Kuşner Ukraynanın gələcəyi ilə bağlı ABŞ-nin mövqeyini açıqladı
"ABŞ Avropada formalaşdırılması təklif olunan yeni təhlükəsizlik sistemində NATO-nun əsas rolunu qoruyub saxlayacaq".
Crossmedia.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, NATO Avropanın təhlükəsizliyinin ən mühüm dayağı olaraq qalacaq. Kuşner qeyd edib ki, Vaşinqtonun məqsədi Avropada mövcud institutlara və razılaşmalara əsaslanmaq, təhlükəsizlik öhdəliklərini, kommunikasiya və şəffaflığı gücləndirmək, həmçinin gərginliyin azaldılması mexanizmlərini inkişaf etdirməkdir.
O vurğulayıb ki, bu yanaşma əldə olunacaq sülhün uzunmüddətli olmasına xidmət etməlidir.
Kuşnerin fikrincə, müharibədən sonrakı təhlükəsizlik mexanizmləri gələcəkdə yeni münaqişələrin başvermə ehtimalını azaltmalıdır. O əlavə edib ki, ABŞ Ukraynanın etibarlı təhlükəsizlik təminatları əldə etməsini, Avropa İttifaqına üzv olmasını və avropalı tərəfdaşlar, Dünya Bankı və digər təşkilatlarla birlikdə hazırlanmış hərtərəfli müharibədən sonrakı inkişaf planına sahib olmasını vacib sayır.
Qeyd edək ki, noyabrın 4-də Kuşner Ağ Evin Avropada yeni təhlükəsizlik sistemi yaratmaq niyyətində olduğunu və bu sistemin yeni böhranın qarşısını almalı olduğunu bildirmişdi.
Daha sonra “The New York Times” qəzeti Rusiyanın NATO infrastrukturunun 1997-ci il sərhədlərinə geri çəkilməsini nəzərdə tutan yeni Avropa təhlükəsizlik sistemi təklif etdiyini yazmışdı.
Noyabrın 16-da Almaniyanın xarici işlər naziri İohann Vadeful Rusiyanın Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı tələblərini “absurd” və “maksimalist” adlandırıb. Həmin gün Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da Moskvanın təhlükəsizlik tələblərini hərbi əməliyyatların davam etdirilməsi üçün bəhanə kimi qiymətləndirib.
Bundan əvvəl Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə danışıqlarda növbəti addımları Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla müzakirə ediblər.
23:16 16.11.2026
Oxunuş sayı: 41