Dövlət Tərcümə Mərkəzinin binası mübahisə yaratdı – Kimə veriləcək?
Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsi “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirə keçirib. Dinləmədə iştirak edən Xalq yazıcısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qeyd edib ki, Dövlət Tərcümə Mərkəzinin binası və büdcəsi AYB yə ayrılsın. Bu fikir sosial şəbəkələrdə ciddi müzakirələrə hətta qınaqlara səbə olub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, Tərcümə Mərkəzinə ayrılan büdcə ANAİB-ə ayrılmalıdır! “Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məqsədilə ANAİB bu yöndə ciddi işlər görə bilər. Bu vəsait hesabına şəffaf qaydalarla işləyən, nəticələri ölçülən tərcümə və nəşr dəstəyi fondu yaradılmalıdır. İllərdir bu barədə yazır, müxtəlif platformalarda məsələni gündəmə gətirirəm. Ədəbiyyatımızın xaricdə tanıdılması ayrı-ayrı müəlliflərin şəxsi imkanlarından və əlaqələrindən asılı qalmamalıdır. Bunun davamlı maliyyəsi, peşəkar idarəçiliyi və konkret hədəfləri olmalıdır. Təəssüf ki, mənim qənaətimcə, Tərcümə Mərkəzinə yaradılan imkanlar və ayrılan vəsait Azərbaycan ədəbiyyatının beynəlxalq kitab bazarına çıxışı baxımından gözlənilən nəticəni vermədi. Görülən ayrı-ayrı işləri və uğurlu nümunələri inkar etmirəm. Ancaq əsas sual budur: nəşr olunan kitabların neçəsi xarici ölkələrin kitab mağazalarına, satış şəbəkələrinə və real oxucusuna çatdı? Neçə müəllifimizin əsərinə xarici nəşriyyatlarda davamlı maraq yarandı? Kitabın xaricdə çap olunması hələ onun dünyada tanınması demək deyil. Kitab tərcümə edilə, nəşr oluna, hətta təqdimatı da keçirilə bilər. Amma satışa çıxmırsa, oxucuya çatmırsa və sonrakı nəşrlərə yol açmırsa, bu işin təsiri məhdud qalır”.

Ş.Sadiq qeyd edib ki, indiyədək şəxsi təşəbbüslər hesabına görülən işlər dəyərlidir: “Lakin milli ədəbiyyatın tanıtımını yalnız bu təşəbbüslərin üzərində qurmaq olmaz. Seçim şəxsi yaxınlığa, qohumluğa və yerliçilik münasibətlərinə deyil, əsərin bədii dəyərinə, tərcümə keyfiyyətinə və xarici oxucuya çatmaq imkanına əsaslanmalıdır. Təklifim konkretdir: Türkiyənin TEDA proqramına bənzər tərcümə və nəşr dəstəyi mexanizmi yaradılsın. TEDA xarici nəşriyyatların türk ədəbiyyatı və mədəniyyətinə aid əsərləri başqa dillərdə nəşr etməsinə maddi dəstək verir. Biz də Azərbaycan müəllifinin əsərini yayımlamaq istəyən xarici nəşriyyata müəyyən şərtlər daxilində dəstək göstərə bilərik. Bu dəstəyin aydın tələbləri olmalıdır: müəlliflə hüquq müqaviləsi, keyfiyyətli tərcümə, əsaslandırılmış tiraj, satış və yayım planı, tanıtım öhdəliyi və görülən işə dair hesabat. Müəllifin qonorar məsələsi də müqavilədə öz əksini tapmalıdır. Nəticə yalnız çap edilən kitabların sayı ilə deyil, onların oxucuya çatması ilə qiymətləndirilməlidir. Bəs niyə ANAİB? Çünki bu işi həyata keçirə biləcək təcrübəli naşirlərimiz var. Naşir kitabın hazırlanmasından satışına qədər bütün mərhələlərlə işləyir, xarici tərəfdaşlarla danışıqlar aparır, nəşr hüquqlarının və yayımın əhəmiyyətini bilir. Bu peşəkar potensialı ortaq məqsəd ətrafında birləşdirmək lazımdır. Əlbəttə, vəsaitin ANAİB-ə ayrılması özü-özlüyündə uğur zəmanəti deyil. Fond açıq müsabiqə, müstəqil ekspert qiymətləndirməsi və ictimai hesabatlılıq prinsipləri ilə işləməlidir. Dəstək imkanları yalnız assosiasiya üzvləri ilə məhdudlaşmamalı, maraqlar toqquşmasının qarşısını alan qaydalar əvvəlcədən müəyyənləşdirilməlidir. Belə bir mexanizm Azərbaycanda müəllif hüquqlarının xaricə satışında ixtisaslaşan özəl ədəbi agentliklərin yaranmasına və inkişafına da təkan verə bilər. Bu isə müəllif, tərcüməçi, naşir və xarici kitab bazarı arasında davamlı əməkdaşlıq deməkdir. Azərbaycan ədəbiyyatının dünyaya çıxışı üçün davamlı işləyən sistem qurmalıyıq. Həmin vəsait məhz bu məqsədə yönəldilməli, ANAİB-ə isə bu işi konkret öhdəliklər və açıq hesabatlılıq əsasında həyata keçirmək imkanı verilməlidir!”.

Jurnalist, Tərcüməçi
Arzu Qazıyeva isə qeyd edib ki, bu məsələyə iki ayrı problem kimi yanaşmaq
lazımdır: “Azərbaycan Yazıçılar Birliyinin binasında kitabxananın genişləndirilməsi,
muzey yaradılması, ədəbi tədbirlərin keçirilməsi üçün şəraitin qurulması müsbət
təşəbbüsdür. Amma Dövlət Tərcümə Mərkəzinin
fəaliyyəti yalnız yazıçıların əsərlərinin xarici dillərə tərcüməsi ilə məhdudlaşmırdı.
Burada Azərbaycan ədəbiyyatının dünyada tanıdılması, xarici ədəbiyyatın dilimizə
çevrilməsi, müxtəlif sahələr üzrə tərcümə işinin təşkili və dil siyasəti ilə
bağlı məsələlər də var idi. Mərkəzin ləğvindən sonra bu ehtiyaclar aradan
qalxmayıb. Əksinə, qloballaşan dünyada Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq
miqyasda təmsil olunması daha böyük əhəmiyyət daşıyır. Ona görə də mən tərcümə
sahəsinin ayrıca və peşəkar mexanizmlə fəaliyyət göstərməsinin tərəfdarıyam. Düzdür,
Tərcümə Mərkəzi vaxtilə AYB-nin tərkibində olub. Lakin Yazıçılar Birliyinin
maliyyə ehtiyacının həllinin başqa bir qurumun inkişafı üçün nəzərdə tutulmuş vəsait
hesabına qarşılamağın nə dərəcədə düzgün olmasının cavabı aydın olmalıdır. Ona
görə də bir qurumun binasını və büdcəsini digərinə verməkdən əvvəl, ləğv
edilmiş qurumun yerinə hansı ictimai ehtiyacı ödəyəcəyini müəyyənləşdirmək
vacibdir. Hörmətli yazıçımız Anarın təklif
etdiyi binanın mədəniyyət ocağına çevrilməsini isə ayrıca müzakirə predmeti ola
bilər. Binanın taleyi ilə tərcümə fəaliyyətinin taleyini bir-birinə bağlamaq
düzgün olmazdı. Məncə, Tərcümə Mərkəzi ləğv edilibsə, onun yerinə Azərbaycan tərcümə
məktəbinin və ədəbiyyatının inkişafı üçün hansı mexanizmin yaradılması da vacib
məsələ olmalıdır”.
Ayhan
15:35 16.11.2026
Oxunuş sayı: 98