Pensiya sistemində yeni qayda - bu şəxslərin pensiyası artacaq
Milli Məclisdə hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni mexanizm müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiyalarının hesablanmasında fərdi şəxsi hesabda toplanan pensiya kapitalı və hərbi rütbə əsas götürüləcək. Eyni zamanda, rütbələr üzrə sabit aylıq pensiya əlavələrinin müəyyənləşdirilməsi və xidmətdə olmanın son yaş həddinin həmin rütbə üzrə pensiyaya çıxma yaşı kimi qəbul edilməsi nəzərdə tutulur. Müzakirələr zamanı bildirilib ki, yeni sistem çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artırılması və bu məqsədlə illik 550 milyon manatadək əlavə vəsait ayrılması planlaşdırılır. Təklif olunan yaş hədlərinə görə müddətdən artıq xidmət keçmiş gizir və miçmanlar, eləcə də kiçik zabitlər üçün 58 yaş, mayor və polkovnik-leytenantlar üçün 58 yaş, polkovnik və ona bərabər rütbələr üçün isə 53 yaş nəzərdə tutulur. Yeni mexanizmin hərbi qulluqçuların pensiya təyinatını elektron və daha qısa müddətdə həyata keçirməsinə imkan verməsi də gözlənilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, yeni mexanizmin məntiqi hərbi qulluqçunun daha uzun müddət xidmət etməsini pensiya hüququ ilə daha birbaşa əlaqələndirməyə yönəlib:

"Yeni mexanizmdə hərbi qulluqçuların pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanda 2006-cı ildən etibarən vətəndaşların pensiya təminatı fərdi uçot və sığorta prinsipləri əsasında həyata keçirilir. Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin də təkmilləşdirilməsi zəruridir. Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatında fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı və tutduğu hərbi rütbə əsas götürüləcək. Bununla yanaşı, rütbəyə uyğun sabit aylıq pensiya əlavəsinin müəyyən edilməsi, eləcə də hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddinin pensiya yaşı kimi qəbul edilməsi nəzərdə tutulur. Xidmət davam etdikcə fərdi hesabda pensiya kapitalının formalaşması və gələcək pensiyanın həmin kapitaldan asılı olması uzunmüddətli xidmət üçün əlavə stimul yarada bilər. Eyni zamanda, daha yüksək rütbəyə çatmaq yalnız hərbi qulluqçunun xidmətdəki statusuna deyil, pensiya dövründə əldə edəcəyi aylıq gəlirə də təsir göstərəcək".
Professor qeyd edib ki, yeni mexanizm hərbi qulluqçunun “pensiya hüququ qazandım, indi xidmətdən çıxım” yanaşmasını müəyyən qədər zəiflədə və onun xidmətdə daha uzun müddət qalmasını təşviq edə bilər. Bu, xüsusilə uzunmüddətli hazırlıq və peşəkar təcrübə tələb edən zabit vəzifələri baxımından əhəmiyyətlidir. Yeni modelin əsas potensial üstünlüyü pensiyanın yalnız xidmətdən ayrılarkən müəyyən edilən təminat xərcliyinə deyil, karyera ərzində formalaşan fərdi pensiya kapitalı və hərbi rütbə ilə əlaqələndirilməsidir. Bu yanaşma uzunmüddətli xidmət üçün maliyyə motivasiyası yarada bilər. Bununla belə, yeni mexanizmin avtomatik olaraq hərbi qulluqçuların daha uzun müddət xidmət etməsinə güclü stimul verəcəyini indidən birmənalı şəkildə söyləmək olmaz. Burada həlledici amillərdən biri konkret rütbələr üzrə müəyyən ediləcək əlavələrin məbləği, digər vacib məsələ isə əlavə xidmət illərinin pensiya kapitalının həcminə necə təsir edəcəyidir. İslahatın ordunun peşəkar kadr təminatına da müsbət təsir göstərmək potensialı var. Təcrübəli zabitin hazırlanması illər tələb etdiyindən, onun xidmətdə əlavə bir neçə il qalması rəhbərlik, təlim və ixtisas təcrübəsinin daha gənc hərbi qulluqçulara ötürülməsinə imkan yarada bilər".
Zeynəb Həsən
15:00 01.10.2026
Oxunuş sayı: 52