Puma 33 metr hündürlükdə ağacın başında görüntülənib
Fransa Qvianasının tropik meşələrində quraşdırılan fototələ 33 metr hündürlükdə ağacın budaqları üzərində hərəkət edən pumunu qeydə alıb. Yırtıcıdan təxminən 20 dəqiqə əvvəl həmin budaqdan kinkaju adlı kiçik ağac məməliləri keçib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.press” bu barədə məlumat yayıb.
Müşahidə Fransa Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçılarının rəhbərlik etdiyi elmi qrup tərəfindən aparılıb. Araşdırmanın ilkin versiyası “bioRxiv” platformasında yerləşdirilib və hələ elmi ekspertizadan keçməyib.
Fototələ So-Para meşəsində muskat ağacının yüksək hissəsində quraşdırılıb. Alimlərin ilkin məqsədi meyvə verən ağaclara gələn heyvanları müşahidə etmək olub.
Kameranın görüntülərində əvvəlcə yetkin dişi kinkaju və onunla birlikdə olan balaca fərd qeydə alınıb. Təxminən 20 dəqiqə sonra həmin budaqla puma hərəkət edib. Yırtıcı bir neçə dəfə dayanaraq heyvanların olduğu yerləri iyləyib və təxminən 15 dəqiqə ərazini araşdırdıqdan sonra uzaqlaşıb.
Tədqiqatçılar bu ardıcıllığı pumanın mümkün ovunu izləməsi kimi qiymətləndirirlər. Lakin kamera təqib, hücum və ya ovun tutulması anını qeydə almayıb. Buna görə də ehtimal olunan ovun nəticəsi məlum deyil.
Pumalar ağaclara dırmaşmaq qabiliyyətinə malik olsalar da, adətən əsasən yerdə ov edən yırtıcılar kimi öyrənilirlər. Bu görüntü onların ağacların hündür hissəsində yaşayan heyvanlar üçün də təhlükə yarada biləcəyini göstərir.
Müşahidənin nadir olduğu bildirilir. Uzun illər davam edən və on minlərlə hadisənin qeydə alındığı layihə çərçivəsində bu cür ardıcıllığa yalnız bir dəfə rast gəlinib. Buna görə də pumaların ağacların yüksək hissəsində nə qədər tez-tez ov etdiyini müəyyənləşdirmək hələlik mümkün deyil.
23:44 15.11.2026
Oxunuş sayı: 89