxsin balaca biznesi olan, hazırda isə iri şirkətə çevrilən sahibkarlardır. Bu gün artıq böyük müəssisələrə çevriliblər. Biz onları kiçik sahibkarlara görə sıxışdırmamalı, onlar üçün qeyri-məqbul mühit yaratmamalıyıq. Eyni zamanda, kiçik sahibkarlar üçün həddindən artıq rahat rejim yaradaraq iri şirkətlərin fəaliyyətinə mane olmamalıyıq. Hər iki istiqamətdə fərqli siyasət yürüdülməlidir. İri şirkətlər daha çox ixraca yönəldilməlidir, onların ixrac imkanları genişləndirilməlidir. Kiçik müəssisələr üçün isə istehsal imkanları yaradılmalı, dövlət onların istehsal fəaliyyəti üçün münbit şərait təmin etməlidir. Dövlət hər iki kateqoriyaya elə şərait yaratmalıdır ki, ölkənin gəlirlərini formalaşdıran bu strukturlar inkişaf edə bilsinlər. Başqa yolumuz yoxdur. Sahibkarlıq subyektləri ölkənin vergi daxilolmalarının əsas hissəsini təşkil edən strukturlardır. Böyük müəssisələrin öz böyük problemləri, kiçik müəssisələrin isə öz kiçik problemləri var. Bu gün bizim iri müəssisələrimiz niyə dünya bazarlarına çıxmasın? Açıq deyirəm, biz xaricdə keçirilən sərgilərdə iştirak edirik. Mən bu yaxınlarda İstanbulda keçirilən WorldFood sərgisində, Dubaydakı sərgilərdə oldum. Azərbaycandan çox az sayda şirkət təmsil olunur. Bu, narahatedici haldır. İnanın, orada 3-4 şirkəti çıxmaq şərtilə elə müəssisələrimiz var ki, məsələn, Rusiyanın bir Auchan supermarket şəbəkəsi ilə müqavilə bağlasalar, həmin şəbəkənin birillik tələbatını təmin etmək gücündə deyillər. Bu şirkətlərin istehsal gücünün artırılması üçün də tədbirlər görülməlidir. Bizim göstəricilərimiz var. Bu gün qeyri-neft sektoru üzrə 3,6 milyard dollar ixrac edirik. Yerdə qalan 24,8 milyard dollarlıq neft məhsulları ixracına qarşı 25 milyard dollarlıq idxalımız var. Demək olar ki, neftdən əldə etdiyimiz dollar hesabına satdığımız qədər məhsul alırıq. Bunun təxminən 2,5 milyard dolları ərzaq məhsullarının payına düşür. İdxal etdiyimiz məhsulların siyahısına baxaraq iri müəssisələri həmin sahələrə yönəltmək olar. Yəni hansı məhsulları böyük həcmdə idxal ediriksə, onların yerli istehsalını təşkil etməliyik. Məsələn, bu gün ayda təxminən 1 milyon dollar dəyərində çipsi idxal olunur. Həmin məhsulu idxal edən şirkəti dəvət edib soruşmaq lazımdır ki, bunun istehsalı üçün sizə nə lazımdır? Avadanlıq, işçi qüvvəsi, kadr, texnoloq? Dövlət dəstək versin, minimum faizlə kredit təşkil etsin, avadanlığın alınıb gətirilməsinə yardım göstərsin, kadr təminatına kömək etsin və həmin məhsul burada istehsal olunsun. Beləliklə, məhsulun maya dəyəri aşağı düşər. Əgər şirkət idxal etdiyi məhsuldan 1 milyon dollar satış əldə edirsə, əmin olun ki, həmin məhsulu Azərbaycanda istehsal etdikdən sonra satışını 1,5 milyon dollara çatdıra bilər. Niyə? Çünki məhsulun maya dəyəri aşağı düşəcək. Eyni zamanda, dövlətə dollar çıxışının qarşısı alınacaq və yerli məhsul istehsalı artacaq. Başqa bir məsələ də var. “Development economy”, yəni "inkişaf iqtisadiyyatı" modelində belə bir yanaşma mövcuddur: hər bir iqtisadi agentin müsbət investisiya qərarı digər agentlərin də müsbət qərarlarına təsir göstərir. Niyə? Çünki sən yerli istehsalı genişləndirdikcə, bu gün müəssisəndə 100 işçi çalışırsa, həmin 100 işçiyə ödədiyin əməkhaqqı vasitəsilə onlar başqa şirkətlərin əmtəə və xidmətlərini alırlar. Əgər işçilərin sayı 200-ə çatarsa, əlavə 100 nəfərin də xərcləri digər sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcək. Nəticədə digər sahibkarların da fəaliyyəti genişlənir. Əgər biz ixtisara getsək, müəssisəni kiçiltsək, digər subyektlərin də kiçilməsinə dolayı yolla səbəb olarıq. Bunu daha aydın izah etmək üçün iki firma təsəvvür edək. Biri ərzaq, digəri isə kimyəvi məhsullar istehsal edir. Birində 100 min, digərində 200 min işçi çalışır. Birinci müəssisəyə əlavə 100 min işçi götürüldükdə digər sahənin də fəaliyyəti genişlənəcək. Buradan 50 min işçi ixtisar edilsə, o biri sahənin də fəaliyyəti daralacaq. Ona görə də dövlət müsbət investisiya qoyuluşlarından çəkinməməlidir. Hətta sıfır faizlə də olsa, üç-beş iri şirkətə maliyyə dəstəyi verilməli və həmin vəsaitlər istehsala yönəldilməlidir.
- Qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılır. Necə düşünürsünüz daha hansı addımlar atılmalıdır?
- Burada yenə bir termini ortaya gətirirəm: xalis qeyri-neft sektoru.Bizim hazırda neft və qeyri-neft sektorunu büdcədə və iqtisadi təhlillərdə ayırma yanaşmamız reallığı tam əks etdirmir. Çünki qeyri-neft sektorumuzun özünün təxminən 50 faizə yaxını neftdən asılı olan qeyri-neft sektorudur. Məsələn, BP-nin maşınları təmir olunur, neft sektorunda 40 minə yaxın işçi çalışır. Bu insanlar aldıqları əməkhaqqı ilə digər sahələrin inkişafına dəstək verirlər, mal-material təminatı həyata keçirirlər. SOCAR-ın özünün və digər təşkilatlarımızın təmir briqadaları var, onlar müxtəlif yanacaq və digər məhsullar alırlar. Kənd təsərrüfatı məhsulları və başqa xidmətlərdən istifadə edirlər. Yəni qeyri-neft sektorundan neftlə bağlı sahələri çıxsaq, vəziyyət bir qədər narahatedici olar. Qeyri-neft sektorunun artımında və inkişafında müsbət dinamika var, xüsusi çəkisi də azalmağa doğru gedir. Burada iki səbəb mövcuddur. Birinci səbəb neft hasilatının azalmasıdır. Neft hasilatında 40 faiz azalma var. Əgər qazdan əlavə 8,8 milyard vəsait daxil olmasaydı, vəziyyət o qədər də ürəkaçan olmayacaqdı. Neft hasilatı azalmağa doğru gedir. Düşünürəm ki, qeyri-neft sektorunu inkişaf etdirmək və bəzi məhsullar üzrə idxaldan asılılığı aradan qaldırmaq üçün maksimum beş il vaxtımız var. Məsələn, bu gün Avropada bir hektardan 99 sentner taxıl götürülür. Azərbaycanda isə orta göstərici 32 sentnerdir. Əgər biz taxılçılıq sektorunda 60 sentner məhsuldarlığa nail olsaq, buğda və taxıl problemimizi həll edə bilərik. Çünki hazırda 1,5 milyon ton taxıl istehsal edirik, 1,27 milyon ton isə idxal edirik. Tələbatımızın 40-45 faizini idxal hesabına ödəyirik. Məhsuldarlığı iki dəfə artırsaq, təkcə bir məhsul üzrə ölkədə 300 milyon dollardan çox vəsait qala bilər. Qarğıdalı və quş yemi istehsalında istifadə olunan əsas inqrediyentlərin hamısını idxal edirik. Bunlar da kiçik rəqəmlər deyil. Halbuki bu problemləri aradan qaldırmaq imkanımız var. Sadəcə, biz indikativ planlaşdırmaya keçməliyik. Bu gün planlaşdırma söhbəti ortaya çıxanda bəzi iqtisadçılar ehtiyat edirlər. Düşünürlər ki, plan SSRİ-nin atributudur və planlaşdırma SSRİ ilə birlikdə tarixdə qalıb. Amma, gəlin, 1960-cı illərin Yaponiyasına nəzər salaq. Yaponiya yeddiillik planlar hazırlayırdı. Dövlət elan edirdi ki, növbəti yeddi ildə gəmiçilik sahəsini inkişaf etdirəcək. Bütün investisiyalar həmin istiqamətə yönəldilirdi, sahibkarlıq subyektləri bu sahəyə təşviq olunurdu. Növbəti yeddi ildə texnologiya və avadanlıq sahəsinin inkişafına diqqət yetirilirdi. "Sony", "Panasonic" və digər şirkətlər investisiyalarını həmin istiqamətə yatırırdılar. Bəs niyə bizdə indikativ planlaşdırma olmasın? Azərbaycanın statistik göstəriciləri əlimizin altındadır. Təhlil aparılmalı, prioritet istiqamətlər müəyyənləşdirilməlidir. Əgər hər hansı məhsul üzrə ölkədən 100 milyon dollardan çox vəsait çıxırsa, həmin məhsullar xüsusi nəzarətə götürülməlidir. Bütün imkanlar səfərbər olunaraq yerli istehsal təmin edilməlidir. Axı söhbət mürəkkəb texnoloji avadanlıqdan, kosmosa raket buraxmaqdan getmir. Üzüm bağı da salmaq olar. Aqrar sektorla bağlı məsələlərdir. Dünyanın ən güclü və tanınmış texnoloqlarını Azərbaycana dəvət edək. Aqrar mütəxəssisləri, seleksiya işi ilə məşğul olan alimləri ölkəmizə gətirək. 100 min, yaxud 1 milyon vəsait xərcləyək. Amma həmin mütəxəssislər bizə uyğun sortlar təqdim etdikdən sonra hər il ölkədə 300-500 milyon dollar vəsait qala bilər.
- Regionlarda sahibkarlığın inkişafı üçün yaradılan imkanlar bu gün nə dərəcədə effektivdir? Biz əsasən paytaxtdan danışırıq. Bakı ilə bölgələr arasında biznes fəallığı fərqini azaltmaq üçün hansı addımlar atılmalıdır?
- Bu, maraqlı sualdır. Burada sevindirici məqamlardan biri odur ki, ölkə üzrə optik internetin çəkilməsi regionlarda sahibkarlıq fəaliyyətinin inkişafına ciddi təsir göstərib. Ümumiyyətlə, belə bir statistika var: internet şəbəkəsinin əhatə dairəsi ölkə üzrə 10 faiz genişlənirsə, sahibkarlıq fəaliyyəti ən azı 1 faiz inkişaf edir. Nəyə görə? Çünki internet yayıldıqca insanlar elektron ticarətlə tanış olur, müxtəlif əmtəə və xidmətləri araşdırır, yeni xidmətlər görür və onların əldə olunması üçün hərəkətə keçirlər. Eyni zamanda, yeni biznes ideyaları ilə tanış olurlar. Bu da sahibkarlığa müsbət təsir göstərir. Lakin regionların bir xüsusiyyəti var. Bu gün regionlarda iqtisadi vəziyyət Bakı ilə müqayisədə kəskin fərqləndiyinə görə əsasən aşağı qiymət seqmentinə aid məhsullar üzrə ticarət qurulur. Aşağı qiymət seqmentində fəaliyyət göstərən sahibkarların çətinliyi ondadır ki, mənfəət marjası daha aşağı olur. Bu səbəbdən indiki faiz dərəcələri ilə kredit götürmək rayonlarda biznes fəaliyyəti üçün ciddi problem yaradır. Məsələn, bu gün meyvə şirəsini Bakıda 3 manata sata bilirsənsə, regionda onu 1 manat, 1 manat 50 qəpikdən baha satmaq mümkün olmaya bilər. Aşağı qiymət seqmentində olan məhsullarda mənfəət marjası da daha aşağıdır. Ona görə regionlarda, ilk növbədə, istehsalçıların sayı artmalıdır, əhalinin gəlirləri yüksəlməli, aqrar sektor canlanmalıdır. Aqrar sektorun canlanması məsələsində isə bizdə hələ ixrac mədəniyyəti tam formalaşmayıb. Bu il mənə Özbəkistandan badam ixracı ilə bağlı müraciət etdilər. Daxili badam istehsalçıları ilə görüşdüm, əlaqələr yaratdım və nəticədə 200 ton badam ixrac etdik. Bir Azərbaycan vətəndaşı kimi bu prosesdə utandım. Niyə utandım? Çünki elementar qablaşdırma standartlarına belə əməl olunmurdu. Badamın qablaşdırıldığı kisələrin çəkisi standart deyildi. Bir kisə 20 kiloqram, digəri 15 kiloqram, başqası isə 28 kiloqram idi. Kisələrin ağzı belə tikilməmişdi, adi qaydada düyünlənmişdi. Vəziyyət çox bərbad idi. Ən əsası isə sahibkarlar netto və brutto çəkisini anlamaq istəmirdilər. Mənə deyirdilər ki, “Müəllim, biz sizinlə netto-brutto barədə danışmamışdıq”. Hər maşında kisələrin çəkisinə görə 80-100 kiloqram tara fərqi yaranırdı. Sahibkar brutto çəkini əsas götürərək maşını tərəzidə 22 ton göstərir və həmin çəkinin pulunu alırdı. Mən deyirdim ki, axı kisələrin çəkisi var, onu çıxmaq lazımdır. Cavab verirdi ki, “Yox, siz bizimlə belə danışmamışdınız”. Mən də soruşurdum: “Yaxşı, birdən sənin kisən 5 kiloqram olsaydı, 800 kisənin hesabına 4 ton artıq kisənin pulunu Özbəkistandan, yaxud məndən alacaqdınmı?” Cavab verirdi ki, “Yox, onu danışmamışıq”. Deyirdim ki, bu gün Madaqaskara zəng edib mixəyin bir kiloqramının qiymətini soruşaq. Onlar sənə xalis çəkinin, yəni nettonun qiymətini deyəcəklər. Heç kim sənə qablaşdırma ilə birlikdə məhsulun brutto çəkisinin qiymətini demir. Bax, bu üç məsələ göstərir ki, sahibkarlarımız hələ biznes mədəniyyətini tam mənimsəməyiblər. Məhsulun görünüşü, dizaynı və forması da çox vacibdir. Məsələn, Türkiyə, İran, Azərbaycan və Gürcüstanı bu baxımdan müqayisə edək. Türkiyə bu sahədə hamımızdan öndədir. İnsanlar adi bir məhsula elə dizayn və əlavə dəyər verirlər ki, onu real dəyərindən 30-40 faiz baha sata bilirlər. İranın dizaynına baxaq. Eyni məhsulu İran necə qablaşdırır, necə dizayn edir? Bu sahədə də müəyyən çatışmazlıqlar var. Biz isə hələ həmin mərhələyə tam keçməmişik. Özümüzün də problemlərimiz mövcuddur. Xammal ölkəmizdə olsa da, selofan paketlər, bəzəkli dizayn materialları, şokolad istehsalı üçün istifadə olunan plyonkalar xaricdən gətirilir. İtaliyada yerli istehsalçılarımız karamellərin kağızlarını istehsal etdirib Azərbaycana gətirirlər. Nəticədə məhsulun maya dəyəri yüksəlir. Bu gün şokolad məhsulu nədir ki, biz onu Azərbaycanda 100 faiz yerli istehsal hesabına istehsal edə bilmirik? Halbuki bunu etmək mümkündür. Rusiya, Ukrayna, Belarus və hazırda Özbəkistanın özündən Azərbaycana külli miqdarda qənnadı məmulatları idxal olunur. Bu, kiçik rəqəmlər deyil. Azərbaycanda yerli istehsal təxminən 8 min ton, bazarın tələbatı isə 30 min tondur. Qalan hissə xaricdən idxal olunur. Niyə? Yerli istehsalın məhsulu vitrində 10 manata, Rusiya istehsalı olan məhsul isə 12 manata satılır. Təbii ki, alıcı 2 manat fərqə görə xarici məhsulu seçə bilər. Satış qiymətləri arasında ən azı 30 faiz fərq olmalıdır ki, istehlakçı yerli məhsula üstünlük versin. Regionlarda da eyni problem mövcuddur. Regionlarda istehsal olunan məhsullar əhalinin gəlir səviyyəsi aşağı olduğuna görə nisbətən ucuz satılmalıdır. Lakin istehsalçı həmin qiymət fərqini təmin edə bilmir. Niyə? Çünki məhsulun maya dəyəri var və onun üzərinə ölkə üzrə eyni standart 15-20 faizlik marja əlavə olunur.
Ayhan
13:00 17.11.2026
Oxunuş sayı: 128